“Erməni diasporunun güclü olmasıyla bağlı mifi dağıda bildik” - MÜNASİBƏT

“Erməni diasporunun güclü olmasıyla bağlı mifi dağıda bildik”  - MÜNASİBƏT

Xarici ölkələrdə yaşayan azərbaycanlıların fəallığı Ermənistanın Baş naziri Nikol Paşinyanı Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatı aparmağa məcbur edib. Belə ki, o, qurum daxilində 4 nəfərin vəzifəsini dəyişib və 10 məsul işçini vəzifəsindən azad edib.

"Şərq" qəzetinin təsisçisi Akif Aşırlı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, erməni diasporunun tarixi çox əskilərə dayanır. Lakin buna baxmayaraq, onlar etiraf etdilər ki, kilsə ilə diaspora arasında koordinasiya qurula bilmədiyi üçün Azərbaycan diasporu qarşısında uğursuz olublar:

“Ermənistanda iqtisadi vəziyyət həddən artıq ağırdır. Pamdemiya dönəmində dövlət strukturları iflic vəziyyətinə düşüb. Onlar həmişə xaricdəki diaspora fəallarına güvənirdilər. Lakin sonda uğursuz olduqlarını etiraf etdilər. Bəli, bunlar Ermənistan mətbuatının yazdığı etiraf dolu məqalələrdir. Bildirim ki, onlar dağınıq xalqdır, müxtəlif ölkələrdə yaşayıblar, onları birləşdirən bir kilsə olub və zamanla öz diasporlarını formalaşdırıblar, bugünədək onu güc kimi göstəriblər. Biz də yaxşı bilirik ki, ermənilərin arxasında kilsə və diaspora dayanır. Azərbaycan diasporu isə müstəqillik dövründən hesablasaq, cəmi 25-30 ildir ki, formalaşıb. Ancaq ümumilikdə götürsək, 1920-ci ildən sonra diaspor formalaşıb. Tovuz hadisələrindən sonra siyasi mövqeyindən asılı olmayaraq, xaricdə yaşayan azərbaycanlıların vahid güc kimi toplaşmasında diaspora komitəmiz mühim rolu olub. Bunu çox yüksək qiymətləndirmək lazımdır. Hesab edirəm ki, xaricdəki qüvvələrimizin ortaya çıxması, onların Azərbaycanın bütövlüyünü tələb etməsi, hətta gəlib Qarabağda döyüşmək istəmələri dünyaya bir mesajdır. Azərbaycanın haqq səsinə böyük bir qatqıdır. O baxımdan son dönəmlərdə çox böyük fəallıq göstərilib”.

“Modern.az” xəbər portalının baş direktoru Elşad Eyvazlı qeyd edib ki, bizdə bir müddət əvvəl erməni diaspounun çox güclü olması ilə bağlı düşüncə yaradılıb. Hesab edirdik ki, bizim onlara hətta sözlə cavab verməyimiz belə mümkün deyil. Amma son hadisələr bunun tam əksini göstərdi:

“Son hadisələr bütün dünya ölkələrindəki erməni lobbilərinin mifini dağıtdı, bu, çox böyük bir irəliləyişdir. Artıq soydaşlarımız gerçəyi görməyə başlayıblar. Mif altında hərəkət etməyimizin doğru hal olmadığını anladıq. Bu məsələdə təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsinin böyük rolu oldu. Məsələdə başqa bir diqqət çəkən məqam isə Qarabağla bağlı dünya azərbaycanlılarının istəyidir. Bu çox sevindirici haldır. Artıq dünyanın əksər ölkələrində özlərini sivil biri kimi təqdim edən ermənilər azərbaycanlılarla sivil qaydada yarışa girə bilmədiklərini göstərdilər. Azərbaycanlıların onları üstələdiyini gördükdə zorakı metoda keçdilər. Onlar bu metodla Azərbaycanlıları başqa yola çəkmək istədilər. Çünki biz emosional xalqıq. Amma xoşbəxtlikdən bu dəfə emosiyadan uzaq olmağı üstün tutduq”.

Elşad Eyvazlı təmkinliliyimizin bəzilərini olduqca narahat etdiyini vurğulayıb:

“Məlumdur ki, Ermənistanın öz adamlarını işdən çıxarması adi bir məsələ deyil. Azərbaycandakı bəzi sosial şəbəkə istifadəçiləri ona müxtəlif don geyindirirlər ki, bu, baş verən proseslərlə bağlı deyil, lakin əgər bağlı olmasaydı, arada 2-3 ay fərq olardı. Bu cür davranışlar insanı incidir, çünki bu məsələdə narahat olanlar Azərbaycanın əleyhinə olan qüvvələrlə əlbir olan azərbaycanlılardır. Görürlər ki, diasporumuz artıq çox güclüdür və Azərbaycanın əleyhinə olan qüvvələrlə işləməklə heç nə əldə edə bilməyəcəklər. Biz artıq diasporumuzun davranışları ilə qürur duyuruq. Mənim çox yaxın dostum var. Dünya üzrə imkanlı azərbaycanlılardan biridir. Adam xaricdə rəhmətə gedən azərbaycanlıların ailələrinə bacardığı qədər kömək edib. Onun yaşadığı yerdə iş axtaran olubsa, onları işlə təmin edib. Bugünədək də heç bir komitə ilə əlaqə saxlamayıb. Amma bildirir ki, ölkədə ona qarşı əsassız fikirlər səslənir, guya dövlət ona dəstək olur. Halbuki belə bir şey yoxdur. Sadəcə inandıra bilmirəm. Çünki içimizə inamsızlıq toxumu səpməyə çalışanlar var. Vətəndaşlarımızın bir-birinə düşmən olmasına çalışırlar. Amma faydasızdır, uğur qazanmayacaqlar. Pandemiya dövründə Azərbaycandan başqa hansı ölkənin vətəndaşları öz soydaşlarını xaricdəki evlərinə qonaq etdilər? Bunlar qürurverici məsələlərdir. Mən xaricdə yaşayan neçə dostlumla danışmışam, onlara aşılanan fikirlərin səhv olduğunu bildirmişəm. Hər birimiz bu məsələdə diqqətli olmalıyıq”.

Sayad HƏSƏNLİ

 

Mənbə: yenisabah.az