“Yox bir, Şuşanı da, Berlini də Paşinyan alıb...”

“Yox bir, Şuşanı da, Berlini də Paşinyan alıb...”

Paşinyanın əleyhdarları xeyli fəallaşıblar. Ermənistan baş nazirinin ətrafında Moskvadan yönləndirilən halqalar daralsa da, bu halqa üzvlərinin əksəriyyəti keçmiş iqtidarı təmsil etdiyindən hələ ki, Nikol üçün daxildə ciddi qüvvə sayılmır.

Onlardan biri Ermənistan Respublika Partiyasının (ERP) mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov (yezidi kürd, qatı anti Azərbaycan təbliğatçısı) Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “İyul hadisələri zamanı baş nazir Paşinyan bütün prosesə rəhbərlik edib və əlaqələndirib” ifadəsini işlətdiyi üçün ona müraciət edib.

"Hə, Nikol Paşinyan - Marşal Jukovdu, şəxsən hər şeyə rəhbərlik edib. Əgər şəxsən rəhbərlik edibsə, o zaman David Tonoyandan soruşmazdı: "Bəlkə yolu azmışdılar?" - deyə Eduard Şarmazanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

(Xatırladaq ki, 15 iyulda hökümətin iclasında Paşinyan Tovuz sərhədində Azərbaycan tərəfdən hərəkət edən UAZ maşınına atəş açılmasının səbəbini soruşanda - “bəlkə yolu azmışdılar” demişdi-Moderator.az)

ERP mətbuat katibinin sözlərinə görə, hazırkı hakimiyyətin iş üslubu ona Brejnev dövrünün “KPSS”-ni (Sovet İttifaqı Kommunist Partiyası) xatırladır.

“Brejnevin adı uyğun oldu, olmadı, hər yerdə çəkilirdi. Əgər bu belədirsə, onda Şuşanı da, Berlini də Nikol alıb, Talışı da xilas edib. Bəsdirin də, hər şeyin bir həddi var. Bu, açıq şəkildə anti-milli bir hökumətdir " - Eduard Şarmazanov deyib.

P.S. Düşmən cəbhədə siyasi qüvvələr bir-birinə qarşı barışmaz mövqedədir. Əsas odur ki, biz bunu maraqlarımız naminə dəyərləndirə bilək.

 

 

Mənbə: moderator.az