Qəbələnin deputat mandatı uğrunda RƏQABƏT: Kəmaləddin Heydərovun oğlu, yoxsa keçmişin “lal deputatı”?

Qəbələnin deputat mandatı uğrunda RƏQABƏT: Kəmaləddin Heydərovun oğlu, yoxsa keçmişin “lal deputatı”?

Fəttah Heydərovun vəfatından sonra 116 saylı Qəbələ Seçki Dairəsi üzrə deputat mandatına iddialılar artıq baş qaldırmaqdadır.

Yenicag.az xəbər verir ki, Milli Məclisin sabiq üzvü Hacı Salayev də qeyd olunan seçki dairəsindən deputat mandatına sahiblənmək üçün hərəkətə keçib.

Lakin qeyd olunur ki, Hacı Salayevin bu niyyətinin baş tutmasına ən böyük maneə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Ehtimal olunur ki, nazirin övladlarından biri həmin dairə üzrə deputat mandatına iddia edə bilər.

Bunu nəzərə alan Hacı Salayevin fövqəlnazirlə görüşərək, deputat mandatına sahiblənmək üçün ondan xeyir-dua almağa hazırlaşdığı bildirilir.

Xatırladaq ki, Hacı Salayev IV və V çağırış Milli Məclisin deputatı olub. O, bu il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürsə də, daha sonra müəmmalı səbəbdən “marafon”u tərk edib.

Hacı Salayev iki dönəm Milli Məclisdə təmsil olunsa da, onun adı hər zaman “lal deputatlar” siyahısında olub. Deputat kimi fəaliyyətsiz olmasına baxmayaraq, onun qurduğu biznes-imperiyanın səs-sorağı çox uzaqlara gedib.

Mənbə: yenicag.az