Siyasət adamları və keçmiş döyüşçülər düşmənlə üz-üzə olan əhaliyə təşəkkür etdilər

Siyasət adamları və keçmiş döyüşçülər düşmənlə üz-üzə olan əhaliyə təşəkkür etdilər

İyulun 12-dən etibarən Tovuz istiqamətində ermənilərin təxtibat törətmələrindən sonra başlayan gərginlik artan xətlə gedir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməkdədir.

Bütün Tovuz əhalisi döyüşlərin elə ilk günündəcə ayağa qalxdı, şəhidlərimizi qarşıladı, ordumuza dəstək oldular. Hətta döyüş gedən ərazilərə vuruşmaq üçün axın edənlər də az olmadı. Bu gün də Tovuz əhalisi döyüşmək əzmini nümayiş etdirməkdədir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Tovuz bölgəsində əhalinin döyüşmək istəyi bir bölgənin iradəsi deyil: “Bizim əhali həddindən artıq məğrur, qürurlu və torpağına sahib çıxmağı bacaran bir xalqdır. Bunu zaman-zaman göstərib. Qarabağ məsələsi başlayanda ov tüfəngləri ilə sərhədlərini qoruya bilən və ən primitiv silahlarla Xankəndinin 7 kilometrliyinə qədər irəliləyən xalqımızdır. Onu da nəzərə alaq ki, biz millət olaraq döyüşü çox gözəl bacarırıq. Türk etnosu mütəmadi olaraq öz döyüş qabiliyyəti, davranışları ilə tarix yazıb, imperiyalar qurub. İndi kiçik bir qurumun, Rusiyanın nəzarətində olan əyalətin gəlib Azərbaycan torpaqlarını əsarətə almasına təbii ki, bu xalq dözmür. Tovuzda əhalinin bu məsələdə etirazı və döyüşmək istəyi bir bölgənin istəyi kimi qəbul olunmalı deyil. Bu, birbaşa milli iradədir. Atəşkəs anlaşması olandan indiyə qədər mütəmadi olaraq Azərbaycan tərəfi istəyib ki, torpaqları azad olunsun. Ona dinc yolla torpaqların azad olunması vədi verilib, amma bu vədə əməl olunmayıb. Bir gün qan tökülməlidir ki, mütəmadi qan tökülmələrinə son qoyulsun.

Fərəc Quliyev: “Tovuzdakı qardaşlarımızın iradəsi...”

Bunun savaşdan başqa yolu yoxdur. Biz 30 illik təcrübədə gördük ki, nə beynəlxalq qurumlar, nə də super güclər haqqımızı yetərincə müdafiə etmədilər. Ölkə Prezidentinin son çıxışında ATƏT Minsk Qrupuna və beynəlxalq təşkilatlara bildirdiyi iradlar bir daha onu göstərdi ki, bu qurumlardan heç nə çıxmayacaq. Bunu hər kəs qəbul edib. Artıq iş o yerə çatıb ki, ermənilər işğal etdikləri ərazilərdən kənar yerlərdə də fəallaşıblar. Müharibə davam edir. Ərazilərimizi azad edib, bütün bu problemlərə son verməliyik. Tovuz rayonunun əhalisinin timsalında Azərbaycan əhalisinin istəyi doğru bir istəkdir. 2016-cı ildəki aprel zəfərində gördük ki, səfərbər olunub ərazilərimizin azad olunmasını təmin edə bilərik. Qısa zamanda bu məsələ bitməlidir. Türkiyə tərəfindən əvvəlkilərdən fərqli olaraq konkret bir mövqe ortaya qoyuldu. İndiyə qədər siyasi çözüm yollarında dəstək olan Türkiyə xarici işlər nazirinin timsalında Azərbaycanın hansı vasitələrdən istifadə edərsə yanında olacaqlarını bəyan etməsi hərbi məsələlərdə də dəstək ifadəsidir. Bütövlükdə özümüzə güvənərək, savaşa başlamalıyıq. Kim nə deyirsə-desin bu savaş olacaq”.

Azad İsazadə: “Hərbiçilər əhalinin arxalarında dayandıqlarını...”

Hərbi psixoloq Azad İsazadə bunları dedi: “Ümumiyyətlə, xalqın arasında uzun illərdir ki, qələbə, döyüş arzusu var. Yada salaq, 2016-cı ilin aprel döyüşlərini. Hamımız sevinirdik, özü də bir yerdə, göz yaşları ilə. Başa düşürdük ki, çətin, ağır döyüşlər gedir. Əhalinin 99%-dən söhbət gedir ki, qələbə arzusu ilə yaşayır. Bu qələbə qansız, itkisiz olmayacaq. Hamımız arzu edirik ki, bu tezliklə baş versin. Hərbi strateji baxımdan aprel döyüşlərini uğurlu saya bilərik. Amma bunu qələbə kimi qəbul edə bilmərik. Çünki Qarabağ hələ də işğal altındadır. Xalqımız bu qələbə üçün o qədər darıxıb ki, bunu ifadə etmək çətindir. Onun üçün də kiçik uğuru belə qələbə kimi qəbul edir. Tovuzda əhalinin ayaqda olmasını bütün Azərbaycana şamil etmək olar. Tovuzdakı döyüşləri biz mətbuatdan, telekanallardan izləyirik, amma oradakı əhali atəş səslərini eşidir, döyüşün içərisindədirlər. Tovuzun küçələrindən şəhidlərimizi, yaralılarımızı arxa cəbhəyə aparırlar. Bunların hamısı göz qabağındadır. Bu da rayon əhalisinə emosional formada təsir göstərir. Karantin rejiminə baxmayaraq, insanlar küçələrə çıxdılar. Xalqımızda bu ruh yüksəkliyi var. Buna qarşı çıxmaq da, super dəstəkləmək də lazım deyil. Gedən proseslər təbiidir. Hər halda, küçələrə çıxanları hərbiyə aparası deyillər. Kifayət qədər hər an döyüşə hazır olan hərbiçilərimiz var. Hərbiçilər əhalinin arxalarında dayandıqlarını hiss edəndə sözsüz ki, döyüşə daha ümid və ürəklə gedir”.

Səfər Hümbətov: “Hərbçinin arxa cəbhədən beli bağlı olmasa...”

Tanınmış döyüşçü Səfər Hümbətov: “Türklər tarixən öz savaşları, döyüşkənlikləri ilə ad çıxarıblar. İndinin özündə Qarabağ problemimizin öz həllini tapmaması, uzanması insanlarımızda yığılmış narazılığın bu gün üzə çıxmasıdır. Xalqımız yumruq kimi birləşib ərazilərimizi düşməndən azad etmək əzmindədir. Ona görə bu cür vəziyyətlərdə Tovuzdakı kimi hallar meydana çıxır. Əslində bunun çox böyük bir müsbət tərəfi var. Ön cəbhədə vuruşan əsgər üçün arxa cəbhənin möhkəm olması vacib amillərdən biridir. Hərbçinin arxa cəbhədən beli bağlı olmasa, onun üçün ön cəbhədə vuruşmaq çətin olur. Amma bu proseslər dövlət tərəfindən kordinəli şəkildə aparılmalıdır. Bilirsiniz ki, aprel döyüşlərində də gənclərimiz ordumuza dəstək üçün ön xəttə yaxınlaşmışdılar. Düşən mərmilərdən biri maşında iki gəncimizin həyatına son qoymuşdu. Ümid edirik ki, bu dəfə bu cür hallara aidiyyəti qurumlarımız imkan verməzlər. Amma videoların çəkilib sosial şəbəkələrdə, mətbuat orqanlarında paylaşılması müsbət bir haldır. Bunu alqışlayıram. Düşmənlərimiz bütün bunları yaxşı görür. Erməni tərəfdə heç belə videolara rast gəlmədik. Belə videolar onlarda psixoloji gərginlik yaradır. Xalqımızın döyüş ruhu düşmənə mənəvi tərəfdən sarsıdıcı zərbə vurur, eyni zamanda döyüşən əsgərlərimizə əlavə güc verir. İnanıram ki, təkcə Tovuz, Qazax, Gədəbəy bölgələrində deyil, bütün bölgələrimizdə hər kəs bu ruhdadır. Ayağa qalxaq, düşməni məhv edək. Buna bizim gücümüz çatır. Xalqımız bunu yaxşı bilir”.

Elşən Mustafayev: “Bu xalqın mübarizə əzmi və milli qeyrəti...”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev belə bir xalqla hər kəsin qürur duymalı olduğunu söylədi: “Xalqımızı mübariz olmamaqda qınayan, onları Qarabağ maraqlandırmır deyən bəzilərini hər zaman yerində oturtmuşam. Çünki bu xalqın mübarizə əzmi və milli qeyrəti tarixən yüksək olub, bu gün də davam edir. Bəzən iqtisadi, sosial problemlər bataqlığında üzən insanlarda bu xüsusiyyət zəif görünə bilər, əslində isə elə deyil. Əminəm ki, hər bir insanımızın daxilində bir aslan yatır, hansı ki, oyanan vaxt qarşısında durmaq mümkün deyil. Son günlər Tovuzda baş verən hadisələrə insanların bu şəkildə vətənpərvər reaksiyasına təəccüb etmək lazım deyil. Bu bayaq dediyim hisslərin oyanması idi. Hadisələrin mərkəzində olan insanların ayağa qalxıb, mübarizə əzmi ortaya qoyması daha qabarıq görünsə də, Azərbaycanın istənilən bölgəsində bu belədir. Bir məsələni etiraf etmək lazımdır ki, tarixdən bu günə kimi xalqın mübarizə əzmi, torpaq təəssübkeşliyi onu idarə edənlərdən hər zaman yüksəkdə olub. İdarə edənlər də heç vaxt bunu təkzib etməyə çalışmasınlar, əksinə, belə bir xalqla fəxr edilməlidir”.

Rey Kərimoğlu: “Tovuz əhalisinin ayaqda olması çox müsbətdir”

Qarabağ qazisi Rey Kərimoğlu bütün Azərbaycanın ayaqda olduğunu söylədi: “Bu çox yaxşı bir haldır. Ümumi bir bəla gələndə xalqımız ayaqda olur. Tovuz camaatı da istiqanlı, vətənpərvər camaatdır. Cəbhə bu gün Tovuzda olduğu üçün onlar daha çox narahatdırlar. Birinci Qarabağ müharibəsi zamanı da belə idi. Harada döyüş gedirdisə, əhali ora yığışırdı. Tovuz əhalisinin ayaqda olması çox müsbətdir. Bu gün təkcə Tovuz deyil, bütün Azərbaycan ayaqdadır. Pandemiyaya görə bəzi qadağalar var. Millətin içərisində vətən sevgisi var. Bunu kimsə öldürə bilməz. İnşallah, qələbə bizimlə olacaq. Allah millətimizi qorusun. Şəhidlərimizə rəhmət diləyirəm”.

Hərbi icmalçı Ramil Məmmədli ermənilərin Tovuzu hədəf seçməkdə böyük səhvə yol verdiklərini qeyd etdi: “Ermənilərin ən böyük səhvi o oldu ki, Tovuz istiqamətindən sərhədi pozaraq hücuma keçdilər. Nəzərə almadılar ki, həmin bölgənin əhalisi müharibənin ən gərgin, qızğın vaxtlarında, ölkədə iqtisadi çətinliyin olduğu bir dövrdə ordunun yanında oldu, son nəfəsinə qədər döyüşdü, bir qarış torpaq da ermənilərə vermədi. Bu günlər də belə olacaq. Xalqımız hər zaman olduğu kimi, yenə də ordusunun yanındadır, bundan sonra da belə olacaq. Bu müharibədə ordumuz qalib gələcək. Azərbaycan Ordusu xalq ordusudur. Xalqımız da bu ordunun yanındadır. Silahlı Qüvvələrimiz müasir döyüş aparmaq qabiliyyətinə malikdir. Bunun üçün bütün texniki imkanlarımız var. Bu günləri ordumuz erməni silahlı qüvvələrini məhv etmək üçün xüsusi texnikalara malikdir. Həmçinin güclü artilleriya imkanlarımız var. Hava hücumundan müdafiə sistemimiz çox mükəmməldir. Ermənistan bilməldir ki, o və onun havadarları Azərbaycanı məğlub etmək üçün heç bir addım ata bilməyəcəklər. Son hərbi əməliyyatların başlandığı ilk günə diqqət yetirin. Azərbaycan xalqının ordusunun arxasında necə dayandığının hər kəs şahidi oldu. Küçələrdə insanların hansı şüarlar səsləndirdiklərini gördük. Hər bir Azərbaycan vətəndaşı bu gün özünü əsgər hesab edir”.

Mənbə: cia.az