“Doğma dilimizdə qarşılığı olduğu halda yad söz və ifadələri işlətməyək...”

"Barmaqla sayılası bir neçə sayt arasında məhz Moderator.az bir növ mediada Ana dilimizin cilalanmasına çalışır...”

Bu gün – 1 avqust – Azərbaycan Əlifbası və Ana dili günüdür. Xalqımızın, dövlətimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyan belə bir gündə Moderator.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çağdaş dövrdə Ana dilimizin müxtəlif sahələrdə, o cümlədən media vasitələrində düzgün tətbiqi, onun saflığının qorunması və təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub.

“Məlumdur ki, ümummili lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana uyğun olaraq avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib. Və həmin vaxtdan etibarən biz hər il bu mötəbər günü qeyd edirik.

Ümumiyyətlə, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin düzgün tətbiqi, təkmilləşdirilməsi və saflığının qorunmasıyla bağlı dövlət rəhbərliyi, o cümlədən Prezident İlham Əliyev tərəfindən bir sıra sərəncamlar imzalanıb, tədbirlər planları hazırlanıb.

Dilimizin bu günkü tətbiqi mənzərəsinə nəzər salanda, xüsusilə, Ana dilimizə son onilliklərdə daxil olan alınma sözlərdən yerli-yersiz istifadə məsələsinə toxunmağı vacib sayıram. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan dili qədim dildir, zəngin dildir. Düzdür, dilimizin formalaşdığı yüzillər boyu artıq bir sıra ərəb və fars mənşəli sözlər lüğət tərkibimizə daxil olub. Və bu gün onlar ümumişlək səviyyədə işlənən sözlərdir. Son dövrlərdə də müstəqil Azərbaycan Respublikası müxtəlif dövlətlərlə siyasi, iqtisadi, mədəni, elmi, texniki və s. sahələrdə qarşılıqlı əməkdaşlıq və inkişaf şəraitində yaşayır. Amma bu o demək deyil ki, biz beynəlxalq terminlərlə yanaşı, əməkdaşlıq etdiyimiz digər ölkələrin, xalqların siyasi və yaxud mədəni, elmi, texniki terminlərini öz leksikonumuza daxil etməliyik. Və əlbəttə ki, bu gün rəsmi, bədii, publisistik üslublardan tutmuş adi məişət üslubuna qədər dilimizi yad məhfumlardan qorumağı tənzimləyə biləcək xüsusi bir mexanizm qurmaq mürəkkəb məsələdir. Biz dilçilər belə düşünürük ki, burada eyni zamanda hər kəsdə öz daxilindən gələn bir vətəndaşlıq təəssübkeşliyinə daha çox ehtiyac var. Hər birimiz danışdığımız, yazdığımız hər kəlməyə, cümləyə diqqət etməliyik ki, doğma Azərbaycan dilimizdə qarşılığı olduğu halda yad söz və ifadələri işlətməyək. Ancaq yenə də dilimizdəki problemləri tənzimləmək üçün bir mərkəzi quruma ehtiyac duyulur. Biz də bir dilçi alim olaraq sevinirik ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanıyla Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb və düşünürük ki, həmin mərkəzin fəaliyyətə başlaması ilə də Azərbaycan dilinin düzgün tətbiqi və saflığının qorunmasıyla bağlı bütün məsələlələr bu mərkəz vasitəsilə idarə olunacaq və həllini tapacaq.

Mərkəzin fəaliyyətində 3 əsas məsələ nəzərdə tutulub: internet resursları, kütləvi informasiya vasitələri və reklam daşıyıcıları. Amma bildiyiniz kimi, Milli Məclisin son iclasında belə qərara alınıb ki, ilk növbədə KİV-də və reklam daşıyıcılarında Azərbaycan dövlət dil normalarının qorunması məsələsi nəzarətdə saxlanılsın. Növbəti illərdə, düşünürük ki, artıq internet məkanında da bu məsələlərin həyata keçirilməsi reallaşacaq”- Monitorinq şöbəsinin müdiri belə deyib.

Dilçilik İnstitutunun professoru Azərbaycan dilinin mediada, xüsusilə internet saytlarında tətbiqi məsələsindən də danışıb.

“Hazırda KİV, xüsusilə, aktualdır. Biz monitorinqçilər dövlət başçısının 2013-cü il 9 aprel tarixli sərəncamıyla təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı əsasında KİV-də monitorinq ilə məşğuluq. Və ötən dövr ərzində bu sahədə çox böyük irəliləyişlər var. İstər internet saytları və qəzetlərdəki dil mənzərəsində, istərsə də telekanallarda aparıcılarımızın nitqində biz bunun şahidiyik.

Bununla belə hər bir vətəndaş, xüsusilə də aparıcı və jurnalistlərimiz, yazar və yazıçılarımız daha məzuliyyətli olmalıdırlar. Hamı düşünməlidir ki, bizim düzgün nitqə, yazıya sahib olmamağımız gələcək nəsillər üçün də yaxşı bir ənənə olmayacaq. Yəni dil normalarına nə qədər düzgün riayət etmiş olsaq, ata-babalarımızdan bizə miras qalmış bu gözəl dilimizi biz də layiqli formada növbəti nəsillərə ötürmüş olacağıq. Düşünürəm ki, dilimizin həm klassik dövrə xas, həm də çağdaş dövrdə gözəlliyinin qorunması üçün son dövrlərdə dil normalarının pozulmasıyla bağlı cərimələrin tətbiqi haqda qanun da mütərəqqi rol oynayacaq. Onu da vurğulamaq istərdim ki, həmin cərimələrin tətbiqində məqsəd büdcəyə hansısa bir məbləğin daxil olması deyil. Əksinə, hesab edirik ki, bu mexanizm də tez bir zamanda dilimizin saflığının qorunması sahəsində arzu etdiyimiz məsələlərin reallaşmasına töhfə verəcək. O cümlədən KİV, telekanal və internet saytlarında da...

Yeri gəlmişkən, onu da vurğulamaq istəyirəm ki, bizim ən çox monitorinqə cəlb etdiyimiz saytlardan biri də Moderator.az-dır. Səmimi deyim ki, demək olar, gündəlik bütün əsas informasiyaları sizin sayt vasitəsilə alıram. Və çox qürur və fəxrlə deyə bilərəm ki, həmin saytın məsuliyyətli əməkdaşları doğma Azərbaycan dilimizi nəinki qoruyur, həm də kifayət qədər optimal formada onun düzgün işlənməsinin təbliğiylə məşğuldurlar. Hiss olunur ki, bu saytın yazar və müxbirləri hər hansı bir mövzu və ya informasiyanı Ana dilimizdə hansı söz və ifadələrlə daha gözəl, daha ürəyəyatımlı çatdırmaq mümkündürsə, onlardan istifadə edirlər. Əlbəttə, bu həm də sayt rəhbərindən, onun işçilər qarşısında qoyduğu ciddi tələbkarlıqdan asılıdır. Amma burada ilk növbədə əməkdaşın özünün vətəndaşlıq və milli təəssübkeşliyindən, peşə məsuliyyəti böyük rol oynayır.

Barmaqla sayılası bir neçə sayt arasında məhz Moderator.az internet məkanında Azərbaycan dilinin mümkün qədər leksik və qrammatik normalara uyğun işlənməsinə cəhd göstərməklə bir növ mediada Ana dilinin cilalanmasına çalışır. Odur ki, dilçi alimlərimiz adından Moderator.az saytına minnətdarlıq edir, Azərbaycan xalqı, vətəndaşları, dövləti, bütün digər media mənsublarıyla bərabər bu saytın rəhbərliyi və əməkdaşlarını da Qurban bayramı ilə yanaşı, Azərbaycan Əlifbası və Dili günü münasibəti ilə də ürəkdən təbrik edir, yeni yaradıcılıq və peşə uğurları diləyirəm... Və düşünürəm ki, Ana dilimizə qarşı bu sevgi daim olacaq onun düzgün tətbiqiylə, saflığı və gözəlliyi ilə fəxr edəcək, qürur duyacağıq...”- deyə dilçi alim açıqlamasını nikbin notlarla bitirib.

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Ağır fəsadlara səbəb olan yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyinə əməl etməliyik

SONRAKI XƏBƏR

Moskvada koronavirusa yoluxanların sayı kəskin artıb