Ermənistanda fövqəladə vəziyyətin uzadılması cəmiyyəti koronavirusdan qorumaq məqsədi güdmür

Ermənistanda fövqəladə vəziyyətin uzadılması cəmiyyəti koronavirusdan qorumaq məqsədi güdmür

“Ermənistanda fövqəladə vəziyyətin uzadılması cəmiyyəti koronavirusdan qorumaq məqsədi güdmür”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəisi, polkovnik Sayat Şirinyan detib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətin uzadılması səlahiyyətlilərin öz hakimiyyət müddətlərini uzatmaq üçün növbəti cəhdidir.

“Hansı korrupsionerə qarşı effektiv mübarizə aparıblar?”, - deyə Sayat Şirinyan Ermənistanın səlahiyyətli şəxslərinə müraciət edib.

Şirinyan jurnalistlərlə görüşündə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın son müsahibəsinə toxunarkən vurğulayıb ki, müsahibəyə cavab verənlərdən biri Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Andranik Köçəryan olub.

“Üzr istəyirəm, cavab verənlər hər şeyi şəxsi təhqirlər sahəsinə köçürdükləri üçün bunlara adekvat cavab verməliyəm. Bığlı Köçəryan Ando, bəs bu gün o, cəmiyyətə nəyi sübut etmək istəyir? O deyir ki, Robert Köçəryan danışmamalıdır, çünki xalq artıq onun hökmünü verib, hansı xalq, sizin zombiləriniz?”, - deyə Sayat Şirinyan qeyd edib.

Şirinyanın sözlərinə görə, bütün həyatı boyunca polisin nüfuzu üçün mübarizə aparıb, lakin bu gün bir çox hallarda sadəcə utanır.

“Polisin, güclü kişinin gənc qadınları əl qandalları ilə həbs etməsi rüsvayçılıqdır, bu, koronavirusa qarşı mübarizədir?”, - deyə o bildirib.

Keçmiş polis rəsmisi qeyd edib ki, Ermənistan hökuməti səmərəsiz iş nəticəsində koronavirusa qarşı mübarizədə uğursuz olub.

“Ən əsas virus daşıyıcısı öz “Bəli” təbliğatı zamanı məhz Nikol Paşinyan olub”, - deyə Şirinyan qeyd edib.

Şirinyan bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsində Nikol Paşinyanın Ermənistana qarşı iddiası araşdırılır.

 

Mənbə: ordu.az