Qürur yerimiz:Dövlət və xalq

Qürur yerimiz:Dövlət və xalq

Tovuz rayonunun dövlət sərhədində 12 iyuldan başlanan erməni təxribatının qarşısı alınmaqla yanaşı dünən Bakıda bu hadisələrdən doğan yaşantıları, yürüşü, erməniyə qarşı qəzəbi, torpaqlarımızı azad etmək və döyüşmək istəyənləri gördük, duyduq, fəxr etdik, qürurlandıq. Bir şey bir daha aydın oldu ki, xalq dövlətinə və onun başçısına güvəndiyi qədər dövlət də xalqına güvənir. Ermənilərin bu təxribat döyüşündə general, zabit və əsgərlərimizdən on iki nəfər şəhid oldu, Allah hamısına rəhmət eləsin!

Erməni tərəfi düşünürdü ki, Qarabağdan uzaqda qəfil hücum etməklə, hətta komandan məntəqəsinin koordinatını hansı yollasa (?) öyrənib general və polkovnikimizi şəhid etməklə Azərbaycanda siyasi və ictimai prosesləri poza biləcək və doxsanıncı illərdə olduğu kimi yeni torpaqlar işğal edə biləcək. Doğurdan da ara qarışdı, ancaq məzhəb itmədi. Erməni ordusu qarşısında Qafqazın nizami, ən güclü ordusunu gördü. Özü də döyüşkən və arxasında da dövlətin və xalqın dəstəyi olan ordunu. Doğrusu bir neçə ölkəni istisna etməklə dünya buna inanmırdı, çünki zaman-zaman qərbə və şərqə ötürülən informasiyalara görə qəfil bir hadisə olarsa Azərbaycan xalqı ayağa duracaq və Ermənistanda olduğu kimi burada da hakimiyyət dəyişikliyinə nail olacaq. Xalq doğurdan da ayağa durdu. Küçələr insan selilə doldu, üçrəngli bayrağımız dalğalanmağa başladı. Amma tam tərsinə oldu. Doxsanıncı illərdən fərqli olaraq bu dəfə emosiyalar dövləti və ordunu müdafiə etmək istiqamətinə yönəldi. Deməli əhali arasında dövlət təfəkkürü formalaşmağa başlayır. Milli şüur dövlət şüuru ilə çuğlaşmağa başlayır. Düzdür, dünənki yürüşün sonunda xoşagəlməz hadisələr baş verdi və marığda yatan beşinci kolonun liderləri gözləyirlərmiş kimi hərəkətə keçməyə çalışdılar. Xalqdan dəstək görmədikdə isə xalqın içində “əridilər”.

Ancaq böyük bir hadisənin içində bunlar xırda şeylərdir. Hakimiyyət yetkililəri təşkilatçılığa çox diqqətlə yanaşsaydılar, bu ürəkbulandıran hadisələr də olmayacaqdı.

Ortada isə fakt var! Dövlət və xalq, onun ordusu bir yerdədir. Xalq Ali Baş Komandana güvənir. Qürurlanmağa dəyər.

 

 

 

Mənbə: moderator.az