"Dövlət yeni yanaşma ilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək"

"Dövlət yeni yanaşma ilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək"

"Ötən gün koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilmiş müşavirədə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin bir sıra önəmli məqamlara toxunub".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Prezidentin müşavirədə qeyd etdiyi kimi dövlət şirkətləri də bazar iqtisadiyyatı prinsipi əsasında işləməlidir:

"Yeni idarəetmə sisteminin qurulmasının önəmini diqqətə çatdıran dövlət başçısı israfçılığın qarşısının alınması, səmərəsiz layihələrin yolverilməzliyi, dövlət büdcəsi formalaşarkən irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi və bu işdə ciddi nəzarətin tətbiqi zəruriliyini bildirdi. Cənab Prezidentin xərclərə dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi, bu sahədə ictimai nəzarətin əhəmiyyəti, alimlərin, qeyri-hökumət təşkilatlarının, mütəxəssislərin, media nümayəndələrinin bu prosesdə iştirakı, təkliflər irəli sürməsi fikirlərinin öyrənilməsinin əhəmiyyəti diqqətə çatdırıldı.

Müşavirədə dövlət büdcəsindən maliyyələşən bəzi dövlət şirkətlərinin və qurumlarının fəaliyyətinin qanaətbəxş olmadığı da bildirildi. Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi, "Azərenerji", AZAL, Azərbaycan Dəmir Yollarına dövlət büdcəsi hesabına milyonlarla vəsait xərcləndiyi vurğulandı.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir. Orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Dövlət şirkətləri də bazar iqtisadiyyatı prinsipi əsasında işləməlidir. Prezident tərəfindən dövlət şirkətlərinin işinin ciddi təftiş edilməsi və yeni idarəetmə sisteminin qurulması tapşırıldı. Bu sahəyə nəzarət gücləndirilməlidir".

Politoloq qeyd edib ki, iqtisadiyyatın liberallaşdırılması öz aktuallığını qoruyur:

"Yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər dövlət başçısına təqdim ediləcək.

Bütövlükdə iqtisadiyyatın liberallaşdırılması öz aktuallığını qoruyur. Son vaxtlar bu sahədə aparılan təhlillər deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Xarici və yerli investorlara biznes planların təqdim olunması da gündəlikdədir. Xüsusi qeyd etmək istəyirəm ki, gələcəkdə dövlət-özəl sektor tərəfdaşlığının konkret layihələr əsasında özünü göstərməsi gözlənilir. Dövlət yeni yanaşma ilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək".

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az