Rus ruhani Ayasofyada müəzzinin ölümünü  “Tanrı cəzası” adlandıranları sərt qınadı...

Rus ruhani Ayasofyada müəzzinin ölümünü  “Tanrı cəzası” adlandıranları sərt qınadı...

Rus pravoslav ilahiyyatçısı, filosof, dini və ictimai xadim Andrey Kurayev pravoslav xristian icmasının bəzi nümayəndələrinin bu günlərdə Ayasofya məscidində müəzzinin ölümü ilə bağlı yayılan məlumatlara reaksiyasından təəssüfləndiyini bildirib.

Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.

“Feysbuk” səhifəsində Kurayev bəzi pravoslav xristianların avqustun 2-də İstanbuldakı Ayasofya məbədində baş vermiş faciəli hadisə ilə bağlı xəbərlərdən sonra "şadlandıqlarını" qeyd edib. O bildirib ki, Türkiyədə başqa bir əyalətdəki məscidin müəzzini olan Osman Aslanın ölümünə səbəb infarkt olub.

Rus ilahiyyatçı Türkiyə mediasına istinadla vurğulayıb ki, əvvəla, ədalət naminə, doğrunu demək gərəkdir: mərhum Ayasofyada könüllü əsaslarla çalışıb və vəzifəsi əsasən ziyarətçilərin tibbi maska taxmaqlarına nəzarət etmək olub.

Ancaq Yunanıstan mediasında, sonradan isə bəzi Rusiya saytlarında dünyasını dəyişən ruhani guya Ayasofya məscidinin müəzzini kimi təqdim olunmağa başlanıb. Ayasofyanın yenidən məscidə çevrilməsi ilə barışa bilməyən bəzi şərhçilər hadisəni "işarət" və "Rəbbin cəzası" adlandırıblar...

Kurayev həmin ifadələrin yersiz olduğunu qeyd edib.

 

"Molla olmasına baxmayaraq, Allahın həyat və ölüm haqqında iradəsinin təfsirinə dair belə iddialar Siloam qalası haqqında İsa Məsihin sözlərini bilənlərin cameəsində yersizdir" - deyə ilahiyyatçı əlavə edib.

Xatırladaq ki, bundan öncə A. Kuraev Rusiya Pravoslav Kilsəsini Ayasofyanın məscidə çevrilməsinə münasibətdə ikili standartlara görə tənqid etmişdi.

Sultan Laçın

 

 

Mənbə: moderator.az