Ermənistanda Rusiyanı dost ölkə sayanlar 83 faizdən 57 faizə düşdü - neqativ prosesdə indiki hakimiyyətin rolu...

Ermənistanda Rusiyanı dost ölkə sayanlar 83 faizdən 57 faizə düşdü - neqativ prosesdə indiki hakimiyyətin rolu...

Məhəmməd Əsədullazadə: “İki ildir hakimiyyətə yaxın olan media bu yöndə güclü kampaniya aparır “

Qafqaz Tədqiqatlar Resurs Mərkəzinin apardığı “Qafqaz Barometri - 2019” tədqiqatına görə, Ermənistanda Rusiyaya dost ölkə kimi baxanların faizi xeyli azalıb.

Sorğu 21 fevral-15 mart 2020-ci il tarixlərində keçirilib. Sorğu iştirakçılarının 31% -i İrəvanda, 33% -i digər şəhərlərdə, 36% -i isə kəndlərdə yaşayır. Aparılan sorğu nəticəsində məlum olub ki, 2013-cü ildə Ermənistan əhalisinin 83 faizi Rusiyanı bir nömrəli dost ölkə hesab edirdisə, artıq belə düşünənlərin sayı 57 faizə düşüb. Mərkəz hesab edir ki, beş ilə 26 faiz azalma ciddi rəqəmdir: “Ermənistan əhalisinin təxminən 57% -i Rusiyanı bir nömrəli dost ölkə adlandırıb. Lakin, yüksək göstəriciyə baxmayaraq, son illərdə etimad səviyyəsi azalıb, çünki 2017-ci ildə respondentlərin 63% -i, 2015-ci ildə - 75%-i, 2013-cü ildə isə 83%-i Rusiyanı ən birinci dost ölkə olaraq göstərirdilər. Beş ilə 26% azalma ciddi rəqəmdir”.

Qeyd edək ki, sözügedən tədqiqat 2004-cü ildən bəri aparılır və əsas siyasi, iqtisadi və sosial meylləri təqdim etmək məqsədi daşıyır. Bütün bunların fonunda maraqlıdır, Ermənistan cəmiyyətində Rusiyaya münasibətdə müşahidə edilən bu inamsızlıq tendensiyası nəyin göstəricisidir?

“Anti-Rusiya ovqatı hakimiyyət tərəfindən həyata keçirilir və məqsəd Qərbdə daha yaxın himayədar tapmaqdır”

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunun səbəbini bir sıra amillərlə, əsasən də mövcud Ermənistan hakimiyyətinin apardığı siyasətlə əlaqələndirdi: “Ermənistanda hakimiyyət Rusiyaya qarşı rusofobiya siyasəti aparır. Ölkənin üzləşdiyi iqtisadi və sosial problemlərin səbəbini Rusiyanın üzərinə yıxırlar. İki ildir hakimiyyətə yaxın olan media bu yöndə güclü kampaniya aparır. Paşinyan bununla Moskvanın təsirini ölkəsində azaltmaq istəyir. Bundan əlavə, Ermənistan əhalisinin Rusiyaya etibarının azalmasında məhz aprel və Tovuz döyüşləri də müəyyən rol oynayıb. Qeyd edim ki, indiki məqamda sözügedən sorğu nəticələrinin açıqlanması təsadüfi deyil. Onlar bununla göstərmək istəyirlər ki, ermənilərin Rusiyaya inamı getdikcə itir. Hesab edirəm ki, ermənilər elə bir millətdir ki, onlar ancaq ağa axtarışında olublar. O üzdən, Rusiyadan üzləri dönərsə, yeni bir hami axtarışında olacaqlar. Məhz Paşinyan da yeni hami axtarışındadır. Çünki Rusiyanın onu qəbul etmədiyini yaxşı bildiyi üçün, belə bir plan həyata keçirir. Hesab edirəm ki, Rusiyanın erməni cəmiyyətində mövqeyi zəifləsə, digər hamilər tapılmasa, ermənilər bəlkə Qafqazda sülhü seçib rahat yaşamaq yolunu tutarlar. İlk növbədə Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarıb sülh şəraitində inkişaf edə bilərlər. Hazırkı situasiyada onların yaşaması məhz xəstə psixologiyalarının nətiəcəsidir. Ümid edirəm ki, ermənilər ağıllanar. Bunlar Türk dünyasını özlərinə düşmən görməklə, belə bir xəstə təxəyyüldə yenə də öz fitnə-fəsadlarından əl çəkməyəcəklər. Rusiya da artıq ermənilərdən bezib. Ermənistanda anti-Rusiya ovqatı hakimiyyət tərəfindən həyata keçirilir və məqsəd Qərbdə daha yaxın himayədar tapmaqdır. Ancaq hesab edirəm ki, bu mümkün olmayacaq”.

Belə məlum olur ki, ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində Ermənistanda Rusiyaya dost gözü ilə baxanların sayı azalır.

Mənbə: www.baki-xeber.com