"Heç bir təxribat bu inamı sarsıda bilməz" - Yusif Bağırzadə

"Heç bir təxribat bu inamı sarsıda bilməz" - Yusif Bağırzadə

“Hər birimiz bu gün məsuliyyətli olmalı yalnız qələbəni, torpaqlarımızın işğaldan azad olmasını düşünməli, lazım gələrsə, dövlətçiliyimiz naminə canımızdan da keçməliyik”.

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə iyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüşdən sonra bir qrup təxribatçının Milli Məclis binasına girməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünənki yürüş bir daha sübut etdi ki, Azərbaycan xalqı öz Ali Baş Komandanının və əsgərinin yanındadır:

"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı qarşısında xalqımız öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərmiş, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edilmiş, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilmişdir. Lakin çox təəssüflər olsun ki, bəzi təxribatçı qüvvələr xalqımızın və dövlətimizin bu həssas məqamında arxadan zərbə vurmaqla məşğuldular. Normal şəkildə Şəhidlər Xiyabanına təşkil olunan yürüş zamanı gənclərimiz və onlara qoşulan digər vətəndaşlarımız himnimizi oxuduqdan və Qarabağa azadlıq deyə dünya ictimaiyyətinə öz səslərin çatdırdıqdan sonra yürüşə son verdilər. Lakin bu yürüşdən istifadə edən “5-ci kolon” təxribata yol verdi. Onlar tərəfindən idarə olunan bir qrup gənc Milli Məclisin qapısını qıraraq içəri daxil olub binaya zərər vurmağa və xalqın əsgərlərimizə, Ali baş komandanına dəstəyinin istiqamətini təxribat yönlü hərəkətlərə yönəltməyə cəhd etmişlər".

Politoloq qeyd edib ki, gəncləri təxribatlara sövq edənlərin kimliyi dəqiqləşdirilməli, belə bir zamanda bu cür addımlar atan təxribatçılara qarşı qanunun bütün tələblərindən istifadə edilməli və onlar sərt qaydada cəzalandırılmalıdırlar: "Azərbaycan xalqı öz Ali Baş Komandanına, ordusunun gücünə tam inanır və heç bir təxribat bu inamı sarsıda bilməz. Hər birimiz bu gün məsuliyyətli olmalı yalnız qələbəni, torpaqlarımızın işğaldan azad olmasını düşünməli, lazım gələrsə, dövlətçiliyimiz naminə canımızdan da keçməliyik”.

Mənbə: axeber.az