Daha doğru yol tapıldı

Daha doğru yol tapıldı

Yoxsa saxta ezamiyyələr yazılacaq, rüşvət riskləri artacaqdı

Yalnız “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələrinin rayonlara buraxılması daha ağlabatan qərardır

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək qüvvədə qalacaq. Bakı da daxil olmaqla, ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Polis postlarından yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq. Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənəcək.

 

Qeyd edək ki, bu qərardan bir neçə saat əvvəl isə Operativ Qərargah rayonlara və Bakıya gediş-gəlişdə əvvəlki avtomatlaşdırılmış (portal vasitəsilə) icazə sisteminin ləğv edildiyini bəyan etmişdi.

Rayonlara gediş-gəlişin necə tənzimlənəcəyinə dair açıqlama verən qurum rəsmisi qeyd etmişdi ki, yalnız dövlət qurumlarının və ya özəl müəssisələrin rəhbərliyi tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaqlar. Həmin ezamiyyə vərəqələri də ciddi şəkildə araşdırılacaq və kimlərsə bundan sui-istifadə hallarına yol verərlərsə həmin şəxslərin barəsində tədbir görüləcək. Eyni zamanda xidməti vəsiqə ilə də hərəkət etmək mümkün olmayacaq.

Maraqlıdır, ekspertlər necə düşünür? Regionlara və Bakıya gediş-gəliş üçün tətbiqi nəzərdə tutulan hansı forma daha məntiqli və şəffafdır?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında rayonlara gediş-gəlişin “icaze.e-gov.az” portalı vasitəsilə tənzimlənməsini daha uğurlu variant hesab edir. Mərkəz direktorunun sözlərinə görə, rayonlara gediş-gəlişin ezamiyyə vərəqələri əsasında, polis postlarında kustar formada yoxlamaqla tənzimlənməsi doğru yanaşma deyildi:

"Sözün düzü, bu qərarı eşidəndə təəccübləndim ki, indiyədək Operativ Qərargah, ASAN və TƏBİB bununla bağlı normal bir rəqəmsal həll hazırlaya bilməyiblər.

Əvvəl təklif olunan ezamiyyə üsulu, fikrimcə, xeyli əlavə problemlər üzə çıxaracaqdı. Yəni saxta ezamiyyələr yazılacaq və bu sahədə qeyri-şəffaf mühit formalaşacaqdı. Həmçinin prosesə nəzarət etməli olan qurumların işi çətinləşəcək, rüşvət və korrupsiya riskləri artacaqdı.

Bu baxımdan yalnız “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələrinin rayonlara buraxılmasını daha ağlabatan qərar hesab edirəm. “ASAN” xidmət tərəfindən yayılan məlumatda portaldan necə icazə alınacağına dair izah da verilib. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olub “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik etdikdən sonra müvafiq məlumatları doldurub təsdiq etməlidir.

Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Aktivləşdir” düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır”.

Yaranan anlaşılmazlığıa gəldikdə isə O.Gündüz hesab edir ki, Operativ Qərargahın brifinqi zamanı qeyri avtomatlaşdırılmış rejimlə bağlı açıqlama verilməsinə səbəb portalda hazırlıq işləri başa çatmaması olub:

"Hər halda rəqəmsal məsələlər tam şəkildə öz həllini tapdıqdan sonra zəruri açıqlamaların verilməsi daha məqsədəuyğun olar. Əks halda verilən tələsik qərarlar insanlarda çaşqınlıq yaradır".

Mənbə: sherg.az