SSRİ-nin bərpası ideyası fiaskoya uğrayır - Foto

SSRİ-nin bərpası ideyası fiaskoya uğrayır  - Foto

“Həm Vladimir Jirinovskinin fikirləri, həm də Rusiya prezidentinin SSRİ-nin dağılması ilə bağlı məlum bəyanatları, heyfsilənmələri ortadadır. Amma dünya əvvəlki deyil, belə məsələlər zorakılıq və güc yolu ilə həll edilə bilməz. Üstəlik, müasir Rusiyanın nəzəri baxımdan SSRİ-ni bərpa etməsi üçün iqtisadi, maliyyə, mənəvi və digər formada imkanları düşünüldüyü qədər də geniş deyil. Bir zamanlar SSRİ-nin tərkibində olan ölkələr 30 ildir ki, müstəqilliklərini əldə ediblər, bir neçə nəsl müstəqil dövlətlərin vətəndaşları kimi yetişib, dünya miqyasına çıxıblar. İndi dünyanın o dövrü deyil ki, filankəs belə istəyir deyə, bu olacaq”.

Moderator.az xəbər verir ki, bu fikirləri Reyting.az-a Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi işləmiş siyasi analitik Oqtay Qasımov Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bərpa olunacağı ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indi rəy sorğusu keçirilsə, keçmiş Sovet İttifaqı respublikaları əhalisinin mütləq əksəriyyəti SSRİ-nin bərpasına dəstək verməyəcək:

“SSRİ deyilən formasiya zamanı guya hər şeyin yaxşı olduğu kimi bir anlayış ola bilməz. Əslində xalqımızın 200 il ərzində yaşadığı faciələrin məhz 70 ili SSRİ-nin payına düşüb. SSRİ-dən bizə nələr miras qalıb? Ərazi itkiləri, indiki Dağlıq Qarabağ problemi, 10 minlərlə ziyalımızın 30-50-ci illərdə məhv edilməsi və s. Bəs niyə indi bizə daima problem yaradan bir quruluşa dönməliyik? Hansı ağıl və məntiq bunu tələb edə bilər?”

O. Qasımov

O. Qasımov xatırladıb ki, Dağlıq Qarabağ problemi 1988-ci ildə sovet rəhbərliyinin təşəbbüs və iştirakı ilə yaradılıb: “Problemin indiki səviyyəyə gəlib çatmasında onların böyük rolu olub. Hazırda biz, bu ağrıları yaşamaqda davam edirik…”

Siyasi analitik qeyd edib ki, Rusiya zəiflədikcə və xalqın hakimiyyətə inamsızlığı artdıqca insanların diqqətini problemlərdən yayındırmaq üçün rus xalqının şüuraltı şovinist hislərinə müraciət edilir:

“Torpaqların böyüdülməsi sadə rus insanının düşüncəsində qəhramanlıq kimi assosiasiya olunub. Bu gün də SSRİ-nin bərpasına dair əsassız fikirlərin ortaya atılması buna hesablanıb”.

O. Qasımov diqqətə çatdırıb ki, Rusiyaya ən yaxın, onun müttəfiqi sayılan Belarusda rus muzdlu döyüşçülərinin həbsi o deməkdir ki, SSRİ-nin bərpası ideyasına müqavimət güclüdür: “Əgər avqustun 9-da Aleksandr Lukaşenko yenidən Belarus prezidenti seçilərsə, zənnimcə, bundan sonra Moskva-Minsk münasibətləri hamar olmayacaq.

Ukrayna hansı əsasla Rusiya ilə bir yerdə olmağa razılıq verə bilər? 6 il əvvəl ruslar Krımı işğal edib, Donbasda Ukraynanın ərazi bütövlüyünə təcavüz edilib. Ukrayna ittifaqın bərpasında necə maraqlı ola bilər?

O cümlədən Qazaxıstana ərazi iddiaları irəli sürülür. Üstəlik, Moldova və Gürcüstanı da problemlə üzləşmiş ölkələr kimi misal gətirmək olar. Bütün bunlar deməyə əsas verir ki, qeyd edilən ideya heç vaxt reallaşmayacaq”.

 

 

Mənbə: moderator.az