Bina üstündə tikilən bina: Komitə təlimat verib, İcra Hakimiyyəti “söküb”: TİKİLİ İSƏ QALIR

Bakıda yaşayış olan 14 mərtəbəli binanın üstündə daha iki mərtəbə tikilməsi ilə bağlı məsələ ciddi müzakirələr yaradıb.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Massiv V, Bina 13M ünvanındakı 14 mərtəbəli binanın üstündə daha iki əlavə mərtəbə tikilir. Sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, bina tikilərkən 14 mərtəbə nəzərdə tutulub və MTK tərəfindən istifadəyə verilib. Amma sonradan yaşayış olan binada daha iki mərtəbənin tikintisinə başlanılıb.

Sakinlərin etirazına baxmayaraq, bina sahibi bir mərtəbəni, demək olar ki, tikib. İkinci mərtəbənin isə tikintisini aparır. Bina sakinləri tikintinin davam etdirilməsi və təhlükəli vəziyyətlə üz-üzə qaldıqları barədə növbəti etirazlara qalxsalar da, xeyri olmur. Nə qanunsuz tikini həyata keçirən qurum tapılır, nə də aidiyyəti icra hakimiyyəti məsələyə müdaxilə edir. Sakinlər isə aparılan əlavə tikilinin sökülməsi üçün hara üz tutacaqlarını bilmirlər.

Qeyd edək ki, məsələ bir müddət əvvəl də gündəmə gəlmişdi. Suraxanı Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov mətbuata açıqlamasında əraziyə baxış keçirildiyini və qeyri-qanuni tikintinin dayandırılması barədə təlimat verildiyini deyib:

"Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib və tərəfimizdən belə bir tikintiyə razılıq da verilməyib. Aidiyyəti üzrə tikintinin dərhal dayandırılması istiqamətində təlimatlar verilib. Eyni zamanda, bu məsələ barədə digər aidiyyəti qurumlara da məlumat verilib. Hazırda binada əlavə mərtəbələrin tikintisi dayandırılıb".

Belə olduğu təqdirdə məlum binanın üstündə aparılan əlavə tikili ilə bağlı tikinti işləri niyə dayanmayıb və ya sökülməyib?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri İsrafil Kərimov Cebhe.info-ya açıqlamasında məsələdən xəbərdar olduğunu deyib:

“Bakı şəhərində tikintilərə icazə 2018-ci ildən etibarən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti tikintiyə icazə vermir. Amma tikintinin aparılmasına nəzarət funksiyalarını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Onların müfəttişləri qeyri-qanuni tikililəri aşkarlayıb, tikintisini saxlayırlar. Bu səlahiyyətlər hazırda BŞİH-də yoxdur”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisov hazırda həmin ünvanda tikintinin dayandırıldığını bildirib:

“Təxminən 6 ay əvvəl bu məsələ gündəmə gəlmişdi və komitəmiz müdaxilə edərəndən sonra tikinti dayandırıldı. Ümumiyyətlə, komitə hər hansı bir qanunsuz tikilini aşkarlayırsa, bununla bağlı aidiyyəti qurumlara- ərazi üzrə rayon icra hakimiyyətinə, daha sonra isə Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Bizim tikintini sökmək səlahiyyətimiz yoxdur. Sadəcə olaraq, respublika üzrə nəzarət səlahiyyətimiz var. Sözügedən tikintinin dayandırılması ilə bağlı da Suraxanı rayonu İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciətlər etmişik. Bu günlərdə Suraxanı rayonu İcra Hakimiyyəti mətbuata açıqlamasında tikintinin dayandırıldığını bildirdi. Amma əgər sakinlər yenidən etiraz edirsə, araşdırarıq”.

Deyilənlərdən təxmin etmək olur ki, Bakıdakı sözügedən qanunsuz tikili Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aşkarlanıb. Tikintinin dayandırılması və ya sökülməsi barədə aidiyyəti qurumlara – Suraxanı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Suraxanı rayon İcra Hakimiyyətinin rəsmisinin dediyi kimi tikintinin dayandırılması ilə bağlı bina sahibinə təlimat verilib. Bir müddət tikinti aparılmayıb, ancaq aparılan tikili də sökülməyib. Hər halda sökülsəydi, bina sakinləri buna şahid olar və növbəti etirazlarında bu barədə bildirərdilər. Bir müddət sonra yenidən yarımçıq qalmış tikinti davam etdirilib. Maraqlıdır, aidiyyəti qurumlar isə məsələni birdəfəlik və yerində niyə həll etməkdən çəkinir Bu suala isə cavab tapılmır.

Alçina Amilqızı
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Nazirlikdən təklif: Bu şəxslərin pensiyaları hər il artsın!

SONRAKI XƏBƏR

Dəhşətli partlayışdan sonra Beyrut:-VİDEO