Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər

ABŞ Prezidenti Donald Trampın özünün "uğur hekayəsinin sirri" hesab etdiyi koronavirus vaksininin seçkiqabağı hazır olmayacağı bildirilir.

Lakin seçkiqabağı COVİD-19 vaksini Trampın öz seçicilərinə "sürprizi" olacaqdı. Vaksinin bu ilin sonuna və ya gələn ilin əvvəlinə hazır olacağını bildirən mütəxəssislərin bu xəbəri Trampı xeyli məyus edib. Ekspertlər isə vurğulayırlar ki, Trampın tələsməsi vaksinlərin keyfiyyətsiz hazırlanmasına səbəb ola bilər.

Məlumata görə, Tramp həqiqətən, mütəxəssisləri tələsdirir və o, artıq Şimali Karolinadakı biotexnoloji laboratoriyada olub, iradlarını işçilərə bildirərək vaksinlərin rekord səviyyəli qısa zamanda hazır olmasını tələb edib.

“Vaksin tapılsa belə...”

Məsələyə müna sibət bildirən politoloq Natiq Miri “Cümhuriyət”ə açıqlamasında Donald Trampı sözügedən vaksinin də xilas edə bilməyəcəyini bildirib:

 

“Seçkilərə bir neçə ay qalmış ABŞ Prezidenti Donald Trampın ictimai rəydə vəziyyəti o qədər də ürəkaçan deyil. Tramp rəqibi olan demokrat Co Baydenə ictimai rəydə böyük fərqlə uduzmaqdadır. Ona görə də vaksin oktyabr ayında tapılsa belə, halbuki buna inam o qədər də çox deyil, ictimai rəy də Donald Trampı xilas etməyəcək. Çünki koronavirus pandemiyasından ən çox zərər çəkən Amerikadır. Mövcud vəziyyət 100 minlərlə tələf olan insanların yaxınlarının və bütövlükdə ABŞ ictimaiyyətinin mövqeyinə ciddi təsir edib.

Özünü dünyanın hegemon dövləti hesab edən ABŞ koronavirus qarşısında çox aciz vəziyyətdə qalıb. Aparılan islahatlar pandemiyaya yönəlik olmadığı üçün həm insan resursu, həm də iqtisadi baxımdan ABŞ çox böyük zərər gördü. Düşünürəm ki, bu proses gələcək illərdə iqtisadiyyatda özünü daha sərt şəkildə göstərəcək. Bu məsələ yalnız ABŞ ictimaiyyəti və Demokrat tərəfdarları ilə məhdudlaşmır. Bu gün Respublikaçılar Partiyasında da ciddi parçalanmalar mövcuddur. Sabiq prezident Buşun adminstrasiyasında çalışmış minlərlə insan Demokratların namizədi Co Baydeni müdafiə edəcəklərini bildirib. Bundan başqa Trampın əvvəl qələbə çaldığı əyalətlərdən də fərqli səslər gəlməkdədir. Bu səslər heç də Trampın xeyrinə deyil. Ona görə də vaksinin hazır olma ehtimalını da, Donald Trampı ictimai rəyin də xilas edəcəyini düşünmürəm. Bu gün Amerikanın siyasi dairələrində də Trampın seçkilərdən məğlub ayrılacağı ilə bağlı ciddi müzakirə predmeti var. Respublikaçılar Trampın yerinə fərqli bir namizədin irəli sürülməsi haqqında da fikirlər səsləndirirlər. Bu faktın özü də göstərir ki, Trampın təmsil olunduğu partiyanın özündə də fikir ayrılığı mövcuddur. Bu da onun əleyhinə işləyən bir məsələdir. Ona görə də vaksinin hazır olub- olmayacağından asılı olmayaraq, Ağ Ev rəhbərinin çox ciddi bir uğur hekayəsinə ehtiyacı olacaq. Hələliksə, nə xarici, nə də daxili siyasət üfüqlərində belə bir uğur hekayəsi görünmür. ABŞ-ın pandemiyadan ən çox zərər çəkən ölkə olması, ölkənin idarəçilik sistemində, xüsusən də Tramp Adminstrasiyasında çox ciddi qüsurların olmasından xəbər verir. ABŞ ictimaiyyəti bunu Tramp Adminstrasiyasına bağışlamayacaq”.

“Trampın xaricdən dəstək alması çətin olacaq”

Ekspert əlavə edib ki, ictimai rəyin böyük hissəsinin müsbət mövqeyindən məhrum olmuş Trampın xarici qüvvələrin də dəstəyini alması çətin olacaq:

“Amerika ictimaiyyəti rahatlıqla aldadıla bilməz. Digər tərəfdən Amerika seçkilər sistemində ictimaiyyətin səsi həlledici deyil. ABŞ ictimaiyyəti səs verməklə prezidenti seçiləcək namizədləri seçirlər. Bu dünyada, bəlkə də ən qüsurlu seçki sistemidir. Çünki prezident birbaşa xalqın səsi ilə seçilmir. Ona görə də Rusiya kimi bir ölkənin müdaxiləsini düşünmək olar. Lakin bu məsələ o qədər də həlledici olmayacaq. Bu məsələ bir dəfə gündəmə gəldi və isintaq işi də aparıldı. O zaman Donald Trampla Hillari Klinton arasında səs fərqi elə də böyük deyildi. Lakin indiki seçkilərdə Co Baydenlə Donald Tramp arasında səs fərqi çox böyükdür. Ayrıca Amerikada prezidentliyə namizədliklə bağlı yeni modelləşdirmələr aparıblar. Bu modelləşdirmədən əldə edilən nəticə ondan ibarətdir ki, seçicilərin 90 faizdən çoxu Co Baydeni dəstəkləyəcəyini bildirib. Bu səs fərqi ilə Rusiyanın ABŞ seçki sisteminə müdaxiləsinin olacağını düşünmürəm. Çünki Co Bayden Rusiya əleyhinə çıxan bir namizəddir və o seçilərsə, Kremlə heç də xoş olmaz”.

Əli Bədir
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

ABŞ BMT-yə layihə verdi: İrana embarqo

SONRAKI XƏBƏR

Azərbaycanda koronavirusdan ən çox bu sahələr mənfi təsir görüb