“Tehran Azərbaycana qarşı İrəvanla eyni səngərdə döyüşür”(MÜSAHİBƏ)

“Tehran Azərbaycana qarşı İrəvanla eyni səngərdə döyüşür”(MÜSAHİBƏ)

Ontario (Kanada) Vəkillər Kollegiyasının üzvü - vəkil, Lambton Kollecinin Hüquq fakültəsinin müəllimi, Güney azərbaycanlı fəal Hüseyn Türkellinin Respekt.az-a müsahibəsini təqdim edirik.

- Tehran və Güney Azərbaycanın şəhərlərində ordumuza dəstək məqsədilə keçirilən aksiyalarda azərbaycanlılara qarşı zorakılıq tətbiq edildi. Rəsmi bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Tehran niyə bu məsələyə münasibətdə belə mövqe sərgilədi?

- İran Azərbaycanın tarixi, əzəli torpaqları hesabında özünə "dövlət” qurub. Yəni İran bu mənada işğalçı Ermənistanla eyni mahiyyəti kəsb edir. Tehranın Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı ara-sıra verdiyi bəyanatlar da gözə kül üfürməkdən başqa heç nə deyil, yəni bunlar özünün qondarma ərazi bütövlüyünü qarantiya altına almağa xidmət edən səylərdir. İranı məkrli rejim idarə edir, həmişə arxada üzdəki davranışlarının əksini edib, edir.

Özünü "müsəlman dünyasının lideri” elan edən həmin rejim Qarabağdakı məscidləri donuz tövləsinə çevirən ermənilərə 30 ildir işğalı davam etdirmək üçün əlindən gələn bütün yardımı edir. Təsadüfi deyil ki, iranlı rəsmilər hər il ermənilərin Tehranda qondarma soyqırımın ildönümü ilə əlaqədar keçirdikləri aksiyalara qatılırlar. Amma Azərbaycana dəstək aksiyalarını amansız şəkildə dağıdırlar. Tehran, Təbriz və Urmiyada təşkil olunan aksiyalara da eyni formada mane olmağa çalışdılar.

Ümumiyyətlə, İran təkcə Azərbaycana yox, digər müsəlman ölkələrinə də eyni münasibəti sərgiləyir. Məsələn, Türkiyəyə qarşı PKK terror təşkilatını dəstəkləyir. Azərbaycana qarşı dini terrorizmi, talış və erməni separatizmini dəstəklədiyi kimi. Bu mənada, Tehran Azərbaycana qarşı İrəvanla eyni səngərdə döyüşür. Məqsədi də Azərbaycanı xəritədən silməkdir, bunu da bacarmasa, Liviya və Suriyaya çevirmək...

 

- Aksiyalardan sonra kütləvi həbslərin olduğu bildirilir. Son vəziyyət nə yerdədir?

- Aksiyadan öncə və sonra çox sayda milli fəal həbs olunub. Onların bəziləri zaminə buraxılsa da, hələ də ağır işgəncələrə məruz qaldığından narahat olduğumuz 15 hərəkatçı ETTELAAT-ın təcridxanalarında saxlanılır. Bəzi fəalları isə hansısa səbəbdən dünyada terror təşkilatı kimi tanınan SEPAH-ın Kəşfiyyat İdarəsinin təcridanasına köçürüblər.

Yasəmən Zəfəri, Hakimə Əhmədi, Sədulla Sasani, Rəhim Sasani, Maqsud Fəzli və başqalarını SEPAH-ın nəzarətinə veriblər. Bu da onların həyatları haqda narahatıqları bir qədər də artırır.

- Bəs İranın Ermənistan və Azərbaycan arasında vasitəçilik etmək istəkləri haqda nə düşünürsünüz?

- İranın vasitəçilik niyyətinin arxasında da məkrli planları durur. Tehran vaxtilə Şuşanın işğalını təşkil edəndə də guya tərəflər arasında vasitəçi idi. Azərbaycanı aldadıb "danışıqlar” üçün Tehrana çağıranda, İrəvana Şuşanı işğal etmək şəraiti yaratmışdı. İran həmin dönəmdə Azərbaycanın hərbi təsisatları haqda məlumat və koordinatları İrəvana ötürməklə torpaqlarımızın işğalında birbaşa iştirak edib. Yəni belə bir keçmişi olan bir rejimin vasitəçiliyi bizə lazım deyil.

- Son yazılarınızdan birində Güney Azərbaycanın bir çox şəhərlərində kürdləşdirmə prosesinin aparıldığını bildirdiniz. Hazırda bu istiqamətdə hansı addımlar atılır?

- İran şah dönəmindən başlayaraq, həm Güney Azərbaycan və Azərbaycan Respublikası, həm də Güney Azərbaycan və Türkiyə arasında kürd zolağı yaratmaq üçün geniş ve radikal demoqrafik planlar həyata keçirir. Son 50-60 ildə bir milyon İraq kürdü Güneydə yerləşdirilib. Onlara narkotik ticarəti ilə məşğul olmalarına münbit şərait yaradılıb, sərhədboyu bölgələrdə qaçmalçılıq etmələri "qanuniləşdirilib”.

Tehrandakı rejim Arazboyu ərazilərdə - Güneyin Muğan, Parsabad və Germi bölgələrində kürdlərin yerləşdirilməsini davam etdirir. Guya Güney Azərbaycanda "fəhlə tapılmadığı üçün” onları işləmək adı altında Muğana gətiriblər. Sizi əmin edirəm ki, onlar kürd peşmərgələridir.

- Yəqin ki, PKK terror təşkilatına bağlı PJAK-ın İran ərazilərindəki fəaliyyətinə "yaşıl işıq” da bu məqsədlə yandırılır.

- Mollalar bununla o ehtimalı yaratmaq istəyir ki, guya İran dağılsa, bölgəni münaqişələr cənginə alacaq, bununla da dünya ictimaiyyətini təzyiqlərdən çəkindirib dialoq masasına gətirmək istəyir. Başqa bir tərəfdən də Güney Azərbaycan xalqının müstəqillik əzmini sındırmaq istəyir. Bu məqsədlə də xalqımızı kürdlərlə qanlı münaqişələr ehtimalı ilə qorxudub, Tehrana sığnmasını təmin etmək niyyəti güdürlər. Eyni zamanda, ehtimal olunan üsyanları kürdlərin köməyi ilə yatırmağı planlaşdırır.

Başqa bir yandan isə kürdlərin ərazi iddiaları üzərindən manipulyasiya etməklə, qeyri-fars millətləri arasındakı mütəşəkkiliyi pozmağı qarşısına məqsəd qoyub. Çünki kürd qruplaşmaları və partiyaları təkcə Güney Azərbaycana yox, Loristan və Əhvaza qarşı da ərazi iddiaları irəli sürürlər. Kürdlər İranda çoxbaşlı oyunların içində yer alırlar. Bu oyunlara da İran rəsmiləri ilə razılaşıb daxil olublar.

- Bəs niyə Güney Azərbaycan türklərinin İranın siyasi hakimiyyətindəki iştirakı zəifdir? Halbuki orada ən böyük güc elə Güney azərbaycanlılardır.

- Birdəfəlik bu faktı qəbul etmək lazımdır ki, Güney Azərbaycan müstəmləkədir. Dağlıq Qarabağ necə işğal altındadırsa, Güney Azərbaycan da o cür. Yalnız bir fərq var: qarabağlı azərbaycanlılar öz torpaqlarından qovulublar, amma Güney azərbaycanlılar torpaqları ilə birlikdə əsir alınıblar. Onlara üzdə vətəndaşlıq hüququ verilib, amma öz vətənlərində ikinci dərəcəli münasibət sərgilənir. Davamlı aşağılanır, təhqir olunur, ən adi hüquq və azadlıqları tapdalnır.

İranın siyasi hakimiyyətinin nəinki azərbaycanlılara dəxli yoxdur, əksinə, gücü və bütün imkanları ilə bizi məhv etməyə çalışır. Sadəcə mühribə olanda bizimkiləri təhrik edib ölümə göndərirlər, bununla da bir oxla iki nişan vururlar. Bizdən düşmənə qarşı sipər kimi istifadə edirlər. Bununla da bizi fiziki olaraq yox etməyi qarşılarına məqsəd qoyublar.

- Koronavirus pandemiyası İran daxilindəki vəziyyəti xeyli gərginləşdirdi. Baş verənlər daxildə rejimə qarşı kütləvi nümayişlərin yaranmasına yol aça bilərmi?

- İranda rejimə qarşı kütləvi nümayişlər hər an başlaya bilər. Onsuz da mollalar bunun qorxusundan ölkədə qeyri-rəsmi "hərbi vəziyyət rejimi” elan edib. Son etirazlar zamanı insanlara odlu silahlardan atəşin açılması faktlarını nəzərə alsaq, xalqın hakimiyyətin zəifləməsini gözləməkdən başqa seçiminin qalmadığını deyə bilərik. Pandemiya isə rejimi çökdürdüyü qədər xalqı da çökdürüb. Ölkədə qorxunc iqtisadi böhran hökm sürür. Bu böhran hər an ictimai-siyasi müstəviyə keçə bilər.

 

Mənbə: qaynarinfo.az