“Ermənistan hakimiyyətləri həmişə öz laxlamış kürsülərini möhkəmlətmək üçün bu cür təxribatlardan istifadə edib” – Politoloq

“Ermənistan hakimiyyətləri həmişə öz laxlamış kürsülərini möhkəmlətmək üçün bu cür təxribatlardan istifadə edib” – Politoloq

 

“Ermənistanın sərhəddə törətdiyi son təxribat, sərhəddə dayanan silahlı qüvvələrimə qarşı hazırlanmış əməliyyat Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının davamıdır. Artıq 30 ilə yaxındır ki bu ərazi iddiaları, Ermənistanın ərazilərimizi işğal etməsi və daha sonra sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi davam edir. Məlum olduğu kimi sərhəd qoşunları 1 ildən artıq müddət əvvəl orada yerləşdirildikdən sonra sərhəddi tam olaraq bütün texniki vəsaitlərlə təmin edib öz strukturlarına uyğun olaraq yüksək səviyyədə onun mühafizəsini təmin etməsi və müəyyən yerlərdə Azərbaycan SSR-dən qalma sərhədləri bərpa etməsi, irəli çəkməsi və müxtəlif aksiyalar həyata keçirməsi onları qıcıqlandırır. Ona görə Ermənistan daima Dövlət Sərhəd Xidmətinin məntəqələrinə hücum edir və snayperlər vasitəsilə bizim əsgərləri qətl edirdi. Təbii ki, Dövlət Sərhəd Xidməti də onlara dəfələrlə öz layiqli cavablarını verirdi”. Bunu Ordu.az-a Tovuz istiqamətində Ermənistanın təxribatını şərh edərkən politoloq, ehtiyatda olan zabit Tərlan Eyvazov deyib.

O qeyd edib ki, Tovuz istiqamətində bütün artilleriya və qoşun növlərindən istifadə etməklə baş verən hadisə kiçik bir ərazidə olsa da, özünəməxsus böyük əməliyyatın başlanğıcı hesab edilə bilər.

“Məlum məsələdir ki, 1994-cü ildən aprel ayına qədər olan müddətdə Azərbaycan beynəlxalq institutların tövsiyyələrinə qulaq asaraq münaqişənin sülh yolu ilə həll edilməsinə daima sadiq qalıb. Bütün bunlar baş verərkən Ermənistan tərəfinin dəfələrlə törətdiyi təxribatlar hər kəsə məlumdur və bundan sonra yenidən atəşkəs imzalandı. Beynəlxalq güclər, xüsusən Rusiya Aprel döyüşlərindən sonra öhdəlik götürdü ki, burada olan sülh danışıqlar intensivləşdirilsin və ən əvvəl Qarabağ ətrafındakı rayonlar azad olunsun ki, qaçqınlar oraya köçürülsün.

Amma Paşinyan və hakimiyyəti açıq-aydın bəyan edir ki, “buralar Qarabağdır, bütün ərzilər ermənilərindən və ondan başqa biz Naxçıvan və Gəncəbasar ətrafını da öz ölkəmizin ərazisinə qatmaq uğurunda mübarizəyə başlayacağıq”. Bunu açıq-aydın Tonoyan da deyirdi və Tonoyanın məlum hadisələrdən əvvəl verdiyi bəyanatda bildirilir ki, biz öz qoşunlarımızı daha uyğun mövqelərə çıxarmaq üçün əməliyyatlara başlamalıyıq. Bütün bunlar baş verdi, hücum oldu və Azərbaycan tərəfinin bu 30 ildə olduqca böyük səbrlə sülh danışıqlarına sadiq qalması fonunda Ermənistan tərəfi Azərbaycanı müharibəyə çəkməyə çalışdı”, - deyə hərbi ekspert bildirib.

O vurğulayıb ki, bunun bir çox səbəbləri var: “Mən beynəlxalq səbəbləri qeyd etmək istəyirəm. Sonuncu hadisələr olaraq mən Türkiyə dövlətinin “Ayasofiya”nı yenidən dindarların ixtiyarına verməsini, istər Suriyada, istərsə də Liviyada olan uğurlu əməliyyatlarla beynəlxalq imicini möhkəmlətməsini önə çəkərdim. Bütün bunların fonunda özünə məxsus stukturları olan erməni lobbisi, kilsəsi, dərin dövləti müsəlman-türk respublikası olan Azərbaycana qarşı bu addımı atmaqla xristian dünyasının və xüsusən məlum “Ayasofiya” hadisəsindən incik düşən Rusiyanın dəstəyini qazanmaq istəyir. Həm Qərbin, həm də Rusiyanın istəklərini yerinə yetirərək və Türkiyəni də bu işə cəlb edərək aranı qarışdırıb bundan öz dividentini götürməyə çalışır. Burada bütün müsəlman-türk dünyasının, böyük türk qurşağının əsas həlqəsi olan Azərbaycanın üzərinə yenidən gəlinir.

Ona görə də bizim bir məqsədimiz olmalıdır, biz sözün əsl mənasında ölüm-dirim mübarizəsinə qalxmalıyıq. Məni bilirlər, heç vaxt emosional, nəyinsə xatirinə danışan adam deyiləm. Bu artıq ölüm-dirim məsələsidir. Yəni biz həmin mövqeləri əlimizdən versək, Ermənistan “Qarabağda məsələsini həll etmişəm, o torpaqlar mənimdir, mən artıq digər istiqamətlərdə hücuma keçib bu əraziləri də öz ərazimizə qatmaqla müsəlman dünyasının ortasında, Azərbaycan, 40 milyon türk əhalisi olan İran və 82 milyon əhalisi olan Türkiyənin arasında bir anklav – xristian dünyası yaradıram” deyərək bütün xristian dünyasından kömək umacaq.

Məsələ budur. Mən bunu belə görürəm və buna yol vermək olmaz. Azərbaycanın bu gün Ermənistanı susdurmaq üçün qədərincə resursları var, ordudan və valyuta ehtiyatlarından başqa, pandemiyaya baxmayaraq onun əhalisinin ayağa qalxaraq ordunun yanında olması onu göstərir ki, biz qətiyyətli addımlar atmalıyıq. Daha bəsdir. Heç kəs bizə bu yöndə heç nə deyə bilməz. Fakt göz qarşısındadır. Heç kəs bərabərlik işarəsi qoymamalıdır. Necə ola bilər ki, ərazimizin 20% işğal olduğu halda, bizim üzərimizə gəlirlər ki, siz Ermənistanın üzərinə hücuma keçirsiz? Əgər hücuma keçmək lazım olsa, öz ərazimizdə edərdik. Ancaq biz sülh danışıqlarına, beynəlxalq vasitəçilərə inandıq. Biz hansı səbəbdən Ermənistanın üzərinə hücuma keçməliyik? Axı bu absurddur?!”

Ekspert qeyd edir ki, məhz buna görə, bu, Ermənistan tərəfinin qəsdən törətdiyi bir təxribatdır, o, bu təxribatla qeyd etdiyim səbəbdən özünə divident götürmək istəyir.

“Bugünkü Paşinyan hakimiyyəti öz laxlamış mövqyini bununla möhkəmlətmək istəyir. Bu həmişə belə olub. Münaqişə başlayandan Ermənistan hakimiyyətləri həmişə öz laxlamış kürsülərini möhkəmlətmək üçün bu cür təxribatlardan istifadə edib. Bu, gün də davam edir, buna yola vermək olmaz. Artıq beynəlxalq vasitəçilərdən imtina olunmalı, pozulmuş Azərbaycan sərhədləri bərpa olunmalı və bunun üçün nə lazımdırsa edilməlidir. Bunun üçün bizim bütün imkanlarımız var”, - deyə Tərlan Eyvazov sözlərini yekunlaşdırıb.

Ordu.az

 

Mənbə: ordu.az