Elmira Axundova: “Ukraynada vəziyyət mürəkkəbdir, amma Azərbaycana qarşı xoş münasibət var” - MÜSAHİBƏ

Elmira Axundova: “Ukraynada vəziyyət mürəkkəbdir, amma Azərbaycana qarşı xoş münasibət var” - MÜSAHİBƏ

 

2020-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elmira Axundovanın Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzaladı.

Karantin tədbirləri səbəbindən Azərbaycanın Ukraynaya yeni təyin edilmiş səfiri vəzifələrinin icrasına may ayında başladı.

Media.Az-a müsahibəsində E. Axundova elə ilk günlərdən işin çox olduğunu söyləyib.

- İlk olaraq koronavirus pandemiyası ilə əlaqədar insanları təxliyyə etmək və çarter uçuşlarının təşkili məsələlərindən söhbət gedir. Əməkdaşlarımızın sayı yetərli qədər deyil, axı vətəndaşlarımızı siyahıya almalı, onlarla əlaqə saxlamalı, laboratoriyalarda analiz vermələrini təklif etməliyik. Bir çox insan son anda uçmaqdan imtina edir, biz onları başqaları ilə əvəz edirik. Nəzərə almaq lazımdır ki, biletlər də olduqca bahadır. Kimlərsə Türkiyə üzərindən Azərbaycana uçur.

Lakin səfirlikdə çox yaxşı, savadlı və hazırlıqlı kollektiv var. Ukraynadakı vəziyyət mürəkkəb olsa da, Azərbaycana və azərbaycanlılara qarşı xoş münasibət var. Mən artıq bir çox rəsmi şəxslərlə, o cümlədən Prezident Vladimir Zelenski, deputatlarla görüşmüşəm.

- Koronavirus pandemiyası ilə əlaqədar ümumi olaraq necə nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıtmaq üçün müraciət etdi?

- Təxminən 1000 nəfər olardı. Üç çarter reysi təşkil edildi. Hazırda geri qayıtmaq istəyən 600-dək soydaşımız var.

- Kiyevdə silahlı hücuma məruz qalaraq, güllə yarası alan azərbaycanlı tələbələrin son vəziyyəti barədə soruşmaya bilmərəm. Səfirliyin bu işi nəzarətə götürdüyü elan edildi. Uzun illər Arsen Avakovun rəhbərlik etdiyi Ukraynanın Daxili İşlər Nazirliyi ilə kommunikasiya hansı səviyyədə qurulur? Daha əvvəl Daxili İşlər Nazirliyinin Ukraynadakı azərbaycanlıların şikayətlərinə cavab vermədiyi, nazirin heç vaxt diasporumuzun nümayəndələri ilə görüşməməsi barədə xəbərlər yenidən gündəmə gəldi...

- Şəxsən mənim Ukraynanın Daxili İşlər Nazirliyi ilə bilavəsitə əlaqəm yoxdur. Bizim səfirlikdə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi var, bu, müstəsna olaraq onun səlahiyyətlərinə daxildir. Bizim nümayəndəmizin məlumatlarına əsaslansaq, sizin informasiyanız həqiqətə tam uyğun deyil. Əgər yazılı müraciət varsa, ona baxılır. Şifahi şikayətlər isə başqa məsələdir. Belə şikayətləri rəsmiləşdirmək lazımdır, bizim soydaşlarımız isə bu vasitəyə əl atmırlar.

Elə bizim tələbə soydaşlarımızla əlaqədar yaşanan insidenti götürək. Cinayət işi açılıb, amma yazılı müraciət və ya şikayət olmadan bunu araşdırmaq çətindir. Bəli, Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən ifadələr alınıb, amma həmin ifadələr tam aydın deyildi: “Bizə kimin atəş açdığını görmədik, heç nə bilmirik...” Ona görə, bu iş donduruldu. Zərərçəkənlərin faktiki olaraq şikayəti belə mövcud deyil.

- Bəs səfirlik Azərbaycan diasporu ilə əlaqələrini necə qurur? Mənə məlumdur ki, keçən il üç diaspor təşkilatı Ukrayna Azərbaycanlıları Radasını (RAU) təsis edib...

- Bizim yaxşı əməkdaşlığımız var. Bu əməkdaşlıq çarter reyslərinin təşkili zamanı çox faydalı oldu, onların köməyi ilə həmvətənlərimiz Azərbaycana qayıtdı. Ölkəmizə qayıdanlar arasında minimum yaşayış vasitələrindən məhrum olan çoxlu sayda tələbə vardı. RAU onlara köməklik etdi. Biz indinin özündə də fəaliyyətimizi koordinasiya edirik. Avqustun sonunda RAU ilə iclasımız planlaşdırılır, bütün problemləri, çətinlikləri müzakirə edəcəyik.

Yeri gəlmişkən, RAU-dan başqa, Ukraynada bir çox başqa təşkilatlar da var. Bu yaxınlarda Dneprdə, Xarkovda oldum, diasporumuzun nümayəndələri ilə görüşdüm, onların hər biri çox gözəl insanlardır, hamısı fəaliyyət göstərir, böyük işlər görür.

Mənbə: www.oxu.az