Maskanın qiyməti “dəvənin belindən” enmir: - 30 qəpik, vəssalam!

Maskanın qiyməti “dəvənin belindən” enmir: - 30 qəpik, vəssalam!

Avqustun 4-də yerli mətbuatın xəbər verdiyi kimi, Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının və Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin maddi dəstəyi ilə ölkəmizdə tibbi maskalar istehsalını dəstəkləmək üçün texniki avadanlıqların satın alınması həyata keçirilib. Avadanlıqlar və bir ton xammal Bakıya gətirilib, Bakı Dövlət Turizm və Sosial Xidmətlər Peşə Təhsili Mərkəzində quraşdırılıb. Hal-hazırda 85 işçi istehsal prosesinə cəlb edilib. Gündəlik olaraq 100 min ədəd maska istehsal olunur (https://media.az/society/1067786072/v-azerbaydzhan-dostavleno-novoe-oborudovanie-dlya-proizvodstva-medmasok-foto).

Bu arada xatırladaq ki, Azərbaycanda koronavirusun yayılmasından əvvəl apteklərdə tibbi maskaların bazar qiyməti, orta hesabla 10 qəpik idi. Bununla birlikdə, koronavirusun yayılmasından sonra tibbi maskanın satış dəyəri üç dəfə artıb və bu gün ölkənin apteklərində bir tibbi maska üçün 30 qəpik ödəyirik.

Azərbaycanda tibbi maskaların əksəriyyəti "Bakı tekstil fabriki" MMC tərəfindən istehsal olunur. Şirkət rəhbərinin Elbəniz xanımın (soyadını demədi – R.R.) AYNA-ya verdiyi məlumata görə, tibbi maskanın qiyməti onun istehsal dəyəri əsasında formalaşır: “Malların dəyərinə istehsal olunan avadanlıqların dəyəri də daxildir. MMC müxtəlif maskalar istehsal edir. Qiymətlər çox fərqlidir. 25, 40 və 60-lik maskalar var”.

“Məhsullarımızı müxtəlif şirkətlərə satırıq. Əsasən qiyməti 25 qəpiyə olan maskalar alınır. Bu şirkətlər daha sonra bizdən götürdükləri maskaları apteklərə satır. Öz növbəsində apteklər onları xalqa satır. Tibbi maskaların bazar dəyəri bu gün 30 qəpik təşkil edir”, - deyə şirkət təmsilçisi bildirib.

Maskaların qiymətinə avadanlıqların dəyəri də daxildirsə, o zaman Avropa İttifaqı və BMT-nin maliyyə dəstəyi ilə alınan texniki avadanlıqlarda istehsal olunan tibbi maskaların qiyməti bazar qiymətlərindən aşağı olmalıdır. Buna baxmayaraq, Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Ceyran Məmmədlinin AYNA-ya dediyinə görə, beynəlxalq təşkilatların dəstəyi ilə istehsal olunan tibbi maskalar ölkənin apteklərində bazar qiymətlərinə satılır.

“Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar avadanlıq və xammalın yalnız bir hissəsini təmin edir. Avadanlıqların əksəriyyəti maska istehsal edən özəl şirkət tərəfindən alınıb”, - o bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində xatırladıb ki, koronavirusun Azərbaycanda yayılmasından əvvəl maskalar Çindən gətirilirdi və təxminən 10 qəpiyə satılırdı: “İndi tibbi maskalar Azərbaycanın özündə istehsal olunur. Bu məhsulun istehsalı ilə məşğul olan sahibkarlar ölkəyə mal idxal edərkən həm gömrük rüsumu ödəmirlər, həm də yol xərci çəkmirlər. Bu, o deməkdir ki, tibbi maskaların qiyməti ən az iyirmi faiz aşağı düşməli idi. Ancaq bizdə əksinə, üçqat artdı”.

İqtisadçının fikrincə, koronavirusun yayılması və əhalinin tibbi maskalara artan tələbatı şəraitində dövlət bu məhsulların qiymətlərini azaltmaq üçün tədbirlər görməlidir: “Koronavirusun yayıldığı bir sıra ölkələrdə hökumət tibbi maskalar istehsalını əksər vergilərdən azad etdi. Tibbi maskalara idxal rüsumları da ləğv edildi. Ancaq Azərbaycanda bu, baş vermədi. Üstəlik, aldığımız məlumata görə, bu gün tibbi maskalar idxal edən sahibkarlar üçün hər cür maneələr törədilir. Bu da öz növbəsində maskaların qiymətinə təsir göstərir”. //AYNA.AZ//

Mənbə: www.dia.az