Rusiya 26 ildir prezidentlik edən Lukaşenkonu devirəcəkmi? – Politoloqdan AÇIQLAMA

Rusiya 26 ildir prezidentlik edən Lukaşenkonu devirəcəkmi? – Politoloqdan AÇIQLAMA

Avqustun 9-da Belarusiyada prezident seçkiləri keçiriləcək. 1994-cü ildən bu günə qədər ilk dəfə Lukaşenko çətinliklə üzləşib. Ölkədə etiraz aksiyası təşkil etməyə çalışan Rusiyaya aid özəl hərbi şirkətin əməkdaşları tutulub. Belarusiyada ilk dəfə müxalif namizədin mitinqində 60 mindən çox adam iştirak edib. Xarici mətbuatda Rusiyanın Lukaşenkonu devirmək planları barədə çox sayda məqalələr yayımlandı. Görünür ki, bu seçki əvvəlkilərdən fərqli keçəcək. Bu barədə politoloq Elxan Şahinoğlu ilə danışdıq.

Politoloq

Yeniavaz.com-a açıqlamasında bildirdi ki, nəticə nə olur olsun Lukaşenko öz prezidentliyi təsdiq etdirəcək:

“Bu da təbii ki, müxalifətin narazılığına səbəb olacaq. Mümkündür ki, müxalifət küçələrə axışsın və qarşıdurma olsun. Burada əsas məsələ Rusiyanın özünü necə aparacağıdır. Rusiya bütün hallarda Belarusiyanın da Ukrayna kimi əldən çıxmağına imkan verməyəcək. Hər cür ssenari hazırlanır ki, Belarusiya Rusiyanın caynağından çıxmasın. Misal üçün Lukaşenko seçkidən sonra ağır vəziyyətə düşə və Rusiyadan hərbi kömək istəyə bilər. Burada digər vacib məsələ isə prezidentliyə namizədliyi təsdiq olunmayan və ölkəni tərk edən Rusiyaya bağlı simalardı. Rusiya onlardan birinin hakimiyyətə gəlməsini istəyə bilərdi. Onlara qarşı Lukaşenkonun bu addımı Rusiyanın narazılığına səbəb ola bilər. Hansı variant olur-olsun Rusiya Belarusiyanı əldən buraxmayacaq. Əgər təhlükə olsa Ukraynanı parçalamağa çalışdığı kimi, Belarusiyada da qarışıqlıq salasaq. Hətta bir çox rus millətçiləri çıxışlarında qeyd edirlər ki, Belarusiya adlı dövlət olmayıb. Oranın bir hissəsi qədim Rusiya torpaqlarıdır. Bu cür məsələlər yenidən gündəmə gələ bilər”.

Elxan Şahinoğlu bildirdi ki, Belarusiyada tutulan rusiyalı qrup məsələsi barədə dəqiq bir söz demək çətindir. Bu barədə müxtəlif versiyalar var:

“Belarusiyada etiraz aksiyaları təşkil etməkdə təqsirli bilinən və saxlanılan Rusiya vətəndaşları barədə müxtəlif versiyalar var. Onlar Rusiyada olan müxtəlif qrupların işi ola bilər. Çünki, indiki halda Lukaşenkonun getməsi Rusiyanın maraqları daxilində olmamalıdır. Həmin qrupun Belarusiyada olması mənim üçün də sual altında qaldı. Bu Lukaşenkonun özünü qərbə göstərmək üçün atdığı hər hansı addım da ola bilərdi. Çünki, son illər ABŞ Belarusiya qarşı bəzi sanksiyaları ləğv etdi. Pompeo Lukaşenko ilə görüşmək üçün Minskə gəldi. Bu özü ondan xəbər verir ki, Qərb Lukaşenkonun Rusiya ilə münasibətlərinin zəifləməsindən istifadə etməyə başlayıb. Bu da Lukaşenkonun maraqlarına xidmət edir ki, ikili oyun oynasın”.

Politoloqun sözlərinə görə, Belarusiyadakı seçkilər sakit keçməyəcək. Çünki, ilk dəfə Belarusiya vətəndaşları arasında müxalifətə dəstək verən bu qədər insan var:

“90-cı illərdən bugünə qədər Belarusiya tarixində ilk dəfə müxalifət bu qədər tərəfdar toplaya bildi. Svetlana Tixanovskaya bir mitinqinə 63 min adam yıxıb. Hiss olunur ki, gənclər ona dəstək verir. Ancaq seçkidən sonra müxtəlif iğtişaşların olması gözlənilir, Lukaşenko bunun qarşısını polis gücünə ala biləcək”.

Ruslan Yusibov

Mənbə: www.yeniavaz.com