Türkiyə mətbuatı: "Tovuz kilid bölgədir, ermənilərin ora hücumu Avropa üçün də təhlükədir"

Türkiyə mətbuatı: "Tovuz kilid bölgədir, ermənilərin ora hücumu Avropa üçün də təhlükədir"

Türkiyə mətbuatında Azərbaycan-Ermənistan münaqişəsi müzakirə edilib.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin “Cumhuriyet” qəzeti Ermənistanın Azərbaycan hücumu və bölgədə təhlükəsizlik məsələləri barədə müsahibə yayımlayıb. Müsahibədə türkiyəli ekspert Şafak Mərt Azərbaycan-Ermənistan münaqişəsinin arta biləcəyini bildirib:

“Ermənilərin son hücumu Azərbaycan torpağı olan Dağlıq Qarabağdan deyil, birbaşa Ermənistan torpaqlarından oldu. Yəni, bir dövlət başqa bir dövlətə hücum edərək, bir general və digər 10 hərbçini və bir mülki şəxsi şəhid edib. Bölgədə hələ də atəşkəs yoxdur. Ermənistan tərəfindən hər gün Azərbaycana 30-40 top mərmisi atılır, snayper və pilotsuz təyyarələrlə hücum edilir. Bu səbəblə döyüşlərin yenidən şiddətlənməsi hər zaman mümkündür”.

Ekspert açıqlamasında həmçinin bildirib ki, ermənilərin hücum etdiyi Tovuz rayonu kilid bölgədir:

“Azərbaycan neft və təbii qaz baxımından varlı ölkədir. Həmçinin, türkmən qazının Xəzər dənizi vasitəsilə Avropaya nəqli üçün əsas rol oynayır. Azərbaycandan çıxan neft və təbii qaz, Gürcüstan və Türkiyə vasitəsilə dünyaya çatdırılır. Tovuz bölgəsi bu boru xətlərinin Azərbaycandan çıxıb, Gürcüstana daxil olduğu bölgədir. Həmçinin, Bakı-Tbilisi-Qars dəmiryolu da bu rayondan keçir. Tovuzun təhlükə altında olması təkcə Türkiyə və Azərbaycanın deyil, bütün Avropanın enerji ehtiyatını təhlükə altında qoyur”.

Şafak Mərtin sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarına yenidən hücumu gözləniləndir:

“Paşinyanın verdiyi açıqlamalar, Rusiyanın başlatdığı hərbi təlimlər bizə onu göstərir ki, Ermənistan tərəfi Rusiyanın himayəsində yenidən Azərbaycan hücum edə bilər. Çünki, dənizə çıxışı olmayan, istehsal imkanları və qaynaqları həddən artıq zəif, gənc vətəndaşlarının xarici ölkələrə çıxıb getdiyi Ermənistanın daxildə sabitliyi qorumaq üçün yeganə yolu Azərbaycan və Türkiyə ilə düşmənlik etmələridir. Ermənilər bunu var olmalarının tək çıxış yolu kimi gündəmdə saxlamağa çalışırlar”.

Ruslan Yusibov

Mənbə: www.yeniavaz.com