Mirziyoyev üç aylıq dərman tədarükünün yaradılması barədə göstəriş verdi

Mirziyoyev üç aylıq dərman tədarükünün yaradılması barədə göstəriş verdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 14-də videokonfrans keçirib, ölkədəki epidemioloji vəziyyətə ayrıca toxunub və üç ay ərzində dərman ehtiyatı yaratmağı tapşırıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti Telegram-dakı kanalında məlumat yayıb.

“Nə qədər pul lazımdırsa, verək. Amma dərmanlar bahalaşanda bu, xalqımızın narazılığına səbəb olur. Bunu ciddi nəzarət altına almalıyıq. Yenə deyirəm: bizdə hər şeyin ehtiyatı var, yoxdursa, gətiririk. Bununla birlikdə yerlərə çatdırılmada çətinliklər var. Hər bölgədə qiymətlər dəyişir. Buna görə də ehtiyat yaratmalı və qiymətlərə diqqət yetirməliyik” deyib.

Prezident sektor rəhbərlərinə ərzaq bazarlarında qiymətlərə nəzarət etməyi tapşırıb.

“Bölgələrdə dörd regional lider bazara nəzarət etməlidir. Özbəkistanda qida problemi yoxdur. Allaha şükür, indi yetişmə vaxtıdır. Əhaliyə keyfiyyətli və ucuz məhsulların çatdırılması üçün tədbirlər görmək lazımdır. Qışa hazırlıq işlərini bu gündən başlayacağıq” deyib.

Mirziyoyev əhali tərəfindən karantin tədbirlərinə əməl olunmasını da xatırladıb.

“Eyni zamanda, vəziyyətdən asılı olaraq, zəruri hallarda karantin tələblərinə tam əməl etməliyik. Ailəmizin, övladlarımızın, hörmətli yaşlıların sağlamlığı naminə hamımız dözməliyik və karantin qaydalarını qorumalıyıq. Bir az səbr edin, bu günlər tezliklə bitəcək” deyib.

 

KONKRET.az

Mənbə: konkret.az