Təxribat alınmadı! Xalq Ali Baş Komandanın arxasındadır – VİDEO

Təxribat alınmadı! Xalq Ali Baş Komandanın arxasındadır – VİDEO

Nə baş verdi iyulun 14-də? İşğalçı Ermənistan bir general da daxil olmaqla yüksək rütbəli zabitlərimizi və əsgərlərimizi şəhid etdi. Bu isə ölkəmizdə haqlı hərəkətlənməyə səbəb oldu.

Özəlliklə də gənclərimiz ayağa qalxdı, Ali Baş Komandan İlham Əliyevdən səfərbərlik, silah və işğalçıya qarşı savaş tələb etdi. İllər sonra yenidən Bakının küçələrində on minlərlə gənc məhz Ali Baş Komandan İlham Əliyevin başqanlığında döyüşmək istədiyini bəyan etdi. Polislə xalq – gənclər əl-ələ verib birgəlik nümayiş etdirdilər. Dünya, özəlliklə də ermənilər şokda idi. Onlar bir generalımızı şəhid etməklə bizi ruhdan salacaqlarını hesablamışdılar, amma əksi baş verdi. “Bir ölər, min dirilərik” deyib hər kəs ayağa qalxdı! Möhtəşəm bir ruhdu bu! Vətəndaşımız doğrudan da öz dövlətinə güvəndiyini, dövlətin ali rəhbəri – Prezident, Ali Baş Komandan İlham Əliyevin başqanlığında işğalçıya qarşı savaşmağa hazır olduğunu göstərdi. Kilometrlərlə yol gələn yürüşçülər heç bir yerdə qayda və qanun pozmadılar. Səliqəli davrandılar, yalnız vətənpərvərlik, döyüş çağırışları səsləndirdilər. Müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanına gələrək Azərbaycanın dövlət himnini oxudular. Gecənin qaranlığında Bakının göbəyindən dünyaya bir ismarıc verildi: biz heç kimə və heç nəyə baxmadan Ali Baş Komandan İlham Əliyevin başqanlığında düşmənə qarşı ölümünə savaşmağa hazırıq!

İnsanımız döyüş istəyir!

Düşmən də boş durmadı. Qərbin, Şərqin, Şimalın, Cənubun agentura şəbəkəsi əlbir olaraq bu gözəl görüntülərə haram qatmağa cəhd göstərdi. Bəli, məhz cəhd göstərdi. Çünki onlar istəklərinə sonadək çata bilmədilər. Cavablarını – paylarını elə ora toplaşan minlərlə vətənpərvər insanımız verdi. Bir az da polisin müdaxiləsinə gərək yarandı. Bu dəfə də Azərbaycan polisi nəzakətli davranışı, nizam-intizamı və əzmkarlığı ilə diqqət çəkdi. Baxmayaraq ki, təxribat törədib hətta Milli Məclisin binasına soxulmağı bacaranlara qarşı ən sərt tədbirlər görmək hüququ vardı, polislərimiz nəzakətdə qüsura yol vermədilər. Eləcə də polis maşınını devirənlərə münasibətdə uyğun yanaşma nəzakət çərçivəsində oldu.

Kim idi bu təxribatçı başıpozuq ünsürlər? Sualın cavabı o qədər aydındır ki, buna əlavə izah belə verməyə gərək yoxdur. Bunlar hər zamankı ünsürlər idi. Sayları az olsa da azacıq könül bulandırmağı bacardılar. Lakin elə azacıq olduqlarını bir daha özləri də, onları üzərimizə qısqırdanlar da görmüş oldu.

14 iyulda bir tarix yazıldı əslində. Bu tarix Azərbaycan gənclərinin Ali Baş Komandan İlham Əliyevə etimadının daha bir nümayişi oldu. Gənclər məhz onun komandanlığında işğalçıya qarşı vuruşmaq istədiklərini uca səslə bütün dünyaya bəyan etdilər. İşğalçı düşmən illərdir bütün varlığıyla çalışıb İlham Əliyevi gözdən salmaq istəyirdi, lakin dünən bəlli oldu ki, əksi baş verir. O yürüş və Milli Məclisin önündəki aksiya bir daha göstərdi ki, Azərbaycan gəncləri İlham Əliyevə etimad göstərir, onun başçılığı altında işğalçı Ermənistana qarşı savaşmaq əzmindədir.

Təxribatın baş verməsinə gəlincə, bir sual da məni düşündürür: Milli Məclisin qapısı necə oldu ki, belə asanlıqla başıpozuq dəstəyə təslim edildi? Məncə, dövlət baba, şəxsən Prezident İlham Əliyevin özü bu sualın da ətrafında ciddi-ciddi araşdırma aparmalıdır. Biz, bəyan etdiyimiz kimi, İlham Əliyevin arxasındayıq. Kimin nə oyun oynamasından asılı olmayaraq bu mövqeyimizi sonadək qorumaq əzmindəyik. Dünən gecə baş verənləri anbaan izlədik, izlədikcə də suallarımız ortaya çıxdı və nə yazıq ki, sona yaxın dövlətin avtoritetini ayaqlar altına atan o görüntülərə şahidlik etdik. Araşdırılmalıdır!

Polis maşınını devirən, dövlət avtoritetini ayaqlar altına ataraq Milli Məclisə soxulan, sonradan polisə dirəniş göstərən hər kəsi bir-bir aşkar edib cəzalandırmaq lazımdır! Başqalarına da görk olsun deyə! Onsuz da onlar erməniyə güllə atacaq deyillər! Bir qrup xain idi, məqsədli şəkildə təxribat törətdilər, erməniyə dəstək oldular. Düşmən səfindədir onlar!

Son olaraq, həqiqətən milli ruh getdikcə yüksəlir. İnsanımız – yetişməkdə olan gənc nəsil Qarabağı heç bir şərt altında Ermənistana və ermənilərə güzəştə getməyəcəyini bir daha qətiyyətlə nümayiş etdirmiş oldu iyulun 14-də!

Mənbə: teleqraf.com