Bir qrup jurnalist hökuməti həbs edilən nümayişçiləri azad etməyə çağırır

Bir qrup jurnalist hökuməti həbs edilən nümayişçiləri azad etməyə çağırır

İyulun 15-də Bakıda nümayişin sonunda ictimai asayişin pozulması təxribat idi. Bundan sonra dövlət başçısı AXCP və Milli Şuranı hakimiyyəti ələ keçirmək cəhdində ittiham edərək hüquq-mühafizə orqanlarına birbaşa əmr verib. Həbs dalğası məhz belə başlayıb.

Bu barədə Azərbaycan jurnalistlərinin böyük bir qrupunun ictimaiyyətə müraciətində deyilir.

“O gecə həmkarlarımız şəhərin müxtəlif yerlərindən birbaşa reportajlar aparırdılar və heç bir yerdə dövlət əleyhinə şüarlar yox idi, əksinə, dövlətə dəstək ifadə olunurdu.

Bu dinc nümayişi hakimiyyəti ələ keçirmək cəhdi hesab etmək cəmiyyətin birliyinə zərbə vurmaq deməkdir,” müraciətdə deyilir.

“Karantin rejimi adı altında KİV-in hüquq və imkanlarının məhdudlaşdırılması söz azadlığının məhdudlaşdırılmasına və şayiələrin yayılmasına xidmət edir,” müraciətdə qeyd edilir.

“Biz ölkədə insan hüquqlarının vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığımızı bildiririk və eyni zamanda hakimiyyəti repressiyalara, toplaşma və ifadə azadlığı hüququnun məhdudlaşdırılmasına son qoymağa və iyulun 15-də həbs edilmiş nümayiş iştirakçılarını dərhal azad etməyə çağırırıq,” 25-dən çox jurnalist və Azərbaycan KİV işçisinin imzaladığı müraciətdə bildirilir.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə AXCP-nin 45 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər hazırda inzibati həbsdədir, 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsədədir,” məlumatda qeyd edilir.

Mənbə: www.amerikaninsesi.org