Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?

"ABŞ məhsulu" adı ilə təqdim olunan "demokratiya" və "azadlıq" çətin ki, Almaniya üçün Rusiya qazını və ya İtaliya üçün Çin sərmayələrini əvəz etsin.

 Çinlə sanksiyalar, iqtisadi əlaqələrin məhdudlaşdırılması, qarşılıqlı casusluq və bəlkə də güc tətbiqi formasında təzahür edəcək soyuq müharibənin qaçılmaz olduğunun dərk edildiyi bir vaxtda qərbli ekspertlər Pekin üzərində qələbə qazanmağın "sehrli" yolunu axtarmağa başlayıblar.

Bu və ya digər formada Vaşinqton, London və Brüsseldə müzakirə edilən "Çin əjdahasını boğmaq" yollarının hamısı geniş anti-Çin koalisiyasının yaradılmasını nəzərdə tutur.

Bu məsələdə istiqamətverici prinsiplər səviyyəsində heç bir müxtəliflik müşahidə olunmasa da, bu prinsiplərin konkret reallaşması səviyyəsində ciddi problemlər meydana çıxır.

Məsələ bundadır ki, həm bəzi Avropa paytaxtlarında, həm də ABŞ-ın "analitik mərkəzləri"ndə artıq əsaslı təəssürat yaranıb ki, Avropanın bir çox ölkələri (xüsusilə Almaniya, Fransa və İtaliya), həmçinin Asiyanın bəzi ölkələri nədənsə Çinə qarşı yeni soyuq müharibədə ABŞ-ın əlaltısı kimi iştirak etmək istəmirlər. Bundan başqa, onlar bu müharibədə ABŞ-ın qələbəsinə pul tökmək istəmirlər (bu özünü Almaniya və Fransanın ÜDM-in iki faizini Amerikanın "hərbi müdafiəsinə" ayırmaq istəməməsi ilə bağlı qalmaqallarda göstərir). Vaşinqton və Londondakı Çin əleyhdarlarını qəzəbləndirsə belə, Avropa Çinin "Huawei" şirkətinin 5G şəbəkələri üçün avadanlıqlarının tədarükünü tam qadağa etməyə hazır deyil. Avropanın faktiki olaraq öz ordusunun yaradılması ilə bağlı verdiyi bəyanatlar və Makronun müstəqil xarici siyasət yeritmək (nə Çin, nə də Amerika lehinə) istəyi ilə bağlı bəyanatları fonunda geniş anti-Çin alyansını yaratmağın mürəkkəb və çox baha olacağına dair şübhələr artır və bu problemin həlli yollarının axtarışı güclənir.

"Council on Foreign Relations" (Xarici Əlaqələr Şurası) beyin mərkəzinin himayəsi altında buraxılan nüfuzlu "Foreign Affairs" jurnalı bu problemə iki yanaşmanı təhlil edir. Onlardan birini şərti olaraq "Donald Tramp yanaşması", digərini isə "Boris Conson yanaşması" adlandırmaq olar. Şuranın həm Amerika elitası, həm də Avropadakı amerikapərəst elitanın təfəkkürünə göstərdiyi böyük təsiri nəzərə alsaq, onun "Çin problemi" ilə uğurlu mübarizə üçün təklif etdiyi metodlara nəzər salmaq lazımdır.

"Foreign Affairs" jurnalının yeni məqaləsində təklif olunan üsullar Vaşinqtonun dünyada (ən azı Qərbdə) dominantlığını faktiki olaraq saxlamağa yönəlib və Amerikanın hegemonluğunu qorumağın konkret üsullarından ibarətdir.

Amerikanın nüfuzlu nəşrinin müəllifləri fikir mübadiləsi üçün başlanğıc nöqtəsi kimi hazırkı nizamın ölüm ayağında olmasını və əsas təhlükə kimi koronavirusu yox, Çin və Rusiyanı göstərirlər. Qeyd olunur ki, iki həll yolu təklif olunur – biri Trampdan, digəri isə Consondan.

Yeni struktur ideyasını verən ilk şəxs Conson olub. Mayda o, G7 ölkələri üstəgəl Avstraliya, Hindistan və Cənubi Koreyadan ibarət 10 aparıcı demokratiyaların alyansını yaratmağı və ona D10 adını verməyi təklif edib. Məqsəd telekommunikasiya siyasətini əlaqələndirmək və 5G texnologiyasında dominant olan "Huawei" şirkətinə alternativ yaratmaqdır. Tezliklə, Tramp iyunda baş tutmalı olan G7 görüşünü ləğv edib və əvəzində payızda G11 formatında görüşü təklif edib. Consonun təklifini yenidən nəzərdən keçirərək, Tramp yeni qrupuna D10 ölkələri ilə birlikdə Rusiyanı da daxil edib.

"Foreign Affairs" ekspertləri Rusiyanı bu kluba götürməyi məsləhət görmürlər və onlar "D10 variantını", yəni Consonun sxemini seçirlər. Amma bu vacib deyil. Bu tövsiyənin arxasında dayanan motivasiya böyük maraq doğurur. Bu motivasiya ondan ibarətdir ki, Rusiyanı anti-Çin mübarizəsində iştirak etməyə inandırmaq mümkün olsa belə, Trampın sxemi çox pis görünəcək və perspektivsiz olacaq, çünki ilk növbədə anti-Çin gündəmi əsasında qurulacaq. Amma Consonun sxemindən guya hansısa bir müsbət gündəm, yəni "Çinə qarşı alyans" yox, "yaxşı hər şey naminə alyans" yaratmağa imkan verəcək birləşdirici bir ideyanı çıxarmaq olar.

Müsbət gündəm dedikdə, əlbəttə ki, boş şüarlar — "demokratiya", "azadlıq" və "insan hüquqları" nəzərdə tutulur. Maraqlıdır ki, bu cür müsbət gündəmin ortaya çıxması Vaşinqtonun hazırkı xarici siyasətinə qarşı qoyulur: "Amerika Birləşmiş Ştatları Çinin başçılıq etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankına, "Bir Kəmər-Bir Yol" təşəbbüsünə və Rusiyanın dəstəklədiyi "Şimal Axını 2" qaz kəmərinə qarşı çıxa bilər. Lakin inandırıcı alternativlər təklif edilmədiyi təqdirdə digər ölkələri də buna inandırmaq çətin olacaq".

Bu yanaşmanın problemi ondan ibarətdir ki, "ABŞ məhsulu" adı ilə təqdim olunan "demokratiya" və "azadlıq" çətin ki, Almaniya üçün Rusiya qazını və ya İtaliya üçün Çin sərmayələrini əvəz etsin. Amma bu cür münasibətlər Vaşinqtona lazım deyil, özü də konkret gələcək prezidentin soyadından asılı olmayaraq: Baydenə də, Trampa da müstəmləkə lazımdır, amma Avropa İttifaqını bu vəziyyətə qaytarmaq, çətin ki, mümkün olsun – nə D10, nə də G11 formatında. Rusiya barədə isə danışmağa dəyməz.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Şəbnəm dəbdəbəli villasını Könül Kərimovaya satıb?

SONRAKI XƏBƏR

Bakının mərkəzində böyük tıxac - FOTOLAR