Millət vəkili tətbiq edilməli olan yeni idarəetmədən danışdı ÖZƏL - AÇIQLAMA

Millət vəkili tətbiq edilməli olan yeni idarəetmədən danışdı  ÖZƏL - AÇIQLAMA

"Dövlət şirkətlərinə ayrılan vəsaitlərin bəzi hallarda elə də əhəmiyyətli olmayan layihələrə sərf edildiyinə diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, dövlət şirkətləri bundan sonra daha çox korporativ idarəetmə əsasında işləməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsi Cavid Osmanov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatında yeni mənzərənin meydana çıxmasına səbəb oldu:

"Belə demək mümkündürsə dünyanın yeni düzənə daxil olması, yeni idarəetmə qaydalarının tətbiq olunmasını şərtləndirir. İqtisadiyyat həyatımızın bütün sahələri ilə əlaqəlidir və dövrün tələblərinə uyğun addımların atılması mütləqdir. Ötən gün cənab Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə görülən işlərlə yanaşı qarşıda duran vəzifələr haqqında da geniş məlumat verdi. Prezident özünün proqram xarakterli çıxışı ilə yaxın zamanda ölkə iqtisadiyyatında tətbiq edilməli olan idarəetmənin konturlarını cızmış oldu. Dövlət şirkətlərinə ayrılan vəsaitlərin bəzi hallarda elə də əhəmiyyətli olmayan layihələrə sərf edildiyinə diqqət çəkən Prezident bildirdi ki, dövlət şirkətləri bundan sonra daha çox korporativ idarəetmə əsasında işləməlidirlər".

Millət vəkili Cavid Osmanov bildirib ki, yeni iqtisadi və korporativ idarəetmənin qurulması ilk növbədə dövlət şirkətlərinin iş effektivliyini təmin edəcək ki, bununla da daha vacib layihələr həyata keçiriləcək və bir o qədər əhəmiyyət daşımayan işlərə əlavə vəsaitlər və izafi xərclər sərf olunmayacaq:

"Eyni zamanda şirkətlər qarşılıqlı əməkdaşlıq şəraitində işlərini quracaqlar. Haradan başlamaq məsələsinə gəldikdə isə hesab edirəm ki, cənab prezident müşavirədə çıxışı zamanı bir sıra şirkətlərin adını qeyd etdi. Hər-halda bu hökumətin səlahiyyətindədir və artıq dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər cənab prezidentə təqdim ediləcək və biz bu günə qədər ölkəmizdə həyata keçirilən davamlı islahatların növbəti mərhələsinin şahidi olacağıq".

 

Mənbə: sia.az