Təlimin bir məqsədi var: “Tapşırıq yerinə yetirilməlidir!”

Təlimin bir məqsədi var: “Tapşırıq yerinə yetirilməlidir!”

“Həmin tapşırıq da ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir”

“Düşmən və havadarları bilir ki, ordumuz gecə-gündüz hazırlıq aparır”

“Düşünürəm ki, Azərbaycan əsgərləri torpaqlarımızı azad edəcəklər”

Türkiyə-Azərbaycan hərbi təlimləri davam edir. Genişmiqyaslı döyüş atışlı taktiki təlimlərin növbəti mərhələsi keçirilib. Təlimlərin ssenarisinə uyğun olaraq bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də digər təlim-döyüş tapşırıqlarını icra ediblər.

Əvvəllər də qardaş ölkə ilə hərbi təlimlərimiz baş tutub. Lakin iyul ayında Tovuzda baş verənlərdən sonra Türkiyənin kəskin mövqeyi, birgə təlimlərin keçirilməsi düşməni qorxuya saldı. Genişmiqyaslı təlimlərin keçirilməsi nəinki separatçı ölkədə, həmçinin bütün dünyada müzakirə mövzusudur.

 

Ölkəmizin bu günə qədər Türkiyə ilə çoxlu sayda hərbi təlimlər keçirdiyini deyən hərbi ekspert Üzeyir Cəfərov “Sherg.az”a bildirib ki, sonuncu təlim böyük ajiotaja səbəb oldu. Ekspert vurğulayıb ki, Tovuz hadisələrindən sonra Türkiyənin açıq şəkildə işğalçı rejimə reaksiya göstərməsi, beynəlxalq qurumlara ismarıclar göndərməsi onları çaşqın duruma salıb:

“Qardaş Türkiyənin bizə münasibəti bəllidir. Sadəcə Ermənistana havadarlıq edən bəzi ölkələr bir qədər çətin vəziyyətə düşdülər. Çünki bu dəfə Türkiyə Prezidentinin, xarici işlər və müdafiə nazirinin bəyənatları sanki düşməni “nokdaun” vəziyyətinə saldı. Daha sonra hərbi təlimlərin başlanması ilə düşmən özünü itirdi”.

Ü.Cəfərov qeyd edib ki, Türkiyə-Azərbaycan təlimləri planlı şəkildə həyata keçirilir:

“Bir millət iki dövlət devizi bütün sahələrdə olduğu kimi, hərbi sahədə də özünü göstərəcək. Dünya ölkələri buna sakit yanaşmalıdır. Başqa bir variant yoxdur. Ermənistan və ona havadarlıq edən ölkələr bərk narahatdırlar. Belə bir misal var: “Soğan yeməmisənsə, için niyə göynəyir?”. Keçirilən təlimlər Azərbaycanın daxili işidir və öz ərazilərimizdə keçiririk. Heç vaxt gizlətməmişik ki, hərbi təlimlər sırf Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması məqsədi daşıyır”.

Ekspertin qənaətincə, təlimlərin bir məqsədi var-bəlli bir zamanda veriləcək tapşırıq yerinə yetirilməlidir. Həmin tapşırıq da ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir:

“Düşünmürəm ki, bu təlimlərdən əldə etdiklərimiz sadəcə nəticə olaraq qalacaq. Orudumuzun əsas vəzifəsi Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsidir.

Orudumuz buna tam şəkildə hazırdır. ATƏT-in Minsk Qrupu işğalçı Ermənistana təzyiq göstərməlidir. Təlimlərin hər hansı bir ölkəyə zərrə qədər də narahatlığı olmamalıdır.

Düşmən və havadarları bilir ki, ordumuz gecə-gündüz hazırlıq aparır. Düşünürəm ki, Azərbaycan əsgərləri torpaqlarımızı azad edəcəklər”.

Mənbə: sherg.az