Pandemiya dövründə Azərbaycan səhiyyəsi və sağlamlıq

Bütün dünya bir neçə aydır ki, gözgörünməz düşmənlə – koronavirus (COVİD-19) koronavirus pandemiyası ilə mübarizə aparır. Bu ölkələr arasında, şübhəsiz ki, Azərbaycan da yer alır. Hazırda ölkəmiz sözügedən bio-müharibədə fövqəladə bacarıq nümayiş etdirir. Ölkəmizdə koronavurusa yoluxanlarla müqayisədə bu pandemiyadan dünyasını dəyişənlərin sayının xeyli az olması da məhz bunun nəticəsidir.

Belə ki, COVİD-19-un Azərbaycanda aşkarlandığı ilk gündən bu məsələ ölkə başçısı səviyyəsində nəzarətə götürüldü. Dövlət rəhbəri cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ali və orta təhsil müəssisələrində tədris prosesi dayandırıldı. Bundan başqa, ölkə üzrə genişmiqyaslı dezinfeksiya tədbirləri həyata keçirildi, sərhədlər bağlanıldı. Hökümət vətəndaşların sağlamlığı üçün karantin tədbirlərinə start verdi. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun daimi himayəsində olan körpələr və uşaq evləri, internat məktəbləri, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzinin yerləşdiyi bina və ərazilər dezinfeksiya olundu. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə xəstəxanalar və tibb müəssisələri zəruri tibbi avadanlıqlar və maskalarla təmin edildi.

Həmçinin, Prezidentin tapşırığı ilə işsiz vətəndaşlara aylıq 190 manat birdəfəlik müavinət təyin olundu, sahibkarlara maddi dəstək göstərildi. Ölkənin ayrı-ayrı yerlərində modul tipli xəstəxanalar istifadəyə verildi.Bu gün Azərbaycan koronavirus xəstələrinin xəstəxanalara yerləşdirilmə göstəricilərinə görə, dünya ölkələri arasında ön sıralardadır.Azərbaycan səhiyyəsi tam gücü ilə koronavirus pandemiyasının qarşısını almaq üçün mübarizə ciddi aparır. Vətəndaşlarımızın sağlamlığı üçün həkim personalımız gecə-gündüz demədən, var gücü ilə çalışır.

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin üzvü, millət vəkili Arzu Nağıyev bildirir ki, vətəndaşların sağlam gələcəyi üçün pandemiya dövründə Azərbaycan səhiyyəsi əlindən gələni artıqlaması ilə edir:

"Belə bir pandemiyanın olacağı gözlənilən deyildi. Vətəndaşlarımızın sağlamlığına yönələn təhdidlərə qarşı səhiyyəmiz əlindən gələni edir. Səhiyyəmizin gücü göz önündədir. Düşünürəm ki, müxtəlif dövlətlərlə müqayisədə hələ ki, çox az itki ilə bu bəladan çıxmağı bacarırıq. Karantin rejiminin tələblərinə uyğun olaraq tətbiq edilən məhdudiyyətlərlə müəyyən çatışmazlıqlar yaşansa da, ümumilikdə, həmin addımlar müsbət dəyərləndirilməlidir.Təbii ki, müxtəlif dövlətlərin bu cür hallarla bağlı təcrübələrindən də istifadə edildi. Ümumilikdə, bu gün pandemiyanı tam şəkildə ram edə bilməsək də, prosesin nəzarət altına alındığını söyləmək mümkündür. Hər bir Azərbaycan vətəndaşı da bunu başa düşməlidir ki, əgər indi dövlət onların yanındadırsa, onlar da dövlətin yanında olmalıdır. Yəni, bir-birimizi başa düşməliyik. Məlum məsələdir ki, müəyyən çətinliklər meydana çıxır, məsələn, xeyli sayda xəstələrimiz var, lakin şükürlər olsun ki, modul tipli xəstəxanalarımızın sayı artmaqdadır. Səhiyyə ocaqlarında yer çatışmazlığı yoxdur. Rəqəmlərə baxanda isə son günlər sağalanların sayında ciddi irəliləyiş müşahidə olunur, onlar hətta yoluxanların sayını ötür. Bu bəlanın qlovbal miqyas daşıdığını, çətinliklərin isə hər bir ölkədə yaşandığını unutmamaq lazımdır. Hər birimiz aydın şəkildə dərk etməliyik ki, söhbət yalnız bu gündən deyil, eyni zamanda gələcək nəsillərdən, yəni genofondumuzdan gedir. Gələcək nəsillərin taleyi təkcə dövlətin və səhiyyənin deyil, bütün vətəndaşların əlindədir. Odur ki, belə anlarda hamı eyni amala xidmət etmək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, pandemiya dövründə vətəndaşların sağlamlığı və yoxsulluğun qarşısının alınması üçün hökümətin atdığı addımlar təqdir olunmalıdır:

"Dövlətimiz həm iqtisadi, həm sosial baxımdan dövlət vətəndaşlarımızın yanında oldu. Azərbaycan vətəndaşı ciddi yoxsulluq, iqtisadi çətinlik hiss etmədi. Məlum məsələdir ki, pandemiyadan böyük biznesdən kiçik sahibkarlığa qədər hər kəs zərər gördü. Bu, belə də olmalı idi. Lakin həmin mənfi təsirlərin qarşısını almaq üçün iqtisadi baxımdan ölkə rəhbərliyi vaxtında, təxirəsalmadan bütün addımları atdı. Çalışdı ki, iqtisadi problemlərin həllində Azərbaycan vətəndaşının yanında olsun".

Həkim-nevroloq Qalib Əsədov isə bizimlə söhbətində qeyd edib ki, pandemiya dövründə Azərbaycan səhiyyəsinin fəlaiyyətini, eləcə də, həkimlərin işini, fədakarlığını yüksək qiymətləndirmək lazımdır:

"Tibb işçiləri göz görə-görə özlərini təhlükə altına atıblar. Bunu qiymətləndirməmək mümkün deyil .Biz bir maskanı yarım saat taxıb saxlaya bilmirik. Kambinzonda 8 saat işləmək hər kəsin işi deyil. Müharibə təkcə döyüş meydanında olmur. Bu gün virusa qarşı işləyən hər bir həkim qəhrəmandır. Onlar özlərini odun içinə atıblar. Biz ətrafımızda virusa yoluxan şəxs görəndə qorxuruq. İndi təsəvvür edin, hər gün yüzlərlə koronaviruslu xəstəyə qulluq etmək necə böyük qəhrəmanlıq, nə qədər misilsiz bir fəadakarlıqdır. Tibb bacılarından, sanitar işçilərindən tutmuş həkimlərə qədər hamısı hər cür xoş söz, yüksək dəyərə layiqdirlər. Səhiyyəmizin ümumi vəziyyətinə gəlincə, gəlincə, modul tipli xəstəxanaların fəaliyyətə başlamasından tutmuş, hökumətin bu istiqamətdə gördüyü işlər müsbət dəyərləndirilməlidir”.

Həkimin sözlərinə görə, təşkilatçılıqla bağlı bəzi qüsurlar olmasaydı, hökümətin atdığı addımlar daha effektiv olardı:

"Bəzi təşkilatçılıq məsələlərində qüsurlar var. Dərmanların gətirilməsi ilə bağlı problemlər yaşayırıq. Başlıca səbəb odur ki, virus əleyhinə bəzi dərmanların apteklərdə satılmasına icazə verilmir.Testlərin aparılmasında çatışmazlıqlar var. Həmçinin, pandemiya dövründə testlərin qiyməti yüksək olmamalıdır. Bunlar da dövlətin deyil, konkret şəxslərin təşkilatçılığı ilə bağlı olan nöqsanlardır. Həkimlərimiz yalın əllə döyüşə girişiblər. Hazırda bir sıra dərmanlar tapılmır. Belə olduqda sahə həkimləri necə müalicə etsinlər? Bütün dünyada bu qəbul olunub ki, istənilən yoluxucu xəstəliyə tutulmamaq üçün insanlar da özlərini maksimum dərəcədə qorumalıdırlar. Məsafə saxlamaq, əlləri yumaq və maskadan istifadə etmək lazımdır. Yeganə özünü qorumaq yolu budur, başqa yol yoxdur. Orta əsrlərdə vəba və taun epidemiyası zamanı karantin elan olunardı. Yəni bu yeni bir şey deyil. O zamanlar da loğmanlar həmin yolu məsləhət biliblər. Yəni hansı dövrdə yaşamağımızdan asılı olmayaraq ilk növbədə insanlar özləri özlərini qorumalıdırlar. Azərbaycan hökümətinin koronavirus bəalsının ortaya çıxdığı ilk vaxtlarda gördüyü işlər yaxşı idi. Bu səbəbdən qısa müddətdə bütün qonşularla müqayisədə ən yaxşı nəticələr məhz ölkəmizdə qeydə alındı. Ancaq sonradan, yuxarıda da dediyim kimi, təşkilatçılıq səbəbindən arzuolunmaz nəticələr meydana çıxdı. Əgər ekspress testlər və lazımi dərmanlar gətirilsəydi, bu gün ölkəmizdəki durum Gürcüstandan yaxşı vəziyyət ola bilərdi. Orada dərmanlar əlçatandır, testlər daha çox aparılır".

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov isə bildirir ki, pandemiya dövründə stressdən əziyyət çəkən insanların sayında da artma müşahidə olunur. Psixoloqun sözlərinə görə, insanları gərginlikdən azad etmək üçün bəzi addımlar atmaq zəruridir:

"Sərt karantin rejimi uzanır, bunun konkret nə zaman bitəcəyi ilə bağlı fikir bildirmək çətindir. Çünki sərt karantin rejimi yoluxanların sayının çox olması səbəbindən tətbiq olundu. Bitməsi də yəqin ki, yoluxanların sayında azalmanın və prosesin tam nəzarət altına alınmasından asılıdır. Bu müddətdə insanlarda psixoloji gərginliyin yaranması labüddür və biz belə halları müşahidə edirik. İnsanlarda psixoloji gərginlik var və proses artıq kütləvi hal alıb. Öyrəşmədikləri bir həyat tərzi insanlarda daxili gərginliyin yaranmasına gətirib çıxarır. Bunun maddi, sosial və digər tərəflərini də qeyd etmək lazımdı. Yeni davranış modelinə öyrəşə bilməyən insanların psixoloji durumları da dəyişir. Yaranan gərginlik onların ətrafındakı insanlara da yansıyır. Ona görə də mövcud şəraitdə psixoloji maariflənmə və psixoproflaktik işin aparılması vacibdir. İnsanların konkret psixoloji dəstəyə ehtiyacı olsa da, hər kəs bundan faydalana bilmir. Bunun da obyektiv və subyektiv bir çox səbəbləri var. Ona görə də mövcud şəraitdə qaynar xətlərin yaradılması, TV lərdə psixoloji maariflənmə ilə bağlı verilişlərin, sosial şəbəkələrdə bununla bağlı yazılı və video materialların yayımlanması və geniş insan kütləsinə çatdırılması vacibdir. Ən azından insanlar psixoloji alətlərdən yararlanmaqla psixoloji gərginliklərini qismən də olsa, azalda bilərlər. Pandemiya ilə mübarizə tək tibbi yox, psixoloji istiqamətdə də aparılmalıdı. Belədə yoluxanların sayında azalmaya da, eyni zamanda insanların müəyyənləşdirilmiş qaydalara daha çox əməl etməyinə də nail ola bilərik. Təəsüflər olsun ki, xüsusi karantin rejimi elan olunandan buna məsul olan qurum tərəfindən psixoloji maariflənmə ilə bağlı konkret işlər aparılmadı. Problemin bu istiqaməti diqqətdən kənarda qaldı. Nəticəsi də ortadadı. Düşünürəm ki, hələ də gec deyil. Nəzərə almaq lazımdır ki, psixi sağlamlıq fiziki sağlamlığın özəyini təşkil edir. Əgər psixoloji gərginliyin azaldılması istiqamətində konkret tədbirlər planı həyata keçirilsə, bundan bütövlükdə cəmiyyət faydalanacaq".

Famil Fərhadoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

İranda edamlara etiraz kampaniyası başlayıb

SONRAKI XƏBƏR

Gənclərdən Prezidentə müraciətlər gəlir - "Ön cəbhədə döyüşməyə hazırıq"