“Sözümüzü burada deməsək, məsələ kənara çıxacaq...” - Deputat

 

"Əgər mən deyirəmsə, torpaq payı olan insanlar yardım ala bilmir, bu, məsələnin siyasiləşdirilməsi deyil. Əslində məsələlərin parlamentdə siyasiləşdirilməsi daha yaxşıdır. Əgər mən deyirəmsə, İmişlinin 10 kəndində su yoxdur, bu da siyasiləşdirmə deyil. Mən kimisə tənqid edəndə mədəniyyət çərçivəsindən kənara çıxmıram".

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisin bugünkü iclasında deyib.

Razi Nurullayev bildirib ki, xaricdə oturan bloggerlər buradakı deputatları, ölkə rəhbərliyini, birinci və ikinci şəxsləri çox ağır formada tənqidə məruz qoyurlar:

"Sözümüzü parlamentdə deməyə imkan yaratdığı üçün Milli Məclis rəhbərliyinə təşəkkür edirəm. Çünki biz sözümüzü burada deməsək, məsələ kənara çıxacaq və parlament üzvləri hörmətdən düşəcək”.

Razi Nurullayev hesab edir ki, Bakıda sosial şəbəkələrin nümayəndilikləri açılmalıdır: “Sosial şəbəkələrdə araşdırma apardım. Məlum oldu ki, çoxlu baxış yığmaq üçün nüfuzlu adamları təhqir edirlər. “Youtube”, Facebook və digər sosial şəbəkələrin nümayəndələri Bakıda oturmalıdır. Biz bu məsələni siyasiləşdirməliyik ki, həllini tapsın. Deməliyik ki, siz çox istifadəçi cəlb edəcəksiz, layk qazanacaqsız, amma bizim milli, dövləti dəyərlərimiz təhqir olunacaq?

Məsələn, Adil Əliyev sosial şəbəkədə ən çox təhqir olunanlardandır. Dövlət başçısı sosial şəbəkədə təhqir olunur. Biz onları qoruya bilirikmi? Axı, onlar dövlətçi adamlardır, niyə sosial şəbəkələrdə təhqir olunmalıdırlar?”

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda 40-a yaxın kəhriz bərpa olunacaq

SONRAKI XƏBƏR

Bina üstündə tikilən bina: Komitə təlimat verib, İcra Hakimiyyəti “söküb”: TİKİLİ İSƏ QALIR