"Hər kəsi cənab Prezidentin, dövlətimizin ətrafında daha sıx, möhkəm birləşməyə səsləyirik"

"Hər kəsi cənab Prezidentin, dövlətimizin ətrafında daha sıx, möhkəm birləşməyə səsləyirik"

2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha əyani şəkildə sübut etdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, eyni zamanda onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti son dərəcə sevindirici və qürurverici hal kimi qiymətləndirilməlidir. Heç şübhəsiz ki, orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə də müxtəlif cür tədbirlər, aksiyalar həyata keçirilə bilər.

Bunu Demokratikmusavat.com-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bəzi siyasi dairələrin, şəxslərin vəziyyətdən sui-istifadə edərək bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi şəkildə qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər:

"Çox təəssüf ki, dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə hallarının şahidi olduq, prosesə siyasi don geyindirməyə çalışan, onu nəzarətdən çıxarmağa, mənfi emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə əsassız, həqiqətə uyğun olmayan məlumatlar tirajlandı.

Bu gün Azərbaycan güclü, inkişaf edən, çiçəklənən dövlətdir, qazandığımız təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik tariximin ən yüksək uğurlarıdır. Biz xalq olaraq əyilməz iradəmiz, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər bir vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi açıq şəkildə nümayiş etdirməliyik.

1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, xaos, özbaşınalıq və anarxiya bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi dairələrin, şəxslərin vəziyyətdən sui-istifadə edərək bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi şəkildə qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər".

Politoloq qeyd edib ki, sərhəddə hərbi əməliyyatlar getdiyi vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması qanunlara zidd, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir:

"Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Dinindən, peşəsindən, milli mənsubiyyətindən asılı olmayaraq bir olmaq zamanıdır. Bu ən azından canından keçən şəhidlərə borcumuzdur. Hər birimiz tək yumruq olmalı, son dərəcə məsuliyyətli davranmalı, nizam-intizama riayət etməli, eyni zamanda cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.

Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir zaman kəsiyində bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir.
Bu gün güclü və qüdrətli olan Azərbaycan Ordusu düşmənin istənilən təxribatına və həmləsinə layiqli cavab vermək gücündədir. İstər 2016-cı ilin aprel döyüşləri, istərsə də hal-hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir.

Ordumuz səngərdə can qoyur, bizim dövlətimiz güclü, xalqımız da mərd xalqdır. Hər kəsi qanunun aliliyinə, cənab Prezidentin, dövlətimizin ətrafında daha sıx, möhkəm birləşməyə səsləyirik. Cənab Prezidentin yanındayıq. Ordumuzun yanındayıq. Qadın demədən, kişi demədən hər birimiz Ali Baş Komandanın əsgərləriyik. Fərqi yoxdur ya səngərdə, ya siyasi arenada. Biz birlikdə güclüyük".

Təhməz Təkin
Demokratikmusavat.com

Mənbə: demokratikmusavat.com