Təkmilləşmə kursu peşəkarlıqla aparılır

Təkmilləşmə kursu peşəkarlıqla aparılır

 

Bu gün elmi texnologiya sürətlə inkişaf etdiyindən bilik və peşəkarlığımız nə qədər yüksək olsa da, hər addımda təkmilləşdirməyə ehtiyac duyuruq. İndi elə bir zəmanədə yaşayırıq ki, təkmilləşməsən, yeniliyi qəbul etməsən, ümumi inkişafdan geri qalarsan, həyatın axarı ilə ayaqlaşa bilməzsən. Bu gün hərbi hissə və birləşmələrimizdə də bu istiqamətdə zəruri və səmərəli işlər görülür. "N" hərbi hissəsindəki tədris otaqları da məhz şəxsi heyətin biliklərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması üçün nəzərdə tutulub. Təcrübəli zabitlər mütəmadi olaraq burada məşğələlər keçir, yeni bilik və vərdişləri şəxsi heyətə öyrədirlər. Onlar çalışırlar ki, əsgərlərin hazırlığı yüksək olsun. Çünki təcrübəli və bacarıqlı əsgərlər qarşıya qoyulan tapşırıqları daha böyük peşəkarlıqla yerinə yetirirlər. Hərbi hissədə olarkən zabit Yaqub Qasımovdan öyrəndik ki, hazırda tədris otağında sürücülər üçün təkmilləşdirmə kursları keçirilir. Məşğələləri yaxından izləmək üçün tədris otaqlarına yollandıq. Hərbi hissənin ərazisində səliqə-sahman və təmizlik hökm sürürdü.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan zabit və əsgərlərimizin şərəfinə düzəldilmiş guşənin ətrafına çəmən salınıb. Sıra ilə əkilmiş qızılgül kolları guşəyə xüsusi yaraşıq verir, könül oxşayır. Hərbçilər guşənin qarşısından keçdikcə əsgəri salam verirlər.

Aprel döyüşlərinin iştirakçısı olan zabit Yaqub Qasımov dedi ki, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. “Ordu sıralarına çağırılan gənclər çox vətənpərvərdirlər. Onlar Vətənə xidmət etməyi həyatlarının mənası bilirlər. Bir qayda olaraq üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Ən əsası odur ki, torpağa, Vətənə ürəkdən bağlıdırlar. Əsgərlərimiz hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdırlar. Ordumuzun Tovuz istiqamətindəki döyüşlərdə qazandığı ürəkaçan uğurlar əsgərlərimizin vətənpərvərlik hisslərini daha da coşdurub, düşmənə olan nifrətini daha da artırıb”.

Tədris otağının qarşısında leytenant Murad Həmidovla görüşdük. O bildirdi ki, hazırda sürücülər tədris otaqlarında bilik və təcrübələrini artırır, bacarıqlarını daha da təkmilləşdirirlər. “Komandanlıq tədris otaqlarında məşğələ keçmək üçün hər cür şərait yaradıb. Mövzuya uyğun olaraq dərs prosesində əyani vəsaitlərdən də səmərəli istifadə edirik. Sürücülərimiz öz ixtisaslarının peşəkarlarıdırlar. Buna baxmayaraq, mütəmadi olaraq bilik və bacarıqlarını daha da təkmilləşdirirlər. Səmərəli keçən dərslərin nəticəsində sürücülərimizin peşəkarlığı gündən-günə artır. Peşəkarlıq yüksək olanda isə uğur və qələbə gətirir”.

Dərsin gedişini izləyirik. Leytenant Murad Həmidov məşğələnin mövzusunu şəxsi heyətə geniş izah edir, yeni toplanmış məlumatları onların nəzərinə çatdırır. Gənc zabit mövzunu sürücülərə danışdıqca əyani vəsaitlərdən də istifadə edir. Yeri gəldikcə əsgərlərə mövzuya uyğun suallar verir, onların cavablarını təmkinlə dinləyir. Sürücülər diqqətlərini məşğələnin gedişinə yönəldir, biliklərini daha da təkmilləşdirməyə çalışırlar. Onların verdikləri cavablardan hiss olunur ki, bilikləri, bacarıqları yetərincədir, öz ixtisaslarının peşəkarlarıdırlar. Peşəkar olduqlarına görədir ki, komandanlıq onların xidmətlərindən razılıqla danışır.

Məşğələdə fasilə yaranan kimi əsgərlərlə görüşüb söhbət etdik, onların xidmət yolları ilə tanış olduq. Gənc əsgər Pərviz Kazımlı ordu sıralarına Salyan rayonundan çağırılıb. Türkiyədə ali təhsil alıb. Xidmətinin ilk günlərini yaşayan gənc əsgər Pərviz Kazımlı yüksək ovqatda idi. Söhbət zamanı dedi ki, Vətənə əsgər olmaq, torpaqlarımızın keşiyində dayanmaq hər birimizin müqəddəs borcudur. “Biz bu borcu şərəf və ləyaqətlə yerinə yetirəcəyik. Hərbi andı qəbul etdiyim günü bütün ömrüm boyu xatırlayacağam. Həmin gün mən Vətənə sədaqətlə xidmət edəcəyimə, yurdumuzu göz bəbəyim kimi qoruyacağıma and içdim. Təkcə xidmətimin sonuna deyil, ömrümün axırına kimi içdiyim anda sadiq qalacağam. Xidmətə başladığım qısa müddət ərzində müəyyən hərbi bilikləri mənimsəmişəm. Hərbi bilikləri öyrəndikcə xidmətə marağım daha da artır. Çalışacam ki, komandirlərin bütün əmr və tapşırıqlarını bacarıqla yerinə yetirim, nümunəvi əsgər olum”.

Əsgər Səxavət Şahbalayev altı aydır ki, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirir. Əsgər söhbət zamanı dedi ki, əvvəllər bizdən böyüklər: "Ordu həyatı kişilik məktəbidir" - söyləyəndə bu sözün mənasını o qədər də dərindən anlamaz, əhəmiyyət verməzdim. “Amma ordu sıralarına çağırılandan sonra gördüm ki, doğrudan da, elədir. Həqiqətən də, ordu həyatı kişilik məktəbidir. Biz gənclər xidmətə çağırılandan sonra burada bərkiyir, cəngavərləşirik. Bu gün torpaqlarımızın keşiyində dayanmaq, yurdumuzu qorumaq kimi vəzifələr bizim çiyinlərimizə düşür. Biz əsgərlər isə bu müqəddəs vəzifələrin öhdəsindən layiqincə gələcək, düşməndən şəhidlərimizin intiqamını alacağıq”.

Daha sonra məşğələdə fəal iştirak edən əsgərlərdən İntiqam Əliyev, Süleyman Süleymanlı, Fərid Əkbərli, İmran Məmmədov, Cavid Cavadzadə və başqaları ilə görüşüb söhbət etdik, xidmətləri haqqında ürək sözlərini dinlədik. Onların vətənpərvərliyindən ürəyim qürurla doldu.

Bir daha əmin olduq ki, hərbi hissənin şəxsi heyəti qarşısında dayanan vəzifələri bacarıq və peşəkarlıqla yerinə yetirməyə qadir və hazırdır.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az