Hərbi ekspert sosial şəbəkə istifadəçilərinə səsləndi: “İmkan verin...”

Hərbi ekspert sosial şəbəkə istifadəçilərinə səsləndi:  “İmkan verin...”

Üzeyir Cəfərov: “Yazdıqlarınızı düşmən dezinformasiya yaymaq üçün dərhal istifadə edir”

Tovuz rayonu istiqamətində döyüşlər davam edir. Bu çətin günlərdə sosial şəbəkələrdə təxribata bərabər xəbərlər yayılır. Bir çox hallarda belə xəbərləri yayanlar özləri də bilmədən düşmən tərəfə qüvvələrimizin yerdəyişməsi haqda zəruri məlumatlar ötürür, düşmənin adekvat və dəqiq zərbə endirməsinə şərait yaratmış olurlar.

Nə etməli?

Vəziyyətdən çıxmaq üçün sosial şəbəkələrin bağlanması çağırışları real görünür. Texniki imkanların bu çağında bu və ya digər sayta girişin bağlanması, məhdudlaşdırılması ilə nəticə əldə etmək olmaz.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, hazırda ölkəmizin gələcəyini müəyyən edən hadisələr baş verməkdədir: “Düşmən tərəfi təkcə ən müxtəlif silahlardan atəş açmaqla kəndlərimizi atəş altında saxlamır, həm də hərtərəfli informasiya müharibəsi aparır. Fikir verin, düşmən tərəfi sosial şəbəkədə itkiləri ilə bağlı susqunluq nümayiş etdirir, okeanın o tayından senatorlara, Nümayəndələr Palatasının üzvlərinə öz mövqelərinə uyğun postlar yazdırmağa qədər səy göstərirlər. Qeyri-dəqiq, çaşdırıcı, təxribata çəkən məlumatları dövriyyəyə buraxırlar. Bizim tərəfdən isə elə xəbərlər yayanlar var ki, bu adamların niyə bu cür addımlar atmasının səbəbini məntiqlə izah etmək olmur. Sosial şəbəkədə hərbi texnikamızın, əsgərlərimizin hansı istiqamətə getməsi, hansı silahlarla silahlanmaları və bu kimi fotolar, videolar yaymaq düşmənə hədəf göstərmək deyil? Bu qədər də düşüncəsizlik olar? Məsələn, qardaş Türkiyədə bu cür situasiyalarda filtrasiya mövcuddur. Antiterror əməliyyatları zamanı sosial şəbəkədəki qudurğanları cəzalandırırlar. Mən kiminsə həbsə atılmasının tərəfdarı deyiləm. Eyni zamanda belə şəxslərlə müvafiq dövlət qurumları məşğul olmalı, çağırıb izahedici söhbətlər aparmalıdırlar. Tutaq ki, kimsə döyüşlərin getdiyi ərazidə yaşayır, qonaq gedib və orada ordumuzun hərbi birləşmələrinin hərəkətini göstərən fotoları çəkib yayır. Sosial şəbəkə belədir ki, anındaca həmin paylaşımı şəxsi dost-tanışı ilə yanaşı düşmən tərəfi də görür və dərhal qərar verə bilir. Bu cür məsələlər diqqətə alınmalıdır. Biz müharibə şəraitindəyik!”

Hərbi ekspert bildirib ki, bu cür paylaşımlara nəhayət ki, son qoyulmalıdır: “Sözüm sosial şəbəkə istifadəçilərinədir: vicdaniniz olsun, etməyin, eləməyin belə. Açıq səhifədə yazdıqlarınızı düşmən şəxsi heyət arasında panika, dezinformasiya yaymaq üçün dərhal istifadə edir. Mane olmayın düşmənlə üz-üzə qalan əsgər və zabitlərə. Bu müharibədir. Bu real ölümdür. Bu savaşda sıravi əsgərindən tutmuş ən yüksək rütbəli zabitin, generalın belə həlak olması qaçılmazdır. Bu, Amerikada da belədir, Afrikada da belədir, bizdə də ola bilir. Sizdən yeganə xahiş: ağzınıza gələn və ağlınıza gələnləri yazmayın. İmkan verin dövlətin ordusu öz işini görsün”.

Hərbi ekspert Azərbaycan hüquq-mühafizə orqanlarına da müraciət edib: “Ölkənin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirən istənilən şəxsi cəzalandırın, ictimaiyyətə təqdim edin. Dövlət və hərbi sirri yayanların sayı həddindən çox artıb. 2014-cü il, deyəsən, bəzilərinin yadından çıxıb. Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin rəsmi məlumatlarından savayı heç bir xəbəri özünüz yaymayın, paylaşmayın. Tanrı şəhidlərimizə rəhmət eləsin, əsgər və zabitlərimizə kömək olsun!!!”

Hərbi ekspert bəzi ABŞ konqresmenlərinin Ermənistana dəstək ifadə edən mövqeyinə etirazını da bildirib: “ABŞ-ın Azərbaycandakı səfirliyinə Azərbaycan xəritəsini, BMT-nin Ermənistanı işğalçı kimi tanıyan 4 qətnaməsinin surətlərini yollamışam. Təsəvvür edin ki, ABŞ senatoru Ed Markey bəyan edib ki, Azərbaycan və Türkiyə Ermənistan-Azərbaycan sərhədinə hörmət etməlidir, Dağlıq Qarabağın erməni xalqının istəklərinə hörmət etməli və bu konflikti dərhal de-eskalasiya etməlidirlər.

Senator deyir ki, Ermənistan öz ərazi bütövlüyünü qoruyur. Bu qədər absurd və yalan olmaz! Ermənistan təcavüzçü dövlətdir, ortada olan BMT qətnamələri də bunu təsdiq edir. Sosial şəbəkədə ağlına gələnləri yazanlar Ed Markeyə, ABŞ-ın Azərbaycandakı səfirliyinə məktub yazsınlar. Tovuz rayonu nə vaxtdan Dağlıq Qarabağın ərazisidir? Ed Markey, bu qədər yalan olar? Yazır ki, ərazi bütövlüyünü qoruyan Ermənistanla çiyin-çiyinə dayanıram. Ermənistan Azərbaycanın dinc əhali yaşayan kəndlərini ağır silahlardan atəş açmaqla qadın, uşaq, ahıl, qoca bilmədən qətl edən dövlətdir. Ed Markey inanıram ki, xəritəyə baxıb, BMT qətnamələri ilə tanış olandan sonra danışığının yanlışlığını anlayacaq. Əlbəttə ki, bu cür yanlışlığa bilərəkdən yol verməyibsə".

Hərbi ekspert deyib ki, Kaliforniya ştatından Nümayəndələr Palatasının üzvü Adam Şiff də postunda Ed Markeydən o qədər də fərqlənməyən yanlış və qərəzli mövqe sərgiləyib: “Adam Şiff ”bu əməllər əsgər və mülki vətəndaşların həyatlarını riskə qoyur və ələlxüsus qlobal pandemiya dönəmində regionu viran qoya biləcək konfliktin nəzarətdən çıxma təhlükəsini artırır" deyir və Azərbaycan tərəfini günahkar bilir. Halbuki vəziyyətin gərginləşməsində Ermənistanın rolu danılmazdır. Hər kəs bilir ki, Ermənistan tərəfi təxribatla məşğuldur, hücuma keçən də məhz Ermənistandır. Adam Şiff əslində Ermənistan tərəfini ittiham etməlidir. Regiondakı gərginliyin yaranmasında birbaşa Ermənistan tərəfi günahkardır. Azərbaycan qarşı tərəfin Dağlıq Qarabağdakı münaqişə zonasından onlarla kilometr uzaq bir ərazisinə, dövlət sərhədinə hücumlara beynəlxalq razılaşmalara, müqavilələrə uyğun olaraq tam qanuni şəkildə adekvat reaksiya verib. Bunu hər kəs bilməlidir".

 

 

Mənbə: moderator.az