“On minlərlə insanın iştirak etdiyi yürüş hamımızı qürurlandırdı” – Partiya sədri

“On minlərlə insanın iştirak etdiyi yürüş hamımızı qürurlandırdı” – Partiya sədri

“Azərbaycan hakimiyyəti bir daha göstərdi ki, düşmən qüvvələrin maraqlarına xidmət edən təxribatların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans partiyasının sədri Abutalıb Səmədov deyib. O, bildirib ki, Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu hissəsində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın ikinci günü son dərəcə gərgin keçib. Sərhəddə yerləşən kəndlərimizi ağır silahlardan atəşə tutan düşmən hücumunun qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alınıb, erməni hərbi hissələrinə ağır zərbələr vurulub.

“İtkilər verdik, şəhidlərimizi hər yerdə sevgi və sayğı ilə qarşıladıq, birliyimizi, vətənimiz naminə hər an şəhid olmağa hazır olduğumuzu nümayiş etdirdik. Siyasi partiyalar Ali Baş Komandan Prezident İlham Əliyevin erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini bəyan etdilər, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini kəsib atmağa hər an hazır olmağa səslədilər, qəhrəman ordumuzla qürur duyduqlarını, onun yanında olduqlarını bildirdilər.

Axşam saatlarında Bakı şəhərində başlayan və on minlərlə insanın iştirak etdiyi yürüş silahlı qüvvələrimizə xalqımızın verdiyi dəyərin və dəstəyin parlaq nümayişi oldu və hamımızı qürurlandırdı. Əsasən gənclərin iştirak etdiyi bu yürüş-mitinq müvafiq icra hakimiyyətinin razılığı alınmadan, icazəsiz keçirilsə də xalqımızın işğal altında olan torpaqlarımızı azad etmək qətiyyətini, xalq-ordu birliyini bütün dünyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı.

Məhz bu məqamı nəzərə alan hüquq-mühafizə orqanları Milli Məclisin və Şəhidlər Xiyabanının qarşısında başa çatan yürüşün qarşısını almağa cəhd göstərmədilər, strateji dövlət obyektlərinin və toplaşanların təhlükəsizliyi təmin etməyə çalışdılar. Müdafiə nazirliyinin təmsilçiləri mitinqdə çıxış edərək silahlı qüvvələrimizə verilən bu möhtəşəm dəstəyə görə təşəkkür etdilər və döyüş bölgələrindəki vəziyyət barədə məlumat verdilər.

Çox təəssüf ki, xalqımızın düşmənlərinə xidmət edən bir qrup təxribatçı ordumuzun gücünə güc qatan və Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq bu möhtəşəm vətənpərvərlik yürüş-mitinqinin pozulması və hakimiyyətə qarşı etiraza çevrilməsi üçün əlindən gələni etdi. Tədbiri siyasiləşdirmək cəhdlərinin qarşısı iştirakçı gənclərin mütləq əksəriyyəti tərəfindən qətiyyətlə alındıqdan sonra məkrli niyyətlərindən əl çəkməyən təxribatçılar Milli Məclisin şüşələrini sındıraraq içəri girdilər,polislərə və KİV təmsilçilərinə qarşı zorakılıq etdilər, maşınları aşırdılar və Azərbaycanı dəhşətli faciələr yaşadığımız günlərə-ötən əsrin 90-cı illərinə qaytarmağa cəhd göstərdilər.

Həmin dəhşətli dövrdə, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabrına qədər olan ikiillik zaman kəsiyində hökm sürən başıpozuqluq və qaragüruh hədsizliyi nəticəsində tariximizin ən dəhşətli faciələrini yaşadıq, torpaqlarımız işğal olundu, minlərlə dəyərli həmvətənimiz şəhid oldu, iqtisadiyyatımıza sağalmaz yaralar vuruldu, dünyada nüfuzdan düşdük. Müstəqilliyimizin ilk 24 ayı ərzində əksər hallarda zorakılıqla 5 dövlət başçısı və 5 müdafiə naziri dəyişildi, ölkədə hərc-mərclik, başıpozuqluq, xaos hökm sürdü, bu gün Azərbaycan hakimiyyətinin gecə-gündüz çalışaraq nəticələrini aradan qaldırmağa çalışdığı fəlakətlər törədildi.

Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması və 1993-cü ilin oktyabrında prezident seçilməsi ilə hakimiyyətə qarşı zorakılıq cəhdlərinin qarşısı qətiyyətlə alındı, silahlı dəstələr tərksilah olundu, təxribatçı qruplar zərərsizləşdirildi.

Bənzəri ilə sonuncu dəfə 2003-2005-ci illərdə üzləşdiyimiz və qarşısı Prezident İlham Əliyevin rəhbərliyi ilə güc strukturları tərəfindən qətiyyətlə alınan dünənki təxribat da qısa müddətdə dəf olundu, vətəndaşlara və dövlət əmlakına qarşı hüquqazidd hərəkətlər edən şəxslər həbs edildilər. Azərbaycan hakimiyyəti bir daha göstərdi ki, dövlətimizi nüfuzdan salan, xalqımıza fəlakətlər gətirən, düşmən qüvvələrin maraqlarına xidmət edən təxribatların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.

 

Mənbə: yenisabah.az