“Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasını təqdir edirəm” - Qulu Məhərrəmli

“Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasını təqdir edirəm” - Qulu Məhərrəmli

Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə verilib.

Bəs Ermənistanda əcnəbi telekanalların yayımının dayandırılmasının Azərbaycana hansısa təsiri olacaqmı? Azərbaycanda ümumiyyətlə, informasiya təhlükəsizliyi sistemi necə işləyir? Necə edək ki, ermənipərəstlər Rusiya televiziyaları vasitəsilə evlərimizə girməsin?

Musavat.com mövzu ilə bağlı media eksperti Qulu Məhərrəmlinin fikirlərini öyrənib. Media eksperti bildirib ki, Ermənistan Rusiya telekanallarının yayımını məhdudlaşdırmaqla doğru addım atıb:

“Bizdə faktiki olaraq Rusiya telekanalları yayımlanmır. Onlar peyk vasitəsilə yayımlanır, pulludur, ödənişlidir. Onların birbaşa qadağan olunması beynəlxalq konsepsiyalara ziddir. Biz yerüstü yayımı dayandıra bilirik. Bizim efir zonasında onların yayımı yoxdur, dayandırılıb. Kim istəsə, xarici telekanallar kabel televiziyasına peyk vasitəsilə quraşdırılır. Ermənistan bizim illər öncə atdığımız addımı atır və düz edir. Çünki Rusiya telekanalları əvvəldən, münaqişənin başlanğıcından qızışdırıcı rol oynayır, ermənipərəst mövqe tutur. Bu da Azərbaycan əhalisində qıcıq yaradır. Tovuz hadisələrində isə Ermənistana sərt reaksiya göstərildiyi üçün onlar anladı ki, bu hansı oyundur, Rusiya telekanalları lazım olanda Ermənistana, lazım olanda Azərbaycana hücum edir. Yəni qızışdırıcı mövqedədirlər. Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasını təqdir edirəm”.

Q. Məhərrəmli bildirib ki, informasiya təhlükəsizliyi baxımından ən yaxşı cavab Azərbaycanın öz telekanallarının çevik, operativ çalışması, efir məkanını doldurmasıdır: “Bizdə təkcə Rusiya telekanalları yayımlanmır axı. Cənub bölgəmizdə İran telekanallarının dalğaları yayılır. Ermənistanla sərhəddə erməni telekanalları yayımlanır, radiosunun dalğası keçir. Düşünürəm ki, sərhəd zonalarında televiziyaların, radioların yayım dalğasını gücləndirməliyik, əlavə ötürücülər qoymalıyıq ki, digər ölkələrin telekanalları sərhədi keçməsin. Bundan başqa, maraqlı verilişlər təqdim olunmalıdır ki, insanlar öz telekanallarımıza üstünlük versin”.

Media eksperti pandemiya dövründə telekanallarımızın fəaliyyətini də qiymətləndirib: “Pandemiya yeni başlayanda televiziyalar öz maarifçi funksiyasını yerinə yetirə bildilər. Xüsusilə büdcədən maliyyələşən televiziyalar önə çıxdı. Mən düşünürəm ki, İTV-nin xüsusi rolu oldu. AZTV lap əvvəldən canlı yayımlarda pandemiya məsələlərinə lazımi reaksiyaları verdi. Amma sonrakı gedişatda sanki bunlar unuduldu, mövzunu dərinləşdirə bilmədilər, yeni formalar tapa bilmədilər. Ona görə insanlara lazım olan mesajları operativ şəkildə verə bilmədilər. Pandemiya dövründə gigiyenik, psixoloji, maarifləndirici məsələlərlə bağlı verilişlərə insanlar baxdı. Pandemiya dövründə televiziyalar auditoriyasını bərpa etsə də, onları lazımi səviyyədə saxlaya bilmədi. Bir çox məsələlərdə sərbəst davrana bilmədilər, bir çox məsələləri işıqlandırmaqda çəkingənlik göstərdilər. Lazım olan istiqaməti axıra qədər gedə bilmədilər.

Bir çox məsələlərdə isə müzakirələr getdi, diskursiyalar aparıldı. Xüsusilə İTV-də yayımlanan diskursiya aparılan verilişləri görürük. Orada kəskin fikirlər də səsləndirilir. Bu tendensiya gedir. Onlar sosial şəbəkələrdə də yaxşı işləyə bilirlər. İndi televiziyaların əsas istiqaməti oyanmış tamaşaçı hissəsini öz cazibəsində saxlamaqdır. Bunun üçün çox maraqlı formalar tapılmalıdır, məhdudiyyətlər aradan qaldırılmalıdır, efir setkası rəngarəng olmalıdır ki tamaşaçı ekran qarşısında qalsın”.

Q. Məhərrəmli bildirib ki, Tovuzda yaşanan hadisələr zamanı televiziyalar önə çıxa bilməyib:

“Tovuz hadisələri zamanı önə çıxan televiziyalarımız olmadı. Düzdür, bir çox televiziya hadisə yerindən reportajlar, materiallar verdi. Amma son hadisələrdə ən düzgün mövqedə dayanan Müdafiə Nazirliyinin mətbuat xidməti oldu. Onların verdiyi informasiya, təşkil etdiyi konfranslar tamaşaçılara xeyli informasiya ötürdü”.

 

 

Mənbə: moderator.az