Tacikistanda keçiriləcək prezident seçkilərinin vaxtı açıqlandı

Tacikistanda keçiriləcək prezident seçkilərinin vaxtı açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, Tacikistan parlamentinin yuxarı və aşağı palataları birgə iclasda respublikanın prezident seçkilərini 11 oktyabr 2020-ci il tarixinə təyin edib.

Bu barədə bu gün parlamentin yuxarı palatası sədrinin media və qeyri-hökumət təşkilatları ilə əlaqələr üzrə köməkçisi Novruz Kurbonzoda məlumat verib.

“Bu gün parlamentin hər iki palatasının ortaq iclasında millət vəkilləri Tacikistanda növbəti prezident seçkilərinin tarixini təyin etdi - 11 oktyabr 2020”, - deyə məlumatda bildirilir.

O, iclasa parlamentin yuxarı palatasının spikeri Rüstəm Emoməlinin sədrlik etdiyini bildirib. Hər iki palatanın bütün üzvlərinin yekdilliklə bu tarixi təyin etmək üçün səs verdiyi qeyd edilib.

Xatırladaq ki, Tacikistan prezidenti gizli səsvermə yolu ilə yeddi il müddətinə seçilir. Namizəd son 10 ildə öz ərazisində yaşayan, dövlət (tacik) dilində danışan, ali təhsilli və azı 30 yaşında respublika vətəndaşı olmalıdır. Seçkilərə qatılmaq üçün namizəd dəstəklədiyi seçicilərdən ən azı 5% imza toplamalıdır. Seçicilərin 50% -dən çoxu iştirak etmişsə, seçkilər etibarlı sayılır. Qalib gəlmək üçün namizəd 50% -dən çox səs toplamalıdır.

Mənbə: eastnews.org