Meşə tipli parkın salınması xəbəri hamımızı sevindirdi

Meşə tipli parkın salınması xəbəri hamımızı sevindirdi

Bu günlərdə Bakının Yasamal rayonuna baş çəkmiş Prezident İlham Əliyevin burada salınacaq meşə tipli yeni parkla bağlı tövsiyələrini verməsi bir daha göstərdi ki, dövlətimiz hər zaman şəhərimizin yaşıllaşdırılmasına, ekologiyanın qorunmasına və əhalinin istirahətinin təşkilinə xüsusi önəm verir. Meşə tipli yeni parkın salınması xəbəri Bakı, xüsusilə də Yasamal rayonu sakinlərinin ürəyincədir. Müsahibim Yasamal rayonunun sakini Qədir Məmmədovdur. O dedi:

– Bakı gündən-günə dəyişir, gözəlləşir və müasirləşir. Fəxrlə deyə bilərəm ki, şəhərimiz indi təkcə öz müasir tikililəri, tarixi abidələri ilə deyil, həm də parkları, yaşılllıqları ilə tanınır və sevilir. Bu illər ərzində şəhərin müxtəlif rayonlarında əhalinin asudə vaxtının təşkili üçün saysız-hesabsız müasir parklar istifadəyə verilib. Hamısı da bir-birindən gözəl. İndi də sakini olduğum Yasamal rayonunda meşə tipli yeni parkın salınması nəzərdə tutulub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rayonumuza səfərini və yeni salınacaq parkla bağlı tapşırıqlarını televiziyada izləyəndə bir sakin kimi çox sevindim. Çünki salınan hər bir yaşıllıq və hər bir park həm şəhərimizin ekologiyasının qorunması, həm də insanların asudə vaxtının səmərəli keçirilməsi üçün lazımdır. Bu gün müşahidə edirik ki, ekoloji problemlərin mövcud olduğu dünyada təbiətin qorunması, havanın təmizliyi, meşə zolaqlarının salınması gündəlikdə duran əsas məsələlərdəndir. Təqdirəlayiq haldır ki, dövlətimiz həmişə bu məsələlərə diqqətlə yanaşıb və yaşıllıqların , meşə zolaqlarının və parkların salınmasına vəsait ayırıb.
Eşitdiyimə görə, yeni salınacaq parkın əsas hissəsini meşə zonası təşkil edəcək, burada müxtəlif ağaclar əkiləcək. Sözsüz ki, meşə zonası buraya gələcək sakinlərin uşaqlı-böyüklü hamının təmiz hava qəbul etməsi üçün çox faydalı olacaq. Gəlin, etiraf edək ki, bəzən yaşlı insanlara, müəyyən xəstəliklərdən əziyyət çəkən sakinlərə həkimlər təmiz hava qəbul etməyi, yaşıllıq qoynunda-- hansısa bölgədə dincəlməyi məsləhət görürlər. Meşə tipli park həmin kateqoriyadan olan sakinlər, övladlarını və nəvələrini gəzdirmək istəyən valideynlər üçün əvəzsiz məkan olacaq.
Mən özüm babayam. Park açılanda orada nəvəmlə birlikdə yaxşı vaxt keçirəcəyimizi düşünürəm. Nəvəm yeni parkın açılacağını eşidən andan sevinir. O, uşaqlar üçün təşkil edilmiş meydançada oynayar, mən də təmiz hava qəbul edərəm…
Parkda nəzərdə tutulan əyləncə məkanları, insanların oturub dincəlmələri üçün guşələr, fitnes və kafe zonaları da buraya gələn sakinlərə imkan verəcək ki, günlərini yaddaqalan və səmərəli keçirsinlər.
Odur ki, parkın açılışını səbirsizliklə gözləyirik. Bu sevinci bizə bəxş edən və daim əhalini düşünən dövlətimizin rəhbərinə təşəkkür edirəm.

 

Əfsanə BAYRAMQIZI,
Elşən Ağalar (foto),
“Xalq qəzeti”

 

Mənbə: xalqqazeti.com