“Türkiyənin liderliyi ilə yeni geosiyasi konfiqurasiya qurulur” - AKTUAL

“Türkiyənin liderliyi ilə yeni geosiyasi konfiqurasiya qurulur” - AKTUAL

“Gələcəkdə Yaxın Şərqdə Türkiyə, İran, İsrail üçbucağının başçılığı ilə hərbi-siyasi və iqtisadi hegemonluq baş tutacaq”

“Hər halda Yaxın Şərqdə gedən proseslərdə kifayət qədər təhlükəli məqamların da şahidiyik”

“Həmin ölkələrin liderləri, siyasi partiyaları və siyasi isteblişmenti daxildəki ermənilərlə bağlı kifayət qədər ehtiyatlı mövqe sərgiləməlidirlər”

Ermənistan son illər ərzində ərəb ölkələri ilə əməkdaşlığı genişləndirir. Müsəlman ölkələrinin işğalçı ölkə ilə işbirliyinə getməsi də istisna deyil. Bu siyasət məhz Azərbaycana qarşı yönəlib. İyulun 12-də təcazvüzkar ölkənin cəbhənin Tovuz istiqamətində törətdiyi təxribatda Livan, İordaniya, Suriya, Misir və sair kimi ərəb ölkələrinin davranışının şahidi olduq. Əslində isə bu mövqe Azərbaycan üçün yox, onların özləri təhlükəlidir.

Məlum vəziyyəti “Sherg.az”a şərh edən Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, yeni dünya qurulur. Yaxın Şərqin hegemonları Türkiyə və İsrail olacaq.

Politoloq vurğulayıb ki, ərəb ölkələri və xalqı uzun müddət Osmanlı İmperiyasının tərkibində olub. Amma ərəblərin əsasını qoyduğu islam dininin bu günə qədər dünyada qalmasının ən böyük səbəbi türklərin uzun əsrlərdən bəri islamı qoruması ilə bağlıdır:

“Osmanlı İmperiyasında ərəblərə heç bir ayrı-seçkilik edilməməsinə baxmayaraq ərəblər hər zaman Türkiyədən heyif çıxmaq istəyiblər. Türkiyəni özləri üçün təhdid görüblər. Onların ermənilərə verdiyi dəstəyin bir istiqaməti də məhz Türkiyəyə qarşı manipulyasiya etməkdir”.

Yaxın Şərqdə oturuşmuş erməni diasporu var. Bu diasporu İsrail, Livan, Suriya, İordaniya, Misir və digər ölkələrdə görə bilərik. Hətta həmin ölkələrin siyasi isteblişmentində tez-tez ermənilərin adına rast gəlirik. Məsələn Livandakı partlayış zamanı siyasi partiyaların sədrlərindən biri erməni milliyətçi idi. Həmin şəxs həlak oldu”.

Z.Məmmədov qeyd edib ki, Yaxın Şərqdəki erməni diasporu ərəb siyasətçilərinə təsir edərək onların Ermənistanla hərbi münasibətlərinin inkişafına zəmin yaradırlar:

“Həmin müsəlman və ərəb ölkələrində-Fələstin, Livan, İordaniyada erməni terror qrupları hazırlıqlar keçirir. Bu ölkələrdə erməni terror qruplarının kampları var”.

Analitik bildirib ki, hazırda Yaxın Şərqdəki bəzi ölkələrin Ermənistana isti münasibətinin şahidi oluruq:

“Lakin bu ölkələri müsəlman dünyası adlandırmaq olmaz. Çünki müsəlman dünyası və ərəb dünyası bir qədər fərqlidirlər. Bəli, bu gün özünü müsəlman dünyasının lideri hesab edən Səudiyyə Ərəbistanı Ermənistanla heç bir münasibətə malik deyil. Səudiyyə Ərəbistanı bunun əksini edə bilməz. Çünki bu, Səudiyyə Ərəbistanın siyasi imicinə böyük zərbə olar. Digər tərəfdən görürük ki, İran, Misir, Suriya, Livan, İordaniya sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, digər tərəfdən ermənilərlə mühüm əlaqələrə malikdirlər”.

Politoloq yaxın illərdə vəziyyətin bir qədər dəyişəcəyini diqqətə çatdırıb:

“Türkiyənin liderliyi ilə yeni geosiyasi konfiqurasiyanın qurulmasının şahidiyik. Düşünürəm ki, gələcəkdə Yaxın Şərqdə Türkiyə, İran, İsrail üçbucağının başçılığı ilə hərbi-siyasi və iqtisadi hegemonluq baş tutacaq. Bunların da səbəbi var. Hər halda Yaxın Şərqdə gedən proseslərdə kifayət qədər təhlükəli məqamların da şahidiyik. Həmin ölkələrin liderləri, siyasi partiyaları və siyasi isteblişmenti daxildəki ermənilərlə bağlı kifayət qədər ehtiyatlı mövqe sərgiləməlidirlər”.

Mənbə: sherg.az