“Ermənistan diz üstə çöküb...” - Ter-Petrosyan 22 il öncə xəbərdarlıq etmişdi

“Ermənistan diz üstə çöküb...” - Ter-Petrosyan 22 il öncə xəbərdarlıq etmişdi

İşğalçı ölkədə təzə xilaskar və qurtuluş axtarışı başlayıb, amma yenə yanlış ünvanlarda; erməni publisist: “Ölkə sürətlə və məqsədyönlü şəkildə dağıdılır...”

Ermənistanın bölgədə artıq “izqoy” (“tullantı”) dövlətə çevrildiyini ermənilər getdikcə daha aydın şəkildə dərk etməkdədirlər. Eyni zamanda, bunu açıq etiraf etməyə başlayıblar. Koronavirus isə işğalçılıq siyasətinə görə blokada vəziyyətinə düşmüş ölkənin irili-xırdalı bütün problemlərini daha qabarıq formada göz önünə sərib.

Lakin düşmənin Tovuz istiqamətində son hərbi təxribatı göstərdi ki, Nikol Paşinyan hökuməti ölkənin düşdüyü dərin quyudan çıxarmaq üçün hələ də tam yanlış yöndə baş sındırır, iki əsas qonşu dövlətə - Azərbaycan və Türkiyəyə qarşı sələfləri kimi şantaj siyasəti aparmağa üstünlük verir, lüzumsuz və aqressiv ritorika sərgiləyir. Halbuki zaman dönə-dönə təsdiqləyib ki, Ermənistan üçün problemlərin başında gələn Dağlıq Qarabağ ixtilafı yoluna qoyulmayınca, iki əsas qonşu dövlətlə sərhədlər və kommunikasiyalar açılmayınca, münasibətlər normal məcraya düşməyincə, erməni xalqı nicat və inkişaf yoluna çıxa bilməyəcək - hakimiyyətdə hansı qüvvə olur-olsun.

*****

Əfsus ki, bu sadə məntiqdən çıxış etmək əvəzinə, özünün təcavüzkar siyasətinin girovuna çevrilmiş, bütün iri regional layihələrdən kənarda qalaraq böyük gəlirlərdən məhrum olmuş qonşu ölkənin rəsmiləri hələ də “çəhrayı arzular”la yaşayır, öz xalqını yaramazcasına aldatmağa davam edirlər. Sərhəd avantürası bunu bir daha bariz şəkildə ortaya qoydu. ABŞ-dakı səfirimiz Elin Süleymanovun doğru vurğuladığı kimi, “bölgədə inkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü indi gündəmdə saxlamağa çalışır”.

Erməni hərbi qüvvələri tərəfindən fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən az aralıda yerləşən sərhəd ərazimizə hücumdan söhbət gedir. Bununla təcavüzkar ölkənin nəinki regional təhlükəsizliyə, həmçinin qlobal güclərin, Qərbin maraqlarına meydan oxuyub onları şantaj etməyə çalışdığı göz önündədir.

Ancaq bu səylərin heç biri rəsmi İrəvana siyasi dividend gətirmədi, gətirə bilməzdi. Əksinə, Tovuz olaylarından sonra işğalçı Ermənistanın iç üzü, gerçək məqsədləri heç vaxt olmadığı qədər dünyada, özəlliklə Avropa və ABŞ-da faş oldu. Bumeranq effekti kimi onun özünə qayıtdı. Hamı gördü ki, bölgədə böyük sülh və təhlükəsizliyə, elə erməni xalqının özünün gələcəyinə də yeganə və ən böyük təhlükə Ermənistandır, onun işğalçı siyasətidir...

*****

Belə siyasətin sonu nə olmalı idisə, o da oldu. Vaxtilə (1998) Ermənistanın 1-ci prezidenti, erməni liderlərinin ən praqmatik düşüncəlisi sayılan Levon Ter-Petrosyan Qarabağa dair Azərbaycanla mərhələli həll planını qəbul etməyin zəruriliyindən danışarkən demişdi ki, “biz bu varianta razılıq verməsək, gələcəkdə yalvaracağıq, çünki Azərbaycan güclənəcək, biz zəifləyəcəyik” (Həmin plana görə, Dağlıq Qarabağın statusu sonrakı mərhələyə saxlanılırdı).

Buna görə Ter-Petrosyanı xain elan edib hakimiyyətdən devirdilər. Sonrası məlumdur. Azərbaycan gerçəkdən də gücləndi, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars strateji əhəmiyyətli dəmir yolu - hamısı Ermənistandan yan keçdi, tezliklə ondan yan keçəcək və Azərbaycanı Qərbə daha möhkəm bağlayacaq daha bir strateji qaz xətti - Cənub Qaz Dəhlizi işə düşəcək. Ermənistan isə hələ də qaldığı yerdədir, özlərinin etiraf elədikləri kimi, “tullantı” ölkəyə çevrilib.

Maniakal ideyalarla, Azərbaycan və Türkiyəyə qarşı maksimalist və həyasız tələblərlə yaşayan ermənilər Ter-Petrosyanı qiymətləndirə bilmədilər. Bu da acı mənzərə - indi bataqlıqdan çıxmaq üçün lider axtarırlar...

*****

“Ermənistan hakimiyyəti çox çətin vəziyyətdədir. İndiyədək Ermənistanda durumu dəyişdirə və ölkəni üzüqoylu vəziyyətdən, diz üstündən qaldıra biləcək bir lider yoxdur”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni yazıçısı, politoloq Arsrun Pepanyan 168.am erməni nəşrinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldiyi vaxt insanlarda bir müsbət hiss var idi, bir çoxu Paşinyana inanırdı. “Ancaq onun sözləri boş çıxdı, insanlar məyus oldular. Digər şeylər arasında ölkə lideri və komandasının müəyyən suallara cavabları olmalı idi: ”Gəldik, ölkəni bu vəziyyətdən necə çıxarmağa hazırlaşırıq?" - Pepanyan bildirib.

O hesab edir ki, erməni xalqı oyanmalı və bu hakimiyyəti qovmalıdır. “Allah Paşinyanı göndərib ki, cəmiyyətdə neqativ şok yaratsın, insanlar ölkənin dağıldığını hiss etsinlər. Ermənistan onsuz da dağılırdı, ancaq bu, yavaş proses idi. İndi isə Paşinyan Ermənistanı sürətlə və məqsədyönlü şəkildə dağdır”, - deyə erməni publisist əlavə edib.

*****

Bu prosesi hələ ki, durdurmaq mümkündür. Yetər ki, erməni xalqını yönəldənlər “göydən yerə” ensinlər və acı gerçəyin gözünün içinə baxsınlar. İşğalçı ölkədə yenidən xilaskar və qurtuluş axtarışı başlayıb. Amma deyəsən, yenə də yanlış ünvanlarda. Dəqiq ünvanı isə dedik... (musavat.com)

 

 

Mənbə: moderator.az