Hərbi ekspert: "Türkə qarşı savaşan ən qatı cinayətkar belə erməniyə görə qəhrəmandır "

Hərbi ekspert: "Türkə qarşı savaşan ən qatı cinayətkar belə erməniyə görə qəhrəmandır "

 

Hazırda Tovuz istiqamətində davam edən döyüş əməliyyatlarında düşmən qüvvələrinin kim tərəfindən idarə olunmasının bu məsələ ilə maraqlanan şəxslər və qurumlar üçün maraqlı olacağını nəzərə alaraq bu mövzuya müraciət etdik. Hazırda bu istiqamətdəki erməni korpusuna general-mayor Qriqori Xaçaturov rəhbərlik edir. Nəzərinizə çatdıraq ki, Qriqori KTMT-nin Ermənistandan olan keçmiş baş katibi, 2018-ci ilin iyul ayının 28-dən bu günə qədər həbsdə olan general polkovnik Yuri Xaçaturovun oğludur. Bəzi qalmaqallı işlərdə adı hallanan Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi vəzifəsinə qədər yüksəlir, bundan sonra isə KTMT baş katibi vəzifəsini icra edir. Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci ilin martın 1-də baş verən və 10 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə Yuri Xaçaturovu günahlandırır. Y.Xaçaturova qarşı “konstitusiya quruluşunu devrmək” kimi ağır bir ittiham irəli sürülür və o həbs edilir.

2010-cu ildə Y. Xaçaturovun oğlu Qriqori Xaçaturov 4-cü ordu korpusunun komandiri (bəzi mənbələrdə Vazgen Sarkisyan adına hərbi hissə adlanır) vəzifəsindən çıxarılaraq ordudan uzaqlaşdırılır. Vəzifədən çıxarıldıqdan sonra bir sıra sahələrdə vəzifə səlahiyyətindən sui-istifadə etmə və digər qanun pozuntularına görə ona cinayət işi də açılır. Lakin qeyri müəyyən səbəblərdən, atasının əlaqələrindən istifadə etməklə cinayət işinə xitam verilir. 2012-ci ildə hərbi xidmətə yenidən bərpa olmaqla 3-cü ordu korpusu komandirinin müavini təyin edilir. Daha sonra sabiq erməni prezident Serj Sarkisyanın 07.07.2016-cı il tarixli əmri ilə 3 ordu korpusunun komandiri təyin edilir. 23.07.2016-cı ildə həmin korpusun şəxsi heyətinə təqdim olunmaqla, vəzifəsinin icrasına başlayıb.

2013-cü ildə erməni KİV-ləri Ermənistan SQ-nin sabiq BQ rəisi Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturov tərəfindən spirtli içki təsiri altında 4 hərbi qulluqçunun döyüldüyünü yazmışdı. Erməni KİV-lərinin yazdığına görə döyülən əsgərlərdən 3 nəfəri Vanadzor hospitalına, vəziyyəti həddindən artıq ağır olan Zorik adlı əsgəri isə sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu, Qriqori Xaçaturov öz şəxsi maşını ilə İrəvandakı xəstəxanalardan birinə çatdırmışdı. Təbii ki, bu məsələ erməni BQ rəisinin himayəsi ilə ört-basdır edildi.

“Konstitusiya quruluşunu devrmək” kimi ağır bir ittihamla müttəhim həyatı yaşayan general polkovnik Yuri Xaçaturovun oğlu general mayor Qriqori Xaçaturov hazırda Ermənistan-Azərbaycan sərhədində yerləşən 3-cü ordu korpusun komandiridir. Onun adı bizə Dövlət Sərhəd Xidmətininin Babakər istiqamətində həyata keçirdiyi döyüş əməliyyatlarından yaxşı tanışdır.
Ermənistanın itirdiyi Babakər istiqamətindəki ərazilər də məhz polkovnik Qriqori Xaçaturovun komandiri olduğu 3-cü korpusun cavabdehlik zolağında yerləşirdi. O zaman Q. Xaçaturov itirdiyi ərazilərin geri qaytarılmasına müəyyən cəhdlər etsə də, heç bir nailiyyət əldə edə bilməyərək acı taleyi ilə barışmalı oldu. Qriqorinin erməni ordusuna göstərdiyi “ayı xidməti”, rəhbərlik tərəfindən, Ermənistanın “müstəqilliyi”nin 28-ci ildönümü ilə əlaqədar olaraq, 2019-cu ilin sentyabrın 20-də general-mayor rütbəsilə təltif edilməsilə nəticələndi. Beləliklə, Babakər yüksəkliyini itirən, dəfələrlə cinayət işlərində adı hallanan polkovnik Q. Xaçaturov general oldu. Burada məntiq tapmaq elə də asan deyil.

Hazırda Ermənistanda müəyyən bir təbəqə keçmişi tam qalmaqallarla dolu olan Q. Xaçaturovu qəhrəmanlaşdırmağa çalışır, hətta onun korpus komandiri olaraq əməliyyatlara rəhbərlik etməsini, onun həbsdə olan atasının azad edilməsi üçün arqument olaraq istifadə etməyə çalışır. Bu qədər qaranlıq səhifələrə malik olan bir şəxsin erməni cəmiyyətinin gözündə yüksəlməsinin əsas səbəbi onun türklərə (bizə) qarşı əməliyyatlarda iştirak etməsidir. Buna sübut kimi erməni mediasının “kapitanları”ndan olan jurnalist Koryun Qriqoryanın məqaləsinə diqqət yetirmək kifayətdir: “ Bu gün Ermənistanda ləyaqətsiz bir hakimiyyət var. Belə alçaqlıq heç kimin ağlından belə keçməzdi. “Qəhrəman” generalın oğlu sərhədlərimizin toxunulmazlığını türklərdən qoruyub saxlayır, fərari – LGBT-çilər isə həmin anda qəhrəmanın, qəhrəman atası general-polkovnik Xaçaturovu mühakimə edirlər. Siz türklərdən daha betərsiniz və anti-milli addımlarınıza görə cavab verəcəksiniz...”


Şərhə ehtiyac qalmır. Tək bir cümlə: Türkə qarşı savaşan ən qatı cinayətkar belə, erməniyə görə qəhrəmandır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

 

Mənbə: ordu.az