Bolşeviklərin "qurban" bayramı

Bolşeviklərin "qurban" bayramı

Məhəmmədəmin Rəsulzadə 1923-cü ildə İstanbulda çap olunmuş kitabında 1918-ci ilin 15 sentyabrını xatırlayaraq yazırdı: “Qurban bayramı kimi məsud bir gündə Bakı təkrar öz sahiblərinin əlinə keçir”.

Parlament üzvü Əhməd Həmdi bəy həmin günü belə xatırlayırdı: “İslam ordusu komandanı Nuri paşa həzrətləri sevimli siması ilə Bakıya girərkən minlərlə xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə baş əyir, digər tərəfdən vüqarlı və ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə Mürsəl paşa da sürəkli alqışlarla qarşılanır, böyük fədakar və qəhrəman vətənpərvər şəhid Nazim bəy də əl üstündə gəzdirilir, bütün türk ordusu xalqın minlərlə alqış tufanıyla türk oğlu türk vətənini, Bakını ziyarət edirdi”.

Bakının azad edilməsi və Qurban bayramı sevinci eyni vaxta təsadüf etmişdi.

Amma həmin gün heç kimin ağlına gəlməzdi ki, şövqlə keçirilən Qurban bayramı 10-15 il sonra mövhumat elan ediləcək, qəzetlərdə ziyalılara bu bayramın əleyhinə yazılar yazdırılacaqdı...

Bunu isə bolşeviklər edəcəkdilər.

Bolşeviklərin mədəni inqilabın bir hissəsi kimi qəbul etdikləri din və onun ritualları ilə mübarizə işğal edilən müsəlman ölkələrində 1920-1930-cu illərdə geniş vüsət almışdı. Allahsızlar Cəmiyyəti qurulmuş, “Allahsız” jurnalı dərc edilmiş, çadra, sünnət adəti, Qurban bayramı əleyhinə “Kommunist” və digər qəzetlərdə silsilə yazılar verilmişdi.

Bu gün geriyə baxarkən bolşeviklərin din əleyhinə olan kampaniyası, məscidlərin, kilsələrin dağıdılması və ya başqa təyinat üzrə istifadəsi, yazıçılara, jurnalistlərə sifarişli məqalə, pyes yazdırılmasının cəmiyyət üçün nəticəsinin necə olması müzakirə predmetidir.

Bolşeviklərin dinlə mübarizəsinin XX əsrin tərəqqisinə hansı dərəcədə təsir etməsi, bugünkü nəticələri geniş araşdırma mövzusudur. Bunu mütərəqqi hesab edənlər də, vicdan azadlığının boğulması kimi qəbul edənlər də olacaq. Eləcə də bolşevik müdaxiləsi olmasaydı, Azərbaycanda özünəməxsus İslam modelinin qurulacağı nə dərəcədə mümkün idi məsələsi də açıq qalan suallardan biridir.

Unutmayaq ki, mövhumat və xurafatla mübarizə ilə insanların inanc dünyası ilə mübarizə arasında incə bir xətt var. Bolşeviklərə qədər Azərbaycanda cəmiyyət üzvlərinin bir-biri ilə əlaqəsini, toplum şüurunun formalaşmasını, ortaq reaksiya vermə qabiliyyətini təmin edən iki mühüm ünvan vardı: Xeyriyyə-maarif cəmiyyətləri və məscidlər.

Birincini dövrün ziyalıları, sahibkarları, ikincini isə din xadimləri həyata keçirirdilər. Məsələn, Nargin adasında əsir saxlanılan türk əsgərlərinə Bakı camaatının dəstəyini “Möhtaclara kömək” cəmiyyəti və məscidlər birgə təşkil etmişdilər. Dövrün mətbuatında hansı məscidlərin insanları xeyriyyəçiliyə, yardıma səslədiyi və nə qədər dəstək olduğu qeyd edilib.

Təəssüf ki, bolşeviklərin xeyriyyə cəmiyyətlərini, məscidlərin əlaqə və yardımlaşma funksiyasını aradan qaldırması toplum şüurunun inkişafına olduqca mənfi təsir göstərdi. Eləcə də Qurban bayramı kimi mahiyyətində yardımlaşma və möhtaclara dəstək olan rituala qarşı çıxması da cəmiyyətdaxili əlaqələrin qırılmasına səbəb oldu.

Şübhəsiz ki, qadınların çadradan xilas olması, dinin siyasətdən uzaq tutulması və sair kimi reformalar bolşeviklərin gətirdikləri yeniliklər deyildi. Məhəmməd Hadinin, Cəlil Məhəmmədquluzadənin, Ömər Faiqin timsalında Azərbaycan ziyalıları hər zaman buna qarşı olublar. Amma nə Çar dövründə, nə Cümhuriyyət illərində zorakı addımlar atılmamış, toplumun mühüm əlaqə funksiyasına zərər gətirilməmişdi...

***

Bolşeviklərin qurban anlayışı isə tamam fərqli idi.

Onlar 27 aprel gecəsindən etibarən Xəzər dənizinə insanları qurban etməyi qarşılarına məqsəd qoymuşdular.

Mənbə: teleqraf.com