“Azad seks tərəfdarı olanlar xalqın bu əhval ruhiyyəsini ələ salır” – Siyasi şərhçi

“Azad seks tərəfdarı olanlar xalqın bu əhval ruhiyyəsini ələ salır” –  Siyasi şərhçi

Siyasi şərhçi Azər Rəşidoğlunun “Yeni Sabah”a müsahibəsi:

- Azər bəy, sizcə, Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyətin qəfil kəskinləşməsinin əsl səbəbi nədir?

 

- Bunu bir neçə aspektdən şərh etməyin tərəfdarıyam. Birincisi, Ermənistanın siyasi rəhbərliyi “xarici düşmən” amili ilə daxili problemlərdən qurtulmaq istəyir, müharibə ona əlavə divident qazanmağa yardım edir. Lakin hər hansı bir ciddi məğlubiyyət Paşinyan iqtidarının sonu ola bilər, bu baxımdan, o, irimiqyaslı savaşda maraqlı ola bilməz.

İkincisi, Rusiya Gürcüstana istiqamətlənən boru kəmərlərinə nəzarəti ələ keçirtmək, Orta Asiya, Azərbaycanın Qərbə çıxışını bağlamaq istəyir. Odur ki, döyüşlər Dağlıq Qarabağda deyil, Gürcüstanla sərhədlərə yaxın yerlərdə aparılır. Əsas hədəfin Qazax olduğunu ehtimal edə bilərik. Bu savaşın başlıca müəllifi Rusiyadır. Lakin Moskva Paşinyandan tam arxayın deyil. Odur ki, əksər Rusiya mətbuatı, o cümlədən qatı ermənipərəst olan Solovyov da neytral mövqe sərgilədilər.

Ən maraqlısı odur ki, Türkiyə Rusiyanı açıq təhdid edib, Ermənistana dəstək verəcəyi təqdirdə Azərbaycana yardım edəcəyini açıqladı. Bu isə artıq yeni bölgə savaşının xəbərçisidir. Bir sözlə, Azərbaycanın qərbində Rusiya və ABŞ-ın maraqları toqquşur. Lakin ehtimal edirəm ki, bəzi ABŞ konqresmenləri də Ermənistanı müdafiə edəcək. Müsbət haldır ki, artıq Türkiyə müstəqil oyunçu kimi öz sözünü deyir. Azərbaycanın yeganə müttəfiqi Türkiyədir. Bakı Ankara ilə daha sıx hərbi və siyasi əməkdaşlığa üstünlük verməli, konfederasiya barədə ciddi düşünməlidir.

Bu dəfə də Rusiya öz forpostu olan Ermənistanı müdafiə edəcək. Yeni ərazi itkiləri olarsa, onsuz da sadə olmayan sosial vəziyyət daha da gərginləşə bilər. Bu baxımdan, Türkiyə ilə daha sıx əməkdaşlığa başlamağın vaxtı çatdığını düşünürəm.

- Cəmiyyət döyüşlərin davam etdirilməsini tələb edir. Sizcə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün əlverişli zaman yetişibmi?

 

- İctimai rəy savaşdan yanadır. 7-dən 77-yə hər kəs torpaqlarımızın azad edilməsi üçün döyüşə getmək istəyir. Ən azı 90 faiz torpaq uğrunda şəhid olmağa hazırdır. Çox kiçik bir hissə, azad seks tərfdarları olanlar xalqın bu əhval ruhiyyəsini ələ salır, savaş istəyənlərə, torpağını qorumaq istəyənlərə “vətənşüvən” deyir, şəhid ailərindən fotolar paylaşır, şəhid ailələrinin acından öləcəyini bəyan edir. Bu adamlar sabotajla məşğuldurlar. Belə insanları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Dünən bütün şəhər “ya Qarabağ, ya ölüm” şüarı ilə orduya dəstək aksiyaları keçirtdi. İnsanlar bir yumruq kimi birləşdi. Bu, mənəvi baxımdan böyük qələbədir. Müxalifətli - iqtidarlı hər kəs öz ambisiyasını kənara ataraq, birləşdi. Bütün gecə Azərbaycan insanı yatmadı.

Şəhid generalımız hər birimiz üçün bir bayrağa çevrildi. İndi bu insanları mobilizə etmək və xarici düşmənə qarşı birləşmək lazımdır. Bu potensialdan istifadə olunmasa, daha uzun illər rüsvayçı atəşkəslə barışmalı olacayıq. Biz, müharibə tərəfdarı deyilik, lakin ərazimizə hücum edən düşmənlərin də, məhz düşmənin, azad seks tərəfdarlarının dediyi kimi “qarşı tərəf”in yox, düşmənin cavabını verməyə, torpaqlarımızı azad etməyə hazırıq. Düşünürəm ki, ölkədə hərbi vəziyyət və səfərbəylik elan edilməli, bütün hədəflər bir istiqamətə yönəlməlidir. Tarixi şans yetişib və bundan bəhrələnmək lazımdır. Ermənistanın arxasında kimin durmasından asılı olmayaraq, Azərbaycan 30 ilin rüsvayçılığına son verməli və savaşa başlamalıdır.

- Dünənki aksiya ilə bağlı da müxtəlif versiyalar səsləndirilir. Xüsusilə bir qrup şəxsin Milli Məclisin binasına daxil olması təxribat kimi dəyərləndirilir. Xalqın həmrəylik göstərdiyi bir zamanda bu təxribat kimlərə lazım ola bilər?

 

- Xalq öz sözünü dedi. Aksiya siyasi məqsəd daşımırdı, orduya dəstək üçün idi. Lakin bəzi təxribatçılar bundan istifadə etmək istədilər. Onları kimin idarə etməsini araşdırmaq lazımdır. Hər halda demokratik müxalifət belə təxribatlara qarşı idi. Bu məsələdə siyasi partiyaların zəif fəaliyyətini də diqqətə çatdırmaq lazımdır. Hakim Yeni Azərbaycan Partiyası proseslərin arxasınca süründü, Ali Baş Komandana dəstək mitinqinə qatılmadı. Aparıcı müxalifət partiyaları da proseslərin ardınca addımladılar. O cümlədən, ziyalı və ictimai fəallar olduqca passiv mövqe sərgilədilər. Əvəzində biz nəyin şahidi olduq? Aksiyalara gənclik qoşuldu. “Z nəsli” proseslərin avanqardına çevrildi. Əslində, o nəslin qarşısına çıxan lider yeni dövrün lideri olacaqdı.

Burada bir məqama da diqqət yetirmək lazımdır. Dünən gecə Prezident Əliyev ona dəstək verən insanların qarşısına çıxmalı idi. Heydər Əliyev belə edirdi. Aksiyaya çıxanlar Prezidentə qarşı çıxmamışdılar, əksinə, ona dəstək verirdilər. Ölkə başçısı insanlarla görüşməlidir. Bu, həm də erməniləri qorxuya sala bilər. Xalq öz Prezidenti ilə birlikdə torpaqlarını qorumağa qadir olduğunu nümayiş etdirməlidir.

Bəzi “qələmi qırılmış” məmurlar prosesləri yenidən 1988-92-ci il müstəvisinə keçirtmək istəyir. Onların da qarşısı alınmalıdır. Burada daha bir məqama nəzər salmaq istəyirəm. İctimai rəy Müdafiə Nazirliyi Baş Qərargah rəisi Nəcməddin Sadıqovun əleyhinədir. Düşünürəm ki, onun istefaya göndərilməsinin də vaxtı çatıb. Ümumiyyətlə, ordunu gücləndirmək üçün “qara maskalı” oğlanın da yardımına ehtiyac yaranıb.

- Bunun baş vermək ehtimalı nə qədərdir?

 

- Əminəm ki, bu baş verəcək. Əsgərin pulunu yeyən, hərbi sirləri qoruya bilməyən hər bir kəs qanun qarşısında cavab verməli olacaq. Bizə indi birlik lazımdır. Bu birliyi təmin etmək üçün isə orduda da ciddi intizam yaratmaq lazımdır. Milli kadrlara üstünlük verilməlidir. Əminəm ki, belə də olacaq.

- Dünənki aksiyada “Allahu Əkbər” şüarının səsləndirilməsi də təxribat hesab edilir və bunda xarici qüvvələrin izi axtarılır...

 

- “Allahu Əkbər” şüarını kimlərin səsləndirdiyini bilmirəm. Onların həqiqi dindar olduqlarına da inanmıram. İnanclı kəsim ilk gündən orduya dəstək verdi. Lakin sözügedən amil bütün bədxahları hərəkətə gətirdi. Radikal, təkfirçi, məzhəbçi qanad dərhal sosial şəbəkələrdə hərəkətə keçdi və dini şüarlar səsləndirənlərin şiə olduqlarını vurğulandı. Bunu edənlər məzhəb savaşına zəmin formalaşdırdılar. Onlar belə hesab edirlər ki, şiə icmalarını gözdən salmaq üşün fürsət yetişib və böhtan təbliğatına başladılar. Bunu edənlər özləri xaricdən idarə edilən zombilərdi. Dünənə qədər “vətən uğrunda ölənlər şəhid deyil”, “tağut dövləti qorumaq olmaz” deyənlər birdən-birə “sekulyar” oldular. Əlbəttə ki, bəzi şiələr də təxribatlarda iştirak edə bilər. Lakin məzhəb və dinindən asılı olmayaraq, ölkə vətəndaşı ordunun yanındadır və bu, belə də olacaq.

- Müxalifətin baş verənlərə yanaşmasını necə qiymətləndirirsiniz?

 

- Müxalifət ilk gündən Ali Baş Komandana dəstək verdi. Bu, təqdirəlayiq haldır. Lakin mən gözləyirdim ki, müxalifət Prezidentə müraciət edərək, birgə mitinq keçirtməyi təklif edəcək. Heydər Əliyevin zamanında olduğu kimi, bütün siyasi qüvvələr birləşib, Ermənistana və onun havadarına cavab verəcək. Doğrudur, belə təşəbbüs iqtidardan gəlməli idi. Lakin müxalifət də Rusiyanın planlarının miqyasını düşünərək, Vətən naminə bunu edə bilərdi. Hələ də gec deyil.

Mənbə: yenisabah.az