“Ermənistanda əhali Qarabağ üçün döyüşmək istəmir” - Emin Həsənli

“Ermənistanda əhali Qarabağ üçün döyüşmək istəmir” - Emin Həsənli

Hərbi ekspert Emin Həsənli: “Bir həftəyə 50 min könüllü – böyük rəqəmdir”

Prezident İlham Əliyev bu günlərdə bir daha Ermənistan-Azərbaycan münaqişəsi, Tovuz hadisələri, eləcə də, səfərbərlik və sair mövzularda mühüm bəyanatlar verib. Balakən regional ASAN Mərkəzinin açılışında etdiyi nitqində dövlət başçısı deyib: “Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan”.

Prezident eyni zamanda deyib ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Onu da əlavə edib ki, əgər ehtiyac olarsa, “bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”.

Prezident Azərbaycan xalqı ilə ordusunun bir bütün olduğunu bildirib. Bir çox ölkələrdə vətəndaşlar – gənclər orduda xidmətdən yayınmağa meyl etdiyi halda, Azərbaycanda əksinə könüllü olaraq Vətənin müdafiəsinə hazır olduğunu ifadə etdiyini deyib.

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Bizimyol.info saytına müsahibəsində bu məsələlərə dair fikirlərini bölüşüb.

- Son dövrlər baş verən hərbi-siyasi hadisələrə Prezidentin verdiyi qiymətlə tanışsınız. Sizcə, nə baş verib?

- 2020-ci il iyulun 12-də Tovuz istiqamətində ermənilərin dövlət sərhəddimizi pozması yeni situasiya yaradıb...

- Yeni situsiya nədən ibarətdir?

- Yeni situasiya ondan ibarətdir ki, artıq dünyanın hər yerində yaşayan azərbaycanlıllar aksiya keçirirlər.

- Xaricdə yaşayan soydaşlarımız əvvəllər də belə aksiyalar keçirirdi...

- Amma indi vahid mövqedə aksiyalar keçirdilər . Həm də bu pandemiya dövründə. COVİD- 19 aartıq 4 aydan bəri dünyada bir nömrəli mövzudur. Pandemiya dövründə insanlar ara məsafəsi saxlamalı, küçələrə çıxmamalı, dəfnlərdə 4-5 nəfərdən artıq adam iştirak etməməlidir. Amma bu situasiyada şəhidlərimizi dəfn etmək üçün 10 minlərlə insanın küçəyə çıxması onu göstərdi ki, Azərbaycan xalqı nə qədər vətənpərvərdir. Onlar xəstəlikdən və ölümdən belə qorxmurlar, Vətən üçün ölən insanlar, görün, xalqımız üçün, nə qədər əzizdir. Öz yaxınlarının yaslarında belə iştirak etməyən, dövlətin qanunlarına tabe olan insanlar, küçəyə çıxmayan insanlar bu dəfə kütləvi surətdə küçəyə axışdılar və : “Biz Vətənin müdafiəsində hazırıq” dedilər.

- Birinci suala qayıdaq. Prezidentin çıxışı sonrası orduya kütləvi könüllü yazılanlarla bağlı...

- Bəli. Cənab Prezident Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, hər kəs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsin. Gənclər də ora müraciət etdi...

- Prezidentin bu çağırışına zərurət vardımı?

- Vardı. Çünki gənclər kütləvi halda sosial şəbəkədə , küçələrdə fikirlərini bildirirdilər. Amma yazılı müraciət etmirdilər və qeydiyyatdan keçmirdilər. Az qismi qeydiyyatdan keçmişdi . Bir qismi isə Müdafiə Nazirliyində qeydiyyata alınmışdı. Sadəcə, Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedib, fikirlər səsləndirib gəlirdilər. Və yaxud da dəfn mərasimində , ən çox da sosial mediada bu fikirlər, şüarlar səslənirdi...

- Prezident iki gün əvvəl dedi ki, 50 mindən çox vətəndaş ordu sıralarına könüllü yazılıb. Bu rəqəm çoxdurmu, azdırmı?

- Bir neçə günə 50 min adamın müraciət etməsi çox böyük rəqəmdir .

- Bir həftəyə dedi.

- Bəli. Bu, onu göstərdi ki , Azərbaycan gəncliyi nə qədər vətənpərvərdir. 2016 -cı ildə xalqımız böyük ruh yüksəkliyi göstərmişdi, Tovuz hadisələrində bu, daha da yüksəldi və daha da sistemli formada həyata keçirildi.

- Sistemli demişkən, həmin günlərdə belə əndişəli fikirlər də səsləndi ki, bu sərtləşdirilmiş karantin dövründə insanların səfərbərlik xidməti strukturlarına kütləvi axını koronavirusa yoluxma hallarını artıracaq...

- Elə ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti electron qeydiyyat təklif etdi ki, COVİD- 19 zamanı insanlar əziyyət çəkməsin, evlərində oturub, günün istənilən saatında qeydiyyatdan keçsinlər. Bu, yoluxma risqini azaltmaq üçün gözəl addım idi.

- Ermənistan, Sizcə, niyə Tovuzda ərazimizə hücum cəhdi etdi? Biz necə cavab verdik?

- Tovuz istiqamətində düşmənə çox ağır cavab verildi. Düşmən istəyirdi ki, müharibə vasitəsilə daxildəki problemlərdən diqqəti yayındırsın. Azərbaycan, bilirsiz ki, dalbadal beynəlxalq aləmdə uğurlar əldə etmiş, bir çox ölkələrə yardım da göstərmişdi. BMT Baş Məclisinin sessiyasının keçirilməsini təşəbbüs etmişdi. Bu isə Ermənistanda qıcıq yaratmışdı. Ermənistan müxalifəti artıq deyirdi ki, rəsmi İrəvan heç bir uğurlar əldə etməyib. Paşinyan vəd etdiyi kimi nə Qarabağ məsələsini həll edir, nə Ermənistana birləşdirə bilir, nə də Ermənistan parlament Qarabağdakı rejimin müstəqilliyin tanıya bilib. Paşinyan hakimiyyətə yeni gələndə demişdi ki, heç olmasa, Ermənistan parlamenti Qarabağın müstəqilliyini tanımalıdır. Bu da olmadı. Paşinyanın vədlərinin əksinə olaraq, nə Qarabağı tərəf kimi danışıqlara cəlb edə bilib, nə Rusiyanı dostluqdan çıxarıb Qərblə əməkdaşlıq edə bilib. Nə işsizlyi aradan qaldıra, nə də rüşvətin kökün kəsə bilib. Ona görə də daxildə diqqəti ölkənin kəskin sosial-iqtisadi, eləcə də, siyasi problemlərindən yayındırmaq üçün bu cür avantürist addımlar atır. Bir ara oğlunu Qarabağa “hərbi xidmətə” göndərdi. Sonra özü gəlib Şuşada şoular təşkil etdi. Aktyorluq etdi. Qondarma rejimin başçısına “andiçmə” keçirdi və sair. Bunlar da effekt verməyəndə birbaşa Azərbaycan ərazisinə hücum cəhdi törətdi.

- Tovuzda Ermənistan bölmələrinin təxribatından sonra belə faktlar yenə ortaya çıxdı ki, düşmən ordusu döyüşün ön sırasına muzdluları, yəni əsasən Suriyadan olan erməniləri, orduda qeydiyyatda olmayan qismən mülki vətəndaşları, eləcə də, Qarabağdan olan erməniləri yerləşdirmişdi. Onların ön sırada döyüşənlərinin çoxu hərbi uçotda olmadığına görə, döyüş itkiləri çox hallarda mülki şəraitdə təbii ölüm kimi qeyd olunur. Ermənistan nədən belə addım atır? Nədən ön sıraya öz vətəndaşlarını deyil, başqa ölkələrin vətəndaşlarını düzür. Nədən itkilər cəmiyyətdən gizlədilir? Normalda biz tanıdığımız Ermənistan hay-küy qaldırmalı idi ki, Azərbaycan onun daha çox əsgər və zabitini öldürüb və bununla da dünyadan özünün məzlum obrazına dəstək qazanmağa çalışmalı idi. Əksinə oldu. Niyə belə oldu?

- Ermənistanda əhali deyirdi ki, artıq Qarabağ üçün döyüşmək istəmir. Deyirdilər: “Bunun heç bir əhəmiyəti yoxdur. Beynəlxalq aləmdə də tanırtdıra bilməyəcəyik, Azərbaycan gec-tez oranı azad edəcək, çünki güclü ordusu var”. Paşinyan həm də Tovuz istiqamətində sərhəddi ona görə pozdu ki, erməni əhalisinə müharibənin guya bütün cəbhəboyu – bütün istiqamətlərdə getdiyini aşılasın. Bu ideya ətrafında Ermənistan cəmiyyətini toprlayıb öz ətrafında birləçdirməyi, üstəlik də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında Rusiyanı bu münaqişəyə tərəf kimi cəlb etməyi planlayırdı. Rusiya imtina edəndə də Qərbə Rusiyanın onu həlledici məqamda tək qoyduğunu göstərib dəstək almağı düşünmüşdü. Bunlar da alınmadı. O ki qaldı, döyüşdə muzdlulardan istifadəyə, itkilərin gizlədilməsinə və sair, bəli, bunlar var. Ermənistan itkilərini bir neçə metodla gizlədir. Birincisi, Qarabağda əhalini qeydiyyata almırlar. Cəbhə bölgəsinə - döyüşün ön xəttinə Qarabağ ermənilərini aparırlar. “Sizin torpağınız üçün döyüşürük” deyirlər. Onlar da həlak olanda, təbii ki, Ermənistanın hərbi itkiləri olaraq qeydə alınmırlar. Onları aparıb gizlin dəfn edə bilirlər. Ermənistan öz əhalisinin sayının azlığına görə ordusunu cəbhə boyu komplektləşdirə bilmir. Baxmayaraq ki, Ermənistan Türkiyə ilə, İranla, Gürcüstanla sərhəddini Rusiya ilə birgə qoruyur , yenə də 2 milyonluq əhalinin Azərbaycanın bütün cəbhə boyu sərhədlərində komplekləşdirmə aparmağa ehtiyatı yoxdur. Nə də Ermənistanın güclü iqtisadiyyatı yoxdur . Azərbaycanda bir çox ixtisaslar peşəkar ordudadır. Müddətdən artıq hərbi qulluqçular, hərbi gizirlər var. Ən çox şəhid olanlarımız da onlardır - zabitlər. gizirlər, müddətdən artıq qulluq edənlər. Onlar hamısı döyüş bölgəsindədir və hərbçilərimiz ən müasir silahlardan istifadə edirlər, yüksək əməkhaqqı alırlar, yəni hazırlıqlı insanlardır. Ancaq Ermənistanın belə imkanları yoxdur. Ona görə də düşmən tərəf əcnəbi muzdlulardan istifadə edir. Həmin muzdlular da döyüşdə məhv ediləndə Ermənistan hökuməti bunu rahatca gizlədə bilir. Azərbaycan isə itkilərini gizlətmir; bu, mümkün də deyil, heç ehtiyac da yoxdur. Çünki Azərbaycanda insanlar Vətəni üçün vuruşub şəhid olur və xalqımız da, həbçi şəhid ailələri də bunu böyük şərəf bilir. Bizim hərbçilərimiz Vətən uğrunda döyüşür, şərəflə şəhid olur. Düşmən tərəfdə isə muzdlular pul üçün döyüşə gəlir və ölümləri də şərəfsiz olur – cəsədləri də gizlədlir. Buna görə də düşmənin itkiləri bizimkindən qat-qat çox olsa da, bir çox hallarda az görünə bilər. Bəzən bizdə deyirlər: “Niyə bizim generalımız, yüksək rütbəli zabitlərimiz şəhid olur?” Haqlı sualdır. Cavabı da bəllidir: çünki ermənilərdən fərqli olaraq bizim generalımız da, zabitimiz də səngərdə əsgərlə çiyin-çiyinə vuruşur. Qəragahda oturub döyüşü kənardan izləmir.

- Bəs Ermənistan əhalisi öz hökumətinin bu siyasətinə necə baxır?

- Ermənistanda əhali mətbəxdə dedyini artıq açıqa deyir. Deyirlər: “Qarabağ Azərbaycanın ərazisidir. Niyə bizim övladlarımız gedib orda həlak olmalıdır? Niyə Ermənistanın iqtisadiyyatı müflis oldu? Niyə camaat qırılır?” Bu sualları öz hökumətlərinə verirlər. Ermənistan hökuməti də elə buna görə döyüş itkilərini gizlədir. Amma bu proses çox davam edə bilməz.Azərbaycan ordusu mütləq torpaqlarımızı işğaldan azad edəcək.

Gülnarə ƏMİRQIZI

Mənbə: www.bizimyol.info