Koronavirus testlərinin qiyməti aşağı salına bilərmi? - AÇIQLAMA

Koronavirus testlərinin qiyməti aşağı salına bilərmi? - AÇIQLAMA

Koronavirus testinin qiyməti 100-140 manat arası olduğu üçün bir çox insanların analiz vermək imkanı olmur. Testlərin qiymətinin baha olması deputatların və digər insanların narazılığına səbəb olub. Koronavirus testlərinin qiyməti aşağı salına bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Rüfət Quliyev bildirib ki, koronavirus testlərinin qiyməti aşağı salınmalıdır:

“Testlərin qiyməti 25-30 manat olmalıdır ki, özündə narahatlıq hiss edən hər bir vətəndaşımız analiz verə bilsin. Mən TƏBİB-i çox sərt tənqid etmişəm. Təsəvvür edin ki, Lənkəranda koronavirusla mübarizədə ön cəbhədə iştirak edən bir qrup həkim 2 aydır maaşlarına olan artımı ala bilmirdilər. Onlar mənə müraciət etdi. Mən bununla bağlı TƏBİB-ə məktub göndərdim. Bu təşkilat deputatın məktubuna hörmət qoyub cavab vermədi. Bundan əlavə testlərin qiyməti insanlarımızın büdcəsinə uyğun olmalıdır. Vətəndaşlarımız onlara verilən 190 manatın 120 manatını analizə verməməlidir.

Deputat Rüfət Quliyev

Nəzərə almalıyıq ki, koronavirus təhlükəli və keçicidir. Əgər bir ailədə bir nəfərdə olarsa, digərlərinə keçə bilər. Pandemiya dövründə cənab Prezident tərəfindən çox mühüm humanist addımlar atılıb, sosial layihələr həyata keçirilib.Düşünürəm ki, bu məsələdə insanlarımıza güzəşt edilməlidir. Ayda bir dəfə 25-30 manat verib insanlarımız koronavirus testindən keçə bilərlər.Amma vətəndaşımız hər həftə test vermək istəyirsə, o, öz hesabına analiz versin.

Ümumilikdə ayda bir dəfə koronavirus testindən keçmək istəyən insanlarımız üçün analizin qiyməti 25-30 manat olması yaxşı olardı”.

Nərgiz Mirzəyeva,
KONKRET.az

Mənbə: konkret.az