Fəttah Heydərov jurnalistlərin yadında necə qaldı...

Fəttah Heydərov jurnalistlərin yadında necə qaldı...

Milli Məclisin deputatı, parlamentin Hesablayıcı komissiyasının və Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dünyasını dəyişəndə əksəriyyət mərhum haqqında xoş sözlər, müsbət fikirlər söylədi.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub.

1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin, 1995-ci ildən isə sonra isə bütün çağırışlarda Azərbaycan Milli Məclisinin deputatı olub.

Maraqlıdır, 1995-ci ildən indiyə kimi deputat olmuş Fəttah Heydərov jurnalistlərin yaddaşında necə qalıb?
Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri mərhum deputat haqqında fikirlərini Modern.az-la bölüşüblər.


PJB sədri Elşad Eyvazlı:


- Bu illər ərzində mərhum Fəttah Heydərovla çox az təmasımız olmuşdu. Allah rəhmət eləsin, mətbuata o qədər də açıq deyildi. Hər dəfə müsahibə almaq istəyəndə “Tələsməyin, başqa vaxt danışarıq” deyirdi. Bildiyim odur ki, hamının xatirində yaxşı adam kimi qalıb. Bir daha Allah rəhmət eləsin, deyirəm.

PJB sədrinin müavini Aqil Aslan:

- Fəttah Heydərov Milli Məclisdə aktiv deputat kimi yadda qalmayıb. Plenar iclaslarda hansısa yadda qalan çıxışını xatırlamıram. Komitə iclaslarının birində isə səhv etmirəmsə, Dəvəçi rayonunun Şabran - fars adı ilə dəyişdirilməsi məsələsinə etiraz etmişdi. Seçicilərinə münasibəti barədə isə məlumatsızam. Bunu ən yaxşı Qəbələ sakinləri bilər. Şəxsi keyfiyyətlərinə gəlincə, Fəttah Heydərov çox mədəni insan idi. Milli Məclisdə hər zaman həm deputat həmkarları ilə, həm parlament jurnalistləri ilə səmimi, mehriban görüşünün şahidi olmuşam. Bir neçə dəfə söhbət etmək imkanım olub, suallarımı cavablandırıb. Bəzi özündənrazı deputatlar var ki, heç adama salam da vermədən ötüb keçirlər. Fəttah Heydərov isə belə deyildi, ayaq saxlayıb hamı ilə salamlaşar, hamının əhvalını soruşardı. Ağsaqqal adam idi. Allah rəhmət eləsin!

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy:

- Haqq dünyasına qovuşduqdan sonra Fəttah müəllim haqqında sosial şəbəkələrdə, mediada yazılan çoxsaylı xoş xatirələr, müsbət fikirlər onun necə insan olduğu barədə qənaətə gəlmək üçün kifayət edir. Mən parlamentdə akkreditasiya olunduğum uzun illər ərzində Fəttah Heydərovu sadə, səmimi, təmkinli bir insan kimi tanıdım. Sözün həqiqi mənasında ağsaqqal statusunda olan bir şəxs idi. Çox gərgin iclaslar olurdu, ancaq o, heç zaman səbrsizlik nümayiş etdirməz, təmkinini pozmaq, daim pozitiv ovqatını qoruyub-saxlayardı. Düzdür, plenar iclaslarda az danışardı, amma mövqeyi hər zaman dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin qorunub-saxlanması, Azərbaycanın inkişaf etdirilməsindən yana idi. Dövlətçi bir insan idi, ölkə rəhbərliyinə sadiq birisiydi. Həm də media nümayəndələrinə sayğılı davranışı ilə seçilirdi. Hər zaman foyedə görünəndə media təmsilçiləri ilə salamlaşar, hal-əhval tutardı, heç vaxt nazir atası olduğunu sezdirməzdi, təkəbbürlü olmazdı, olduqca sadə bir insan idi. Allah rəhmət eləsin!


Etikxəbər.az saytının baş redaktoru Kamil Həmzəoğlu:


- Fəttah Heydərovu 25 ilə yaxındır tanıyıram. Çünki mən 1995-1996-cı illərdən parlamentə gedib-gəlirəm. Həm “525-ci qəzet”i, həm də işlədiyim digər saytları parlamentdə təmsil etmişəm. Hazırda etikxəbər.az saytını təmsil edirəm. Fəttah müəllimlə o qədər yaxın, şəxsi tanışlığım olmasa da, onu yaxından müşahidə etməyə şansım olub. O ağayana, ağrı təbiətli, təmkinli bir insan idi. Çıxışlarında ağsaqqallığını, ağayanalığını göstərirdi. Parlamentdə kimə isə qarşı qəzəb, kin, küdurət, ifadə edən fikirlər səsləndirdiyini görməmişəm. Təbii ki, Fəttah müəllim iqtidaryönlü deputat idi. Heydər Əliyevin ən yaxın silahdaşlarından, dostlarından biri idi. Bununla belə, o hər kəsə öz ağsaqqal münasibətini ifadə etməyə çalışırdı. Xüsusilə dövlətə, Azərbaycan rəhbərliyinə sədaqəti ilə seçilən insan idi. Bir neçə dəfə müsahibə, açıqlama götürmüşəm. Hər zaman mediaya açıq olub. Heç vaxt media nümayəndələri ilə polemikası olmayıb. Hər kəs ona sayğı, hörmətlə yanaşıb. Bu illər ərzində onun hər hansı mətbuat nümayəndəsi ilə, jurnalistlə problemi olduğunu müşahidə etməmişəm. Fəttah Heydərov hər kəsə hörmətlə, ehtiramla yanaşıb. Jurnalistlər də ona həm ağsaqqallığına, həm ağır təbiətinə görə ehtiramla yanaşıblar. Hər zaman şən, şux, gümrah görünürdü. Doğrusu onun vəfatı xəbərini eşidəndə həqiqətən inana bilmirdim. Ağlıma da gəlməzdi ki, Fəttah müəllim bu yaşda rəhmətə gedə bilər. O yaşına görə gümrah, şux, sağlam görünürdü. Milli Məclis buraxılan ərəfədə Fəttah müəllimlə parlamentin liftində qarşılaşdıq. Ona sual verdim, seçkilərdə iştirak edəcəksinizmi? Gülə-gülə dedi ki, “hələ ki yorulmamışıq”. Yenə də deyirəm, onun ölüm xəbərini eşidəndə inanmadım. Allah o dünyasını versin. Nur içində yatsın. Əzizlərinə də səbr diləyirəm.


Oxu.Az-ın əməkdaşı Aqşin Kərimov:


“Fəttah Heydərovu aktiv deputat kimi xarakterizə etməkdə çətinlik çəkirəm. Fəttah müəllimi, parlamentdə çox görmüşəm, həmişə jurnalistlərlə görüşürdü. Bu, onun şəxsi keyfiyyətləri idi. Amma deputat kimi onun aktiv çıxışlarını, təklif verdiyini, qanunvericilik təşəbbüsü ilə çıxış etdiyinin şahidi olmamışam. Bəlkə də nə zamansa olub, amma mən parlament jurnalisti fəaliyyətimdə bunun şahidi olmamışam”.

A.Kərimov qeyd edib ki, eşitdiyinə görə, F.Heydərov seçicilərlə iş baxımından aktiv olub:

“Onun Qəbələdə tez-tez seçici qəbulu keçirdiyini, seçicilərinin problemlərinin həlli üçün əlindən gələni etdiyini eşitmişəm. Eşitdiklərimdən bu qənaətə gəlmişəm ki, Fəttah Heydərovun Qəbələdə hörməti böyük olub. Seçicilərlə iş baxımından aktiv ola bilərdi, amma digər kriteriyalara görə, məncə aktiv deputat siyahısına salmaq olmazdı.

Mərhum deputatla bağlı xüsusi bir xatirəm olmayıb. Bircə o var ki, neçə dəfə müsahibə üçün müraciət etsəm də, alınmayıb”.

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə:

- Şəxsi tanışlığım və təbii ki yaddaqalan xatirələrim olmayıb. Yaxın dostlarımın düşüncələrinə etibar etdiyimdən sağlığında rəhmət qazanan ağsaqqal və ziyalı olub. Allah rəhmət eləsin.

“Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlı:

- Fəttah Heydərov parlamentin ağsaqqalı, ən yaşlı deputatı idi. Daim ağsaqqal sözü, hərəkəti ilə seçilirdi. Xatırlayıram ki, Quba rayonunda gənclərlə görüşümüz var idi. O vaxt Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov təşkil etmişdi. Fəttah müəllim də həmin tədbirdə iştirak edirdi. Həmin vaxtda vahid türk dili yaradılması ideyası gündəmdə idi və bu barədə müxtəlif təkliflər səsləndirildi. Onda mən Fəttah müəllimin də fikrini soruşdum ki, vahid türk dili yaradılması ilə bağlı düşüncəniz nədir? Deputat dedi türk dilində “x” hərfi yoxdur. Biz məsələn, “xırıldamaq” sözünü türk dilində “hırıldamaq” kimi necə verə bilərik? Bu bir qədər mübahisəli araşdırma tələb edən məqamdır. Çox sadə bir misalla Fəttah müəllim mənim nöqteyi-nəzərimdə bu məsələyə son qoymuşdu.

Milli Məclisdə öz sözü, çəkisi ilə sayılan, seçilən deputatlardan biri idi. Ağsaqqallar Şurasının sədri, ağsaqqal deputatımız idi. Allah rəhmət eləsin!

Mənbə: modern.az