"46 mərkəzi xəstəxana koronavirusdan müalicə üçün xüsusi...” - Deputat

"46 mərkəzi xəstəxana koronavirusdan müalicə üçün xüsusi...” - Deputat

Hələ də koronavirus pandemiyasının diqtə etdiyi şərtlərlə yaşamağa məhkumuq. Bu şərtlər çərçivəsində fəaliyyət göstərmək hər bir ölkənin öz prioritetidir. Ölkəmizdə pandemiyaya qarşı qabaqlayıcı tədbirlər kompleks şəkildə həyata keçirildi, virusla mübarizə davam edir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov bildirib.

O qeyd edib ki, dövlətimiz insanların təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün atmış olduğu bütün önləyici tədbirlər müsbət nəticə verir.

Millət vəkili bildirib ki, bu nəticələrə nail olmaq üçün kütləvi tədbirlərin, toy və yas mərasimlərinin, dini, milli bayramların kolektiv formada qeyd olunması təxirə salındı:

“Qısa zaman kəsiyində ölkəmizdə tibbi maska, dezinfeksiya edici məhsulların istehsalına başlanıldı. Süni tənəffüs aparatlarının alınması, bir neçı modul tipli xəstəxanaların inşası reallaşdı. İnsanların sosial qayğılarının qarşılanması üçün dövlət öz dəstəyini göstərdi. Aztəminatlı ailələrə birdəfəlik yardımların edilməsi, sosial məsələlərin zamanında həlli buna sübutdur”.

İlham Məmmədov vurğulayıb ki, Azərbaycan beynəlxalq müstəvidə pandemiyaya qarşı dünya dövlətlərinin birliyi və bu qolobal bəlaya qarşı birgə mübarizə modelini də ortaya qoydu:

“Güclü Azərbaycan qlobal müstəvidə baş verən proseslərə öz töhvəsini və dəstəyini nümayiş etdirir. Cənab Prezidentin sədrlik etdiyi Qoşulmama Hərəkatı vasitəsi ilə dünya ölkələrini pandemiyaya qarşı birgə mübarizəyə çağırış edildi. Məhz qısa bir zamanda BMT-nin xüsusi sessiyası çağırıldı və 130 ölkə Azərbaycanın bu çağırışına birmənalı dəstək verdi”.

Millət vəkilinin sözlərinə görə, cənab Prezidentin rəhbərliyi ilə son iki modul tipli xəstəxananın istifadəyə verilməsi ilə artıq ölkəmizdə 10 modul tipli xəstəxana yaradılmış oldu.

Səhiyyə komitəsinin üzvü bu xəstəxanaların hər birində 200 çarpayı olmaqla 2000 əlavə çarpayı fondunun yaradıldığını bildirib: “Xəstəliklərin müəyyən edilməsi üçün laboratoriyaların sayı 31-ə çatdırıldı. Yaxın gələcəkdə bunun sayının 45-ə qədər artırılması nəzərdə tutulur. Hazırda ölkənin 46 mərkəzi xəstəxanası xüsusi rejimli xəstəxanaya çevrilib. 570 yerlik Yeni Klinika, digər müasir xəstəxanalarımız da hazırda insanların koronavirusdan müalicəsinə xidmət göstərir”.

Deputat bildirib ki, son 16 ildə 700-dən çox müasir tipli xəstəxana tikilib və ya yenidən qurularaq insanların istifadəsinə verilib.

 

Mənbə: teleqraf.com