Avstriyada azərbaycanlılar və Azərbaycan diasporu daim birlikdə fəaliyyətdədirlər

Avstriyada azərbaycanlılar və Azərbaycan diasporu daim birlikdə fəaliyyətdədirlər

Fərid Əzizov: "İstər Diasporla İş üzrə Dövlət Komitəsi, istərsə də Avstriyadakı Azərbaycan səfirliyi, hər iki təşkilat cəmiyyətimizə böyük dəstək olur"

Son illər Azərbaycan diasporunun ciddi şəkildə təşkilatlanması, onun inkişaf dinamikası Avropa məkanında da özünü qabarıq şəkildə göstərir. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının Koordinasiya Şuralarının tərkibində birləşməsi mübarizənin daha effektli və nəticəli olmasına imkan yaradır. Ən son dünyanın müxtəlif ölkələri, eləcə də Avropada azərbaycanlılara qarşı baş verən erməni hücumlarında bunu aydın şəkildə gördük. Elə biz də həm diasporumuzun mövcud vəziyyəti, həm də son erməni təxribatları və bu təxribatlara qarşı azərbaycanlıların münasibəti, yaşanan olaylar barədə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizovla söhbətləşdik. Cəmiyyət sədri qarşıda duran vəzifələr barədə də danışıb.

-Fərid bəy, əvvəla sualım ondan ibarətdir ki, Avropadan, Avstriyadan baxanda Azərbaycan necə görünür?

-İlk olaraq Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq Azərbaycanda yaşayan həmyerlilərimizi salamlayıram və keçmiş Qurban bayramı münasibəti ilə hər birini səmimi qəlbdən təbrik edirəm. Suala gəldikdə isə bu sualın cavabını iki hissə ilə cavablandıra bilərəm. Belə ki, Avstriya respublikasında olan insanlarla cəmiyyətimizin keçirdiyi tədbirlərdə Azərbaycan haqqında sorğu apardıqda hər kəs böyük bir heyranlıqla Azərbaycanın böyük mədəni irsinin olmasından mədəniyyətinin dünya ölkələrinə nümunə ola biləcəyindən söhbət edirlər. O ki qaldı son baş vermiş ermənilərin xain planlarına, Tovuzda insanların qətl edilməsinə, hər bir avropalı bu gün bu hadisəni pisləyir və bu hadisədə Azərbaycanın haqlı olduğunu söyləyir.

-Bildiyimiz qədər Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri vəzifəsi Sizə həvalə olunub. Ümumiyyətlə, rəhbərlik etdiyiniz Cəmiyyət nə vaxtdan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?

-Avstriya Azərbaycanlıları Cəmiyyəti 2018-ci ildə təsis olundu və ilk gündən cəmiyyətin idarə heyyətinin qərarı ilə cəmiyyətə rəhbərlik etmək mənə həvalə olundu. Xatırlatmaq istərdim ki, cəmiyyətimiz qısa zaman ərzində fəaliyyətə başlamasına baxmayaraq artıq 1500 dən çox üzvü var və əsas qərargah Zalzburq şəhəri olmaqla Avstriya respublikasının 8 əyalətində nüməyəndəlikləri fəaliyyət göstərir. Cəmiyyətimizin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətinin tanıdılması, Qarabağ həqiqətləri və son 100 ildə ermənilərin Azərbaycan xalqına qarşı olan aqressiv siyasəti eləcə də, azərbaycanlılara qarşı aparılan soyqırım və etnik təmizləmə siyasətini Avstriya ictimaiyyətinə tanırdırmaqdan ibarətdir. Eyni zamanda erməni yalanlarını burada ifşa edib əsil həqiqətləri gün üzünə çıxartmaqdır.

- Cəmiyyət Avstriyada Azərbaycanın təbliği, haqq səsimizin bu ölkəyə, eləcə də dünya ictimaiyyətinə çatdırmaq üçün hansı addımlar atır və ötən illər ərzində hansı tədbirlər həyata keçirib?

-Avstriya respublikası digər ölkələrdən siyasəti və mədəniyyəti ilə seçilir. Bu ölkədə insanlara bir hadisəni çatdırmaq üçün küçələrə çıxmaq, hardasa aksiya, mitinq keçirmək lazım deyil. Mitinq keçirilən təqdirdə də tam sakit, sivil qaydada keçirməlisən ki, bu insanlar nə olduğunu anlasınlar. Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq biz Azərbaycan həqiqətlərini insanlara çatdırmaq üçün təhsil ocaqlarında seminarlar keçiririk. Unverstetlərdə Qarabağla bağlı sənədləri, fotoşəkilləri tələbələrə təqdim edirik, onlara hadisələrin əslində necə cərəyan etdiyini anlatırıq. Xocalı soyqırımının ildönümü ərəfəsində kinoteatrlarda Xocalı ilə bağlı filmləri nümayiş etdiririk və insanlara erməni vandalizimini aşılayırıq. Bundan əlavə olaraq müxtəlif sərgilər keçirilir, insanlara buklet və braşürlər paylanılır. 2018 ci ildən bu günə qədər Qarabağ həqiqətlərinin tanıdılması mövzusunda 30-dan artıq tədbir keçirilib, 10.000 dən artıq braşür və buklet paylanılıb, 3 unversitetdə Qarabağ həqiqətlərindən bəhs edilən seminar keçirilib və 5 foto sərgi nümayiş olunub.

-Bildiyimiz qədər sentyabr ayında Avstriyada Qarabağ Azərbaycan Məktəbi açılacaq. Sözügedən məktəbin fəaliyyət istiqamətlərinə nələr daxildir?

-Bəli, düz vurğuladınız. Sentyabr ayında Zalzburq şəhərində iki böyük və əlamətdar hadisə baş verəcək. Bunlar adı çəkilən şəhərdə Avstriya Azərbaycanlıları Mədəniyyət evi və həmçinin Qarabağ Azərbaycan məktəbinin açlışı olacaq. Fürsətdən istifadə edib Azərbaycan respublikasının Avstriya respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Cənab Qalib İsrafilova və Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri Cənab Fuad Muradova göstərdikləri böyük dəstəyə görə həm öz adımdan, həm də təmsil etdiyim cəmiyyət adından minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycan Məktəbi Avstriya respublikasında ilk Azərbaycan dilli məktəb olacaq. Burada soydaşlarımızın övladları ilə birlikdə, yerli əhaliyə də Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, Azərbaycan musiqisi, milli rəqslərimiz, coğrafiya kimi dərslər keçiriləcək. Artıq qeydiyyat elan olunub və soydaşlarımız bu məktəbə böyük maraq bəsləyirlər. Hətta onu da deyə bilərəm ki, ilk başda biz bu məktəbi balaca balalarımız üçün nəzərdə tutmuşduq, lakin indi böyüklər də qeyd edir ki, biz burada böyümüşük, öz tariximizi yaxşı bilmirik, gəlib bu məktəbdə dərs alıb biliklərimizi daha da mükəmməlləşdirmək niyyətindəyik. Bu da bizi sevindirir.

-Fərid bəy, günümüzdə Avstriyada Azərbaycan diasporunun fəaliyyəti hansı səviyyədədir və bu səviyyə Sizi qane edirmi?

-Cəmiyyətimizin gördüyü işlər danılmazdır və böyükdür. Amma nəzərə alsaq ki, bizim qarşımıza qoyduğumuz planlar daha da böyük işlər üçündür, onun üçün bu gün bir söz deməyim çox tez olar. Amma diasporalarımız fəaliyyətə başladığı gündən üzvlərimizin fəallığı, əzimkarlığı sayəsində bədxaq və bədbaxt ermənilərin keçirdikləri bütün saxtalıqlara söykənən tədbirləri alt- üst olub. Hətta qatıldığımız tədbirlərdə belə onların qondarma Qarabağ bayraqları əllərindən alınıb, tədbir təşkilatçılarına şikayət olunub, böyük məbləğdə cərimə edilərək tədbir zalından qovulublar.

 

- Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında birlik və bərabərlik, həmrəylik varmı?

-Sevinərək və qürurla deyə bilərəm ki, Avstriya respublikasında fəaliyyət göstərən Azərbaycan diasporaları arasında sıx qardaşlıq münasibətləri var və biz daima bir-birimizin tədbirlərində iştirak edirik. Lazım gəldiyi təqdirdə maddi və mənəvi olaraq bir-birimizə dəstək oluruq. Hətta dünyada baş verən pandemiya dönəmində Avstriya respublikasında olan diaspora təşkilatlarımız böyük bir uğura imza atdı. İlk gündən bir- birimizlə əlaqə saxladıq, qaynar xətt yaratdıq, bu ölkəyə turist olaraq gələn və ya təhsili ilə gəlib vətənə geri dönə bilməyən soydaşlarımıza yardıma qaçdıq. Gündəlik baş verən hadisələrlə bağlı üzvlərimizə cəmiyyətimizin saytı vasitəsi ilə məlumatlar verdik. Şükürlər olsun ki, azərbaycanlılar arasında yoluxma faktı qeydə alınmadı və vətənə geri dönə bilməyən insanlarımızın hər biri lazımı vəsaitlə, geyimlə, qida və qalmağa yerlə təmin olundu. Sərhədlər açılan kimi soydaşlarımız səfirliyin dəstəyi ilə doğma Azərbaycana yola salındı. Bu dönəmdə böyük bir həmrəylik nümayiş olundu.

- Diasporla İş üzrə Dövlət Komitəsi, həmçinin Avstriyadakı Azərbaycan səfirliyi ilə hansısa formada əməkdaşlıq edirsinizmi və Sizlərə nə dərəcədə dəstək olunur?

-İstər Diasporla İş üzrə Dövlət Komitəsi, istərsə də Avstriyadakı Azərbaycan səfirliyi, hər iki təşkilat cəmiyyətimizə böyük dəstək olur. Elə məhz Azərbaycan Mədəniyyət Evi və Qarabağ Azərbaycan məktəbi də Cənab səfir Qalib İsrafilov və Cənab Fuad Muradovun dəstəyi ilə fəaliyyətə başlayacaq. Bundan əlavə onu da qeyd edə bilərəm ki, səfirlik olaraq azərbaycanlılarımıza əllərindən gələn dəstəyi göstərirlər. İstər maddi, istərsə də hüquqi dəstək olsun.

-Avstriyada təxminən nə qədər azərbaycanlı yaşayır və onların bir qayda olaraq üzləşdiyi problemlər hansılardır?

-Avstriya respublikasında 3.000-ə qədər azərbaycanlı yaşayır. Əgər azərbaycanlılarımız bu respublikaya ilk dəfə gəliblərsə və ya yaşamaq üçün buradadırlarsa onların əsasən ilk qarşılaşdıqları problem dil problemidir. Təbii ki, bunu da diasporamız olaraq nəzərə almışıq və qaynar xətt yaratmışıq. İstənilən Azərbaycan vətəndaşımız +43 664 881 69 522 nömrəsi ilə əlaqə saxlayaraq lazımı dəstəyi diasporamızdan ala bilər. Operatorumuz onun üçün tərcümə xidmətini də yerinə yetirir. Bir başqa problem sənədlərin tərcüməsi və insanlara hüquqi yardımın göstərilməsidir. Bunun üçün də cəmiyyətimizin hüquqşunası insanlara lazımı dəstəyi göstərir və qeyd edim ki, göstərilən xidmətlərin hər biri pulsuz həyata keçirilir.

-Ümumiyyətlə Avstriyada azərbaycanlılar, Azərbaycan diasporuna münasibət hansı səviyyədədir?

-Avstriya respublikasında azərbaycanlılar və Azərbaycan diasporu daim birlikdə fəaliyyətdədir. Daim Azərbaycanımızın əlamətdar günlərini, milli bayramlarını birgə qeyd edirik. Soydaşlarımıza bir xəta baş verdiyi halda belə dərhal diasporamıza xəbər verilir və lazımı qaydada soydaşlarımıza dəstəyimizi göstəririk. Qeyd etmək istərdim ki, istər diasporamızın rəhbərliyi, istərsə də soydaşlarımız burada özümüzü qəriblikdə hiss etmirik. Çünki insanlarımız bir-biriləri ilə çox mehribandırlar. Cəmiyyətimizin bir şuarı var və daima onu səsləndiririk. Harada, hansı məmləkətdə yaşamağımızdan aslı olmayaraq biz azərbaycanlıyıq və Azərbaycan eşqi ilə yaşayıb yaradacağıq. Sonda oxucularımıza onu demək istərdik ki, biz Avstriyada yaşayan azərbaycanlılar vətəndən uzaqda olsaq da, ürəyimiz daima vətən eşqi ilə döyünür. Allah vətənimizi, millətimizi , bayrağımızı qorusun. AMİN.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Mənbə: olaylar.az