“Əgər gecə belə bir hadisənin baş verəcəyini bilsəydim...” – Sabir Rüstəmxanlı

“Əgər gecə belə bir hadisənin baş verəcəyini bilsəydim...” – Sabir Rüstəmxanlı

Məlum olduğu kimi, son günlər düşmənlə mübarizədə 7 şəhid verdikdən sonra orduya dəstək üçün paytaxtda aksiya keçirib. Lakin bir qrup təxribatçı yaranmış vəziyyətdən öz məkrli siyasətlərini həyata keçirmək üçün istifadə edərək gecə saatlarında Milli Məclisə daxil olub. Hazırda sosial şəbəkələrdə ictimai statusu olan şəxslərin əksəriyyəti bu təxribatın önlənə bilməməsində Azərbaycan ziyalısını günahlandırır. Çünki yürüşdə heç bir ziyalımız gözə dəyməyib. Xalqı ruhlandırmalı olan ziyalıların heç biri önə çıxmayıb.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xalq şairi, deputat Sabir Rüstəmxanlı bildirib ki, təxribatçıların davranışının xalqın orduya dəstək istiqamətindəki yürüşünə aidiyyəti yoxdur:

“Bu, bir aksiya deyildi. Aksiya xüsusi təşkil olunur, onun başında ona cavabdeh olan şəxslər dayanır. Ona görə də bu, sadəcə yürüş idi. Gənclər, xalq orduya dəstək olduqlarını göstərmək üçün küçələrə axışmışdı. Təəssüf ki, onlar Şəhidlər Xiyabanına, oradan da Milli Məclisin qarşısına yönəldilər. Onlar idarə olunmurdu. Ona görə də müəyyən təxribatçı qüvvələr vəziyyətdən istifadə edib Milli Məclisə girdilər və müəyyən cinayətkarlıq etdilər. Həmin adamların davranışının xalqın orduya dəstək istiqamətindəki yürüşünə aidiyyəti yoxdur”.

Ziyalıların təxribatın qarşısını almaması məsələsinə gəldikdə isə Sabir Rüstəmxanlı vurğulayıb ki, əgər bu, mitinq olsa, həmin yerdə danışmağa imkan yaradılsa, hər kəs çıxıb sözünü deyərdi:

“Əgər ziyalının orada səsi belə eşidilməyəcəksə, getməsinin nə təsiri ola bilərdi? Bunlar nəzərə alınmalıdır. Amma bütün bunlara baxmayaraq, ötən gün yürüşə müəyyən adamlar gəliblər, onlar hadisələrin qarşısını almaq istəyiblər, baş tutmayıb. İkinci bir tərəfdən, Azərbaycan ziyalıları 30 ildir ki, müxalifət, iqtidar, Azərbaycanın tarixinə, mədəniyyətinə, ümumiyyətlə, varlığına qısqanclıqla yanaşanlar tərəfindən gözdən salınmağa çalışılır. Azərbaycan ziyalısı ancaq belə vaxtlarda yada düşür. Niyə başqa vaxt az yada salırlar? Bütün bunları kənara qoyaraq qeyd etmək istəyirəm ki, əgər gecə belə bir hadisənin baş tutacağını bilsəm, sözümün eşidilib-eşidilməməsini nəzərə almadan, oraya gedər camatın qarşısını almağa çalışardım. Amma məsələnin gecə saat 4-dək uzanacağını, o cür təxribatın baş tutacağını heç kim nəzərə almırdı”.

Sayad HƏSƏNLİ

Mənbə: yenisabah.az