"Həmsədrlərin vicdan və ədalət hissi ilə məsələyə yanaşması olsaydı Minsk qrupu özünü buraxmalı idi"- RƏY

"Həmsədrlərin vicdan və ədalət hissi ilə məsələyə yanaşması olsaydı Minsk qrupu özünü buraxmalı idi"- RƏY

Keçmiş ABŞ həmsədri Riçard Hoqlandın ATƏT-in Minsk qrupunun fəaliyətinin uğursuz olmasını etiraf etməsi bu qurumun perspektivinin müəyyənləşdirilməsinin Daqlıq Qarabağ münaqişəsi üzrə sülh prosesi üçün nə qədər aktual olduğunu bir daha təsdiqlədi.

Minsk qrupunun fəaliyyətində hələ ki heç bir ciddi nailiyyətin əldə edilməməsinin iki mühüm səbəbi nəzərə çarpır.

Birincisi qurumun təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi məqsədilə Yerevana təzyiq göstərməkdən imtina etməsi, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı dörd qətnaməsinin reallaşdırılmasına biganəliyi. İkincisi Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın münaqişənin tənzimlənməsi prosesində ilk növbədə öz geosiyasi maraqlarının güdməsidir. Yəni həmsədrlərin münaqişə tərəflərinə guya balanslaşdırılmış münasibətin arxasında əslində bu üç böyük dövlətin hərəsinin (Fransanın Avropa İttifaqını təmsil etməyini nəzərə almaqla) Azərbaycan və Ermənistanı öz təsirlərinin orbitinə tam cəlb etmək məqsədi durur.

Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının uğursuzluğu Azərbaycanın Ermənistanın növbəti hərbi təxribatının baş verməsi fonunda irəli sürdüyü həmin qurumun geniş tərkibdə iclasının keçirilməsi tələbinin əsaslı olduğuna işarə edir. Rəsmi Bakı tərəfindən təkidlə Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin əvvəlki məcrada cərəyan etməsinin artıq mümkün olmamasını bildirməsi qurumun qarşısında sonrakı perspektivi ilə bağlı məsələni birmənalı şəkildə qoymaqdadır.

Bununla bağlı Sonxeber.az-a beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova danışıb:

"ATƏT-in Minsk qrupunun bu günədək Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmayıb, işğal olunmuş Azərbaycan torpağları azad olunmayıb. BMT- nin qətnamələrində əks olunan tələblər yerinə yetiriləməyib, işğalçı qoşunlar Azərbaycan ərazisindən çıxarılmayıb, heç bir uğura imza atılmayıb. Bununla da Mink qrupu özünün səmərəsiz fəaliyyətinin olduğunu artıq çoxdan sübut edib. Normal halda Minsk qrupundan ya Azərbaycan özü imtina etməli idi, yaxud da təşkilat özü üzərinə qoyulan missiya, vəzifəni layiqincə yerinə yetirə bilmədiyini etiraf etməli və buna görə də təşkilat özünü buraxmaq qərarına gəlməli idi".

Politoloq Nazakət Məmmədova Minsk qrupunun dərhal buraxılmalı və Azərbaycanın onun fəaliyyətindən imtina etməli olduğunu bildirib:

"Həmsədrlərin vicdan və ədalət hissi ilə məsələyə yanaşması olsaydı bu təşkilat özünü buraxmalı idi. Çünki 26 il ərzində normal irəliləyiş, fəaliyyətində dönüş edə bilməyən təşkilatın ümumiyyətlə mövcud olmaq haqqı yoxdur. Bu təşkilat yaradılıb və məqsədi odur ki, münaqişəni üç böyük dövlətin monopoliyasında saxlasın. Məqsəd həmçinin indiki status- kvonu olduğu kimi saxlamaqdır.
Əminliklə deyə bilərəm ki, Minsk qrupunun məqsədi münaqişəni həll etmək deyil. Həll etmək istəsəydilər, bu qədər müddətdə həll edərdilər və yaxud da geri çəkilərdilər. Həll edə bilmədikləri barədə və daha səmərəli mexanizm tapılması üçün məlumat verərdilər. Bunu edə bilməyiblərsə, bu onu göstərir ki, onların məqsədi heç də münaqişəni həll etmək deyil. Onların məqsədi indiki şəraitdə status- kvonu mümkün qədər çox saxlamaq, yəni Dağlıq Qarabağ de- fakto Ermənistana məxsus olsun, de-yure isə Azərbaycana.

İlk fürsət tapan kimi imkan daxilində Dağlıq Qarabağı Azərbaycandan qopartmaqdır. İndi bunu niyə edə bilmirlər? Çünki beynəlxalq normalar buna imkan vermir. Dövlətlərin ərazi bötövlüyü və suverenliyi prinsipi mövcud beynəlxalq hüququn əsas prinsiplərindən biri olduğun görə, ATƏT-in özünün 1975- ci ildə yekun aktında da əks olunmuş prinsipə görə onlar bunu edə bilmirlər. Yəni torpaqlarımızı Azərbaycandan qoparda bilmirlər. Buna baxmayaraq torpaqlarımızı Azərbaycana da qaytarmırlar və faktiki Ermənistanın işğalı altında saxlanılmasına şərait yaradırlar.

Buna görə də Mink qrupu dərhal buraxılmalı və onun fəaliyyətindən imtina edilməlidir. Bu missiyanın uğursuz olduğu etiraf olunmalı, yeni beynəlxalq mexanizm düşünülməlidir. Çünkiən böyük uğur lap atəşkəsdirsə, bildirim ki, buna da əməl olunmur. Bu müddətdə faktiki olaraq Azərbaycan- Ermənistan arasında döyüşlər olub. Biri 2016- cı ilin aprel ayında Dağlıq Qarabağda olan "Aprel döyüşləri", biri də 2020-ci ilin iyulunda Tovuz istiqamətində olan döyüşlərdir.

Minks qrupu tamamilə yararsız fəaliyyət göstərən təşkilatdır. Əgər təcvüzkar Ermənistanı 26 il ərzində dayandıra bilməyibsə, tərəflər arasında iki dəfə böyük savaş meydana çıxıbsa, demək ki, bu missiya uğursuzdur. Bu qrupun başında dayanan dövlətlərə, onların maraqlarına və Azərbaycana münasibətlərinə baxmaq yetər. Xüsusilə də burada Rusiya və Fransanın münaqişəni həll etmək istəmələri qalsın bir tərəfə, hər şeyi Ermənistanın xeyrinə həll etmək istəmələri diqqət çəkir.

Fransa və Rusiya dünyada ən ermənipərəst ölkələr sırasına daxildir. Bu ölkələrin Ermənistanın ərazisini Azərbaycanın topaqları hesabına genişləndirmək istəkləri var. Fransanın və Rusiyanın məkrli siyasəti var. Rusiya Ermənistanın torpaqlarını Azrbaycanın hesabına böyüdüb. Fransa da bu siyasəti dəstəkləyir. Üstəlik Ermənistanın Qara dənizə çıxışını təmin etmək istəyir. Buna görə də bu iki dövlət Minsk qrupundan uzaqlaşdırılmalıdır. Yaxud da Minsk qrupuna yenidən Türkiyə və Almaniya da daxil edilib,formalaşdırılmaldır. Onsuz da Minsk qrupunun varlığı və yoxluğu hiss olunmur. Ona görə də onun olmamağı nəyisə dəyişməyəcək".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az