Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir SERDAR ÜNSAL AÇIQLADI...

Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir SERDAR ÜNSAL AÇIQLADI...

Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının başqan yardımçısı Serdar Ünsal bildirib.

İğdırda fəaliyyət göstərən “Yeşil İğdır” qəzetinə danışan Ünsal deyib ki, bu məqsədlə artıq bəzi livanlı ermənilər Qarabağa göndərilib. Onun sözlərinə görə, ermənilər həmişə əllərinə keçən fürsətdən istifadə edib türk düşmənçiliyinə yönəlmiş addımlar atırlar. İndi isə onlar Beyrutda baş vermiş partlayışdan istifadə edərək livanlı ermənilərin bir qrupunu Qarabağa yerləşdirmək istəyirlər.

Ünsal xatırladıb ki, bundan əvvəl Ermənistan Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək suriyalı ermənilərin bir qismini Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirmişdi. “İndi isə Beyrutda baş vermiş partlayışda ermənilərin zərər gördüyünü iddia edərək Livan Erməni İnqilabi Federasiyası “Daşnaksütun”un gənclər təşkilatı tərəfindən liviyalı ermənilərin Qarabağa yerləşdirilməsinə hazırlıq gedir. Bu plana dərhal müdaxilə edilməlidir”,-Serdar Ünsal bildirib.

O, xatırladıb ki, daha əvvəl də qondarma “dqr”-in “parlament rəhbəri” Aşot Qulyan Livandakı erməni daşnaklarının nümayəndələri ilə görüşərək onları Qarabağ yerləşməyə dəvət etmişdi.

“İndi partlayışı fürsət bilərək qruplar halında Qarabağa yerləşməyi planlaşdırırlar. Hədəf Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriyadan, Livandan, digər ölkələrdən gətirilən ermənilər Dağlıq Qarabağla yanaşı ətraf rayonlarda-Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda yerləşdirilir”,-o deyib.

Ünsal bildirib ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmanı genişləndirməsi onun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığını göstərir. “ATƏT, onun Minsk Qrupu , BMT, digər beynəlxalq təşkilatlar dərhal bu məsələyə müdaxilə edərək Ermənistanın işğal etdiyi ərazilərə suriyalı, livanlı erməniləri yerləşdirməsini dayandırmalıdır. Azərbaycan dövləti məsələni dərhal BMT-nin müzakirəsinə çıxarmalıdır”,-o əlavə edib.

Virtualaz.org

Mənbə: virtualaz.org