Ermənistanda məhkəmə 10 il əvvəl hərbi xidmət zamanı ölən əsgərin işinə yenidən baxır

Ermənistanda məhkəmə 10 il əvvəl hərbi xidmət zamanı ölən əsgərin işinə yenidən baxır

Ermənistanın İrəvan Məhkəməsinin hakimi Harutyun Manukyan misli görünməmiş bir qərar verib. Vəkil Arayik Papikyan məhkəmənin qərarını belə təsvir edib. Məhkəmə, qeyri-döyüş şəraitində Ermənistan ordusunda ölən Artur Qazaryanın anası İrina Qazaryanın hüquqlarının pozulması faktını tanıyıb və icraatı həyata keçirən orqana zərərçəkmiş tərəfi işin ilkin istintaq materialları ilə tanış olmasını təmin etməsinə qərar verib.

Cinayət işindəki materiallara görə, 17 dekabr 2010-cu il tarixində, gecə saat 04:30 radələrində, ağır və huşsuz vəziyyətdə olan hərbi qulluqçu Artur Qazaryan Hadrut Tibb Mərkəzinə təxliyyə edilib, sonra helikopterlə İrəvana aparılıb və axşam saat 19:00 radələrində Mərkəzi Klinik hospitalda əməliyyat edilib.

21 dekabr 2010-cu ildə saat 00:30 radələrində xəstəxanada əsgər ölüb.

Ekspertin rəyinə görə, Artur Qazaryana beynin qarışıq damar malformasiyası diaqnozu qoyulub.

Ancaq əvvəldən əsgər valideynləri övladlarının öldürüldüyündən şübhələnirdilər, əks təqdirdə yarılma zamanı mövcud şişi çəkib qohumlara göstər bilərdilər.

Vəkil Arayik Papikyan verdiyi məlumata görə, bu iş üzrə ilkin istintaq əsgərin ölümündən dərhal sonra, 2010-2011-ci illərdə aparılıb. Həmin dövrdə cinayət işinə xitam verildi və istintaq dayandırıldı. Həmin dövrün rəsmi versiyasına görə, əsgər qəfil meydana gələn şişin səbəb olduğu xəstəlikdən ölüb.

2011-2018-ci illərdə rəsmi araşdırma aparılmadı, amma əsgər anası və valideynləri həmişə şikayət edir, etiraz səslərini qaldırır və aksiyalar keçirirdilər.

Cinayət işi məxməri inqilabdan sonra yenidən açıldı. Vəkil Arayik Papikyan bu işin araşdırılmasına 2018-ci ilin payızında cəlb edilib.

Vəkil işin araşdırılması barədə danışarkən belə deyib: “Hadisələri özümüz bərpa etməyə çalışdıq, hətta hərbi xidmət yeri olan (işğal altındakı – red.) Qarabağa getdik, özümüz sübutlar toplamağa çalışdıq. Həmin günlərdə təkrar komissiya müayinəsi təyin edildi, lakin bu bu hələ də bitməyib, aydınlaşdırılması üçün bir çox sual yaranıb. Eyni zamanda ilkin ibtidai istintaq materialları ilə tanış olmağımıza icazə verilməsini xahiş etdik. Cinayət işinin materiallarını təqdim etmək istəyimiz əvvəl müstəntiq, sonra isə prokuror tərəfindən rədd edildi.

Zərərçəkmişin hüquqi varisi istintaq prosesindən xəbəri olmadığı üçün zərərçəkmişin hüquqi varisinin hüquqlarının pozulması faktını tanımasını xahiş edərək, İrəvan şəhər Məhkəməsinə müraciət etdik. İstintaqın sonu yalnız iki-üç ildən sonra şərti olaraq elan edilə bilər, bu müddət ərzində işin materialları ilə tanış olmadan lazımi hərəkətləri edə bilməyəcəkdik.

Şərti olaraq, hər hansı bir şəxsin dindirilməsi bizim üçün vacib ola bilər və istintaqdan sonra müraciət etsək, həmin şəxs artıq Ermənistanda olmaya bilər.
İrəvan Məhkəməsi, Harutyun Manukyanın sədrliyi ilə şikayətimizi uzun müddətdir araşdırırdı, prokuror etiraz edirdi, zərər çəkmiş tərəfin cinayət işi materialı ilə tanış olmasını istəmirdi, lakin məhkəmə ölən əsgərin anasının hüquqlarının pozulduğunu tanıyaraq çox düzgün bir qərar verdi. Həmçinin, prokurorluğun xoş davranışından təəccübləndik, prokurorluq məhkəmə qərarından şikayət vermədi. Qərar qüvvəyə mindi, bir neçə gün əvvəl müstəntiq bizə ibtidai istintaqın materiallarını təqdim etdi. Həcmi olduqca böyükdür, materialların çoxu ilə tanış deyildik. Materiallarla tanışlıq hələ də davam edir.

Gördük ki, diqqət yetirilməli olan hallar var. İndi yeni vəsatətlər təqdim edəcəyik. Bizim hərəkətlərimiz də müstəntiqin daha effektiv istintaq aparması üçün işinə töhvə verir”.

Vəkilin sözlərinə görə, bu konkret qərar, ilk növbədə Artur Qazaryanın işinin araşdırılması üçün faydalıdır, lakin digər işlər üzrə də yaxşı başlanğıc ola bilər. Vəkil işin istintaqı zamanı eksqumasiya üçün müraciət olunmasının mümkün olub-olmadığını cavablandırmaqda çətinlik çəkdi.

Komissiya 2019-cu ilin mart ayından etibarən işləyir. Zərərçəkmiş tərəf işgüzar müzakirələrdə iştirak edib, narahatlığını və mövqeyini bildirib.

“Əgər komissiyanın yekun rəyi obyektiv olarsa, işin araşdırılmasını nəzərdən keçirəcəyik, lakin tam və ya həll olunmamış şübhələr qaldıqda, sonrakı proseslər barədə də düşünürük”, - deyə vəkil bildirib.

Vəkil qeyd edib ki, artıq yüzdən çox vəsatət, şikayət və sorğu verilib.

Hadisənin baş verməsindən uzun vaxt keçməsi məsələsinə gəlincə, vəkil bunu kifayət qədər ağır və ciddi problem adlandırıb. Buna səbəb 2010-2011-ci illərdə bəzi vəzifəli şəxslər qanun pozuntularına yol verməsi olub.

 

Mənbə: ordu.az